Məhkəmə kirpikləri tökülən, gözləri əyilən Xalq artistinin iddiasını təmin etmədi

Nəsimi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın həkim Sevinc Heydərovaya və onun çalışdığı “International Medical Centre”ə qarşı iddiasına baxılıb.

Musavat.com xəbər verir ki, 1 il davam edən məhkəmə çəkişməsinin sonunda Flora Kərimovanın həkimə və klinikaya qarşı 30 min manatlıq iddiası təmin edilməyib.

Flora Kərimova iddiası ilə bağlı bunları deyib:

“Məni inandırdı ki, göz ətrafında plastik əməliyyata ehtiyacım var. Özü də könüllü şəkildə əməliyyata ödənilməli məbləğdən imtina etdi. Əməliyyat onun iş karyerasına böyük təkan olacaq, daha geniş auditoriyaya tanıdacaqdı. Özünüreklam üçün mənim sağlamlığıma ziyan vurdu”.

Müğənninin iddiasına görə, televerilişlərin birində tanış olduğu Sevinc Heydərova öz reklamından ötrü onun sağlamlığına ciddi ziyan vurub.

“International Medical Centre”də müğənninin hər 2 gözünün ətrafında əməliyyat aparılıb. O, əməliyyatdan sonra kirpiklərinin tökülməsindən, gözlərinin əyilib eybəcərləşməsindən şikayətlənir.

Təkrar əməliyyata ehtiyac duyduğunu söyləyən Flora Kərimova deyir ki, xaricdə bu əməliyyatın qiyməti 30 min manatdır və bu səbəbdən həmin pulu klinika və həkimdən tələb edib. O, məhkəmədə də 30 min manatlıq tələblə iddia qaldırmışdı.

Xalq artistinin 83 yaşı var və daha bir iddiası budur ki, onu əməliyyat edən Sevinc Heydərova ixtisasca cərrah deyil, fizioloqdur. Dediyinə görə, bu məlumatı da əməliyyatdan sonra bilib. İstər klinika, istərsə həkim Flora Kərimovanın iddialarını qəbul etmir. Klinikanın nümayəndəsi də, Sevinc Heydərova da müğənninin səsləndirdiyi ittihamların əsassız olduğunu deyirlər.

Təhsili, ixtisası barədə məhkəməyə sənədlər təqdim edən həkim Flora Kərimovanın ona böhtan atdığını bildirib. Sənədlərdə göstərilib ki, Sevinc Heydərova 2009-cu ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirib və öncə həkim-nevropatoloq işləsə də, 2021-ci ildə həkimlərin sertifikasiyasından keçərək plastik cərrah kimi fəaliyyət göstərməyə icazə alıb. Klinikanın arayışında isə yazılıb ki, Flora Kərimova onlara üz tutarkən əvvəllər bir neçə dəfə müxtəlif həkimlərin onun göz qapağını əməliyyat etdiyini, sonradan fəsadlar yarandığını söyləyib. Onlardan elə həmin fəsadların aradan qaldırılmasını istəyib. Bu mübahisəyə təxminən bir il ərzində Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmə dövründə ekspertiza təyin edilib. Ekspertlər göz qapaqlarında əməliyyatdan sonra çapıq toxuması, alt göz qapaqlarında dəri defekti, üz nahiyəsində asimmetriyanın olduğunu müəyyənləşdirib. Di gəl, Flora Kərimova öncə də, sonra da bir neçə dəfə əməliyyat keçirdiyindən bu fəsadların hansı əməliyyatdan sonra yarandığını aydınlaşdırmaq mümkün olmayıb.

“Pasiyentin yaşını, dəri turqorluğunu, dəri elastikliyini, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq, texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verdiyini söyləmək mümkün deyil”, - ekspertizanın rəyi belədir.

Bu rəyə dayanan hakim bir il sürən məhkəmə araşdırmalarının sonunda Flora Kərimovanın 30 minlik iddiasını rədd edib.

Flora Kərimova qərardan apellyasiya şikayəti verəcəyini deyib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

03.07.2024 15:51
3120