Meksikada keçirilən prezident seçkilərində ikinci olmuş müxalifət lideri Soçitl Qalvez seçki məntəqələrinin 80%-də səslərin yenidən hesablanmasını tələb edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qadın siyasətçi bunu X (keçmiş Twitter) səhifəsində yayımlanan videomüraciətində bildirib.
“Biz seçki məntəqələrinin 80 faizində səslərin yenidən sayılmasını tələb edəcəyik. İndiyə qədər Milli Seçki İnstitutu seçki məntəqələrinin 60 faizində səslərin yenidən hesablanmasına razılıq verib”, - deyə Qalvez bildirib.
Onun sözlərinə görə, səslərin yenidən hesablanması tələbinə səbəbi konkret seçki məntəqələrinin protokollarında göstərilən rəqəmlərlə seçkilərin ilkin nəticələrinin elektron proqramında əks olunan məlumatlar arasında müəyyən edilmiş uyğunsuzluqlardır.
Musavat.com