Səyahət bloqeri Vladimir Kosarov (əsl soyadı Komarov) Meksikada narkokartel tərəfindən qaçırılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, bloqer Nuevo Laredo bölgəsində olub. Onun sözlərinə görə, naməlum şəxslər ona yaxınlaşaraq 2 saat sorğu-sual ediblər, sonra onu gecələmək üçün özünün əvvəllər qurduğu çadıra göndəriblər.
Bu an Komarov qorxduğunu bildirib və geolokasiyasını izləməyi xahiş edib.
“Səyahətçinin narahat izləyiciləri polisə zəng etməyə çalışsalar da, onlara səfirliklə əlaqə saxlamalı olduqları bildirilib”, - nəşr yazır.
Bir gün sonra bloqer əlaqə saxlayıb. O, "hər cür qəribə yerlərə" aparıldığını və birlikdə səyahət etdiyi insanların daim qeyri-qanuni maddələrdən istifadə etdiyini söyləyib. Komarovu zorla özləri ilə gəzdirənlər onu Monterey şəhəri yaxınlığında maşından düşürüblər və ondan bir daha Laredoya gəlməməsini tələb etdilər.
Bundan sonra rus bloqer yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında gecələmək qərarına gəlib.
Aprelin əvvəlində bloqer Kolumbiyada cəngəlliyi fəth edərkən yoxa çıxmışdı.
Belə bir ehtimal da var ki, Komarov bu qorxulu hekayəti bloquna daha çox izləyici cəlb etmək üçün düşünüb.
Musavat.com