“Məhəmməd avqustun 10-u Azərbaycana qayıdacaqdı...”

Xəbər verdiyimiz kimi, iyulun 30-u yerli vaxtla saat 22 radələrində İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bro adlanan hissəsində yaşadığı evdən 400 metr aralıda Azərbaycan vətəndaşı Məhəmməd Xankişiyev güllələnərək qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, İsveçin expressen.se saytı hadisə ilə bağlı Məhəmmədin Şirvan şəhərində yaşayan ailəsi ilə əlaqə saxlayıb.

Mərhumun atası Rafael Xankişiyev sayta açıqlamasında oğlunun 2011-ci ildən İsveçdə yaşadığını bildirib. O, oğlunun avqustun 10-u Azərbaycana qayıtmağı planlaşdırdığını deyib:

“Oğlumun cinayətkarlarla heç bir əlaqəsi yox idi. Məhəmməd həmişə şən və pozitiv olub. Onun qızıl ürəyi var idi. Qətldən bir gün əvvəl Məhəmmədlə vatsapda iki saata yaxın söhbət etmişik. Onun avqustun 10-da məzuniyyətə çıxaraq Azərbaycana gələcəyini səbirsizliklə gözləyirdik. Bizə daim pul göndərirdi, gələndə nə hədiyyə istədiyimizi soruşmuşdu”.

Ailəsindən bildirilib ki, Məhəmməd İsveçə mühafizəçi işinə düzəlmək üçün gedibmiş: “2011-ci ildə mühafizəçilər kursuna müraciət edə bilmək üçün vətəndaşlıq almaq barədə müraciət etməyi düşünərək İsveçə getdi. On ildən çox idi ki, Stokholmun mərkəzindəki məşhur restoranların birində barmen işləyirdi”.

O da məlum olub ki, Məhəmmədin əmisi Ələddin Usubov da Stokholmda yaşayır və ailəsinə pis xəbəri o verib: “Övladımızın başına nə gəldiyinə dair qeyri-müəyyənlik bizə əzab verir. İsveç hakimiyyət orqanlarından hadisə barədə çox məlumat ala bilmirik. Nə oldu, niyə vuruldu, necə oldu? Onu kim vurdu?”

Qeyd edək ki, Stokholmun bölgə prokuroru Cenni Östlinq İsveç mətbuatına açıqlamasında istintaqın tamamlanmadığını, lakin hadisənin yanlış atəş səbəbindən baş verə biləcəyini deyib: “Qətlə yetirilən şəxs polisdə ümumiyyətlə tanınmayan şəxsdir. Onun əvvəldən tanınmamasını nəzərə alsaq, bunun səhv bir atəş ola biləcəyi fikri yaranır”.

Şəhərin polis idarəsindən isə bildirilib ki, hadisə ilə əlaqədar hələlik saxlanılan yoxdur.

09.08.2024 12:23
1584