Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirə keçirilib.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif istiqamətli maarifləndirmə layihələri intensiv şəkildə davam edir.
Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə yanvarın 11-də Bakı şəhərində bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib.
Layihənin gerçəkləşdirilməsində başlıca məqsəd media subyektlərinin Prezident seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Tədbir Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov və Mətbuat Şurasının sədri Rəşad Məcidin açılış nitqləri ilə başlayıb.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri” mövzularında çıxış ediblər.
Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə də ətraflı məlumat verilib.
Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, aparıcı media subyektlərinin rəhbərləri və nümayəndələrinin də iştirak etdiyi müşavirə mövzular ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsindən sonra öz işini yekunlaşdırıb.//“Report”