Məhkum səs verə bilər, ağır cinayət törədibsə, seçilə bilməz – SEÇKİ HÜQUQUNUN İNCƏLİKLƏRİ

Bu gün, 1 sentyabr Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan məhbuslar seçki hüquqlarından istifadə edirlər.

Bu məqsədlə ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, cəzaçəkmə müəssisələrində də sərbəst seçimi təmin edəcək əlverişli seçki mühiti yaradılıb. Seçki məntəqələri zəruri avadanlıqlar və texniki vasitələrlə təchiz olunub. Azərbaycanda səsvermə səhər saat 8.00-da başlayıb, axşam saat 19.00-a kimi davam edəcək. Seçki günü ölkədə və xaricdə 18 yaşı tamam olmuş, səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları seçkilərə qatıla bilərlər.

Səfərbərlik Xidmətində təmizləmələr başladı - şöbə rəislərinin ardınca kim  qandallanacaq?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a məhkumların və ümumi olaraq vətəndaşların seçki hüquqlarının incəliklərinə aydınlıq gətirib.

Ekspert deyib ki, seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə təsirini ifadə edən, dövlət hakimiyyətini legitimləşdirən əsas siyasi hüquqları sırasındadır:

“Respublika quruluşlu dövlətlərdə seçki hüququ vətəndaşların seçmək və seçilmək hüququndan istifadə imkanlarını artırır, bu hüquqdan dövlət hakimiyyətinin ali orqanlarının formalaşdırılmasında ən düzgün imkan olaraq istifadə edilməsinə zəmin yaradır. Seçmək və seçilmək, hüquqi terminlərlə desək aktiv və passiv seçki hüququ şəklində həyata keçirilir. Seçki hüququ vətəndaşların dövlət və bələdiyyə orqanları üzvlərini seçmək, habelə referendumda həlledici səslə iştirak etmək hüququdur, bu hüquqa 18 yaşına çatmış hər kəs malikdir. Passiv seçki hüququ vətəndaşın seçkidə dövlət və bələdiyyə orqanlarına seçilmək hüququdur. Eyni zamanda cəzaçəkmə müəssisələrində olan məhkumların da səsvermədə iştirak hüququ var və bunun üçün müvafiq şərait yaradılır, məhkumlar istənilən seçkidə aktiv şəkildə iştirak edirlər. Seçmək hüququ ilə bağlı məhkumlara məhdudiyyətlər tətbiq edilə bilməz. Aktiv seçki hüququndan bəhs edərkən, 18 yaşına çatmış hər bir Azərbaycan Respublikasının vətəndaşı bu hüquqlara malikdir. Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin, fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslərin, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin, o cümlədən xaricdə yaşayan azərbaycanlıların bu hüququ həyata keçirmək üçün qaydalar var.  Xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Seçki Məcəlləsinə görə müəyyən hallarda aktiv seçki hüququ (səs vermək hüququ) var. Seçki Məcəlləsinin 12.2-ci maddəsinə görə vətəndaşlığı olmayan şəxslər 5 ildən az olmayaraq Azərbaycan ərazisində daimi yaşayırlarsa referendumda, Milli Məclisə seçkilərdə, Prezident seçkilərində və bələdiyyə seçkilərində səsvermələrdə iştirak edə bilərlər. Əlbəttə, bu zaman digər seçicilər üçün zəruri olan özəlliklər bu seçicilər üçün də keçərlidir. Onlar 18 yaşını tamamlamış olmalı, qanunda nəzərdə tutulan formada seçki hüququnu itirməməlidirlər. Seçki Məcəlləsinin 12.3-cü maddəsi ilə xarici ölkə vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququ tanınır. Lakin bu hüququn həyata keçirilməsi üçün müəyyən şərtlər nəzərdə tutulub. Xarici ölkə vətəndaşları müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşamalı və onun vətəndaşı olduğu ölkənin qanunvericiliyində xarici ölkə vətəndaşlarına bələdiyyə seçkilərində səsvermə hüququ tanınmalıdır. Fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslər seçmək və seçilmək hüququndan məhrumdurlar. Bunun əsas səbəbi bu qrup şəxslərin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsidir. Məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan olunmayan şəxslər, hətta ruhi xəstə olmasına baxmayaraq seçmək hüququndan məhrum olmur. Qeyd edilən hallardan başqa digər hallarda vətəndaşların seçmək hüququ məhdudlaşdırıla bilməz. Məhkumların da səsvermə hüququ təmin olunur.

Qeyd etməliyəm ki, seçki hüququnun əhəmiyyəti cəmiyyət üçün çox böyükdür. Burada konkret şəxslərin deyil, bütöv halda cəmiyyətin mənafeyi nəzərdə tutulur. Seçki hüququ hakimiyyətin formalaşdırılmasının hüquqi əsası olmaqla siyasi qüvvələrin ölkənin inkişafında irəli sürdükləri proqramları və siyasi əhval-ruhiyyəni aşkara çıxarır”.

Natiq Ələsgərov deyib ki, Seçki Məcəlləsinə əsasən məhkəmənin qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər; məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər seçilmək hüququna malik deyillər:

 “Bu o deməkdir ki, həmin şəxslər passiv seçki hüququndan istifadə edə bilməzlər. Başqa sözlə desək, bu şəxslər istədikləri namizədə səs verə bilərlər, lakin özlərinin seçilməsinə qanunla yol verilmir”.

Natiq Ələsgərov bildirib ki, xaricdə yaşayan seçici qeydiyyatında olan vətəndaşlarımız da aktiv seçki hüququna malikdir. Seçki hüququnu təmin etmək məqsədi ilə nisbətən daha çox azərbaycanlıların yaşadığı 60-dan artıq ölkədə onların səs verməsi üçün hər cür şərait yaradılır.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

01.09.2024 12:56
402