Məktəbdə qətl: 9-cu sinif şagirdi niyə cinayət törətdi?

Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticələnib. Hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında baş verib. Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təəssüflər olsun ki, cəmiyyətdə artan aqressivlik özünü yeniyetmə və azyaşlıların münasibətində də büruzə verir. Hətta bu aqressiyanın nəticəsi kimi zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə vaxtaşırı məlumatlar da yayılır.

Bəs cəmiyyətdəki aqressiyanın məktəblərə sıçramasının səbəbi nədir? Bunun qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq-pedaqoq Zeynəb Əyyubova bildirib ki, problemin həlli üçün müəllim-valideyn-məktəb psixoloqundan ibarət şəbəkənin formalaşması vacibdir:

“Məktəblərdə psixoloqların sayı artırılmalıdır. Bu psixoloqlar da təkcə psixolojiya fakültəsini bitirmiş şəxslər deyil, bu barədə təlimlər almış, praktik olaraq hər dəfə yenilənən insanlar olmalıdır. Onlar bu sahədə həqiqətən savadlı şəxslər olmalıdır.

Bundan əlavə, valideynlər boşannada və ya ayrı qalanda, bir-birləri ilə problemləri olanda mütləq şəkildə uşaqlara psixoloji yardım göstərilməlidir, bu, mütləqdir. Valideynlər uşaqlarda aqressiya gördükləri zaman bunun bərpası ilə məşğul olmalıdırlar”.

Psixoloqun sözlərinə görə, valideyn övladında şiddətə meyillilik, aqressiya müşahidə edərsə, mütləq bunun qarşısını almaq üçün mütəxəssislərə müraciət etməlidir:

“Bəzən bizim valideynlər uşaq döyüləndə, əziləndə bunu problem edirlər, lakin öz uşağı başqasını döyəndə, ona bullinq edəndə bunu problem hesab etmirlər.

Bütün bunların fonunda məktəb, valideyn və uşaq arasında bir üçbucaq yaradılmalıdır. Bucağın bir ucu məktəb, bir ucu övlad, bir ucu da valideyn olmalıdır. Burada valideyn deyəndə tək ana nəzərdə tutulmamalıdır, valideyn həm də atadır. Onlar uşağın məsuliyyətini bərabər formada öz üzərlərinə almalıdırlar.

Birmənalı olaraq, bu işin üzərində kompleks çalışma, maarifləndirmə işləri aparılması, cəzaların olması vacibdir. Bu gün məktəblər də nə edəcəklərini bilmirlər, məsələn, valideyn olaraq bir uşaqdan şikayət edəndə məktəbin ixtiyarı çatmır ki, həmin uşağa anında uzaqlaşdırma versin və ya məktəbin ciddi tədbirlər görsün. Ona görə də bu cür mənfi halların aradan qaldırılması üçün məsələ kompleks şəkildə həll edilməlidir”.

07.05.2024 19:17
1125