Məhkəmə-Hüquq Şurasının üzvləri, 1-ci instansiya məhkəmələrinin hakimlərinin və Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndəsindən ibarət tərkib Türkiyə Respublikasında rəsmi səfərdə olub.
Musavat.com xəbər verir ki, səfərin məqsədi məhkəmələrdə işin təşkili vəziyyəti, məhkəmə fəaliyyətində monitorinq və məhkəmə statistikasının aparılması qaydaları ilə tanış olmaq, o cümlədən müvafiq sahələrdə beynəlxalq təcrübəni öyrənmək olub.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasında, Ali Məhkəmədə, Ədliyyə Akademiyasında, Ankara Ədliyəsində və İnformasiya Texnologiyaları Baş İdarəsində görüşlər keçirib. Görüşlərdə Hakimlər və Prokurorlar Şurasının strukturu, iş prinsipləri və monitorinqlərin aparılması qaydaları barədə geniş məlumat əldə olunub.
Bundan əlavə, Milli Məhkəmə Şəbəkəsi Layihəsinin elektron funksional imkanları öyrənilib, praktiki olaraq məhkəmə çəkişməsi izləmək imkanı yaranıb. Məhkəmə monitorinqi və statistikası sahəsində əldə edilən bilik və təcrübələrin, Azərbaycan məhkəmə sisteminin təkmilləşdirilməsi üçün faydalı olacağı vurğulanıb. Bu səfər həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkəmizdəki məhkəmə sisteminin daha şəffaf və səmərəli işləməsi məqsədinə xidmət edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com