2024-cü ilin yanvarında 1918-ci ildə Azərbaycan Milli Şurasının təsisçisi və sədri Məmməd Əmin Rəsulzadənin 140 illiyi tamam olub. Bakıda Məmməd Əmin Rəsulzadənin Ev Muzeyi yoxdur. Tarixçi, professor Solmaz Rüstəmova-Tohidinin rəhbərlik etdiyi “Rəsulzadə Ev Muzeyi” ictimai qrupunun Azərbaycan Xalq Cümhuriyyətinin banisinin muzeyinin yaradılması üçün icra hakimiyyəti orqanlarına müraciətləri müxtəlif bəhanələrlə qarşılaşır.
Professor Solmaz Rüstəmova-Tohidi ev muzeyinin olmamasının səbəbləri haqqında “Turan”a bunları deyib: “Problem məkan məsələsidir. Rəsulzadənin Bakı şəhərində yaşadığı ata-baba mülkü 60-cı illərdə sökülüb və yerində "Nizami" metrostansiyası tikilib. Novxanıda doğulduğu evdə uşaq bağçası yerləşir və biz əvvəldən bu evə iddia etmirdik. Biz muzey ünvanı olaraq Rəsulzadəyə Cümhuriyyət dönəmində bir çox xadimlərə olduğu kimi verilmiş - Vorontsovskaya 15 - indiki İslam Səfərli-15 ünvanındakı mənzili almaq istərdik.
Solmaz Rüstəmova
Lakin bu mənzilin yerləşdiyi binada hazırda hotel yerləşir, içəridən tamam sökülüb və hotel halına salınıb. Yaxud da elə həmin küçə, lakin 13 nömrəli eyni quruluşlu binanın 2-ci mərtəbəsində muzey üçün yararlı məkan var. Şansımızdan Mədəniyyət Nazirliyinin balansındadır və çox uyğundur. Həmin otaqların muzey üçün ayrılması məsələsini qaldırarkən ilkin mərhələdə qaldı, danışıqlar getdi, sonra nazirlikdə 2 dəfə rəhbərlik dəyişdi və hələ də muzey məsələsi açıq qalır".
Professor Rüstəmova-Tohidi bildirib ki, İslam Səfərli-15 ünvanındakı binanın divarına Rəsulzadənin burada yaşadığına dair barelyef - xatirə lövhəsi vurulması məsələsinin həll edilməsində də problem yaranıb. İctimai qrup 2 ildir bu məsələ ilə bağlı müxtəlif instansiyalara müraciət edib, lakin heç bir cavab almayıb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan tezliklə sorğumuza cavab veriləcəyi bildirildi.
Rais Rəsulzadə: “Bu məsələ 30 ildir ki, öz həllini tapmır...”
Rəsulzadənin nəvəsi Rais Rəsulzadə “Yeni Müsavat”a açıqlamasında qısa mövqe bildirib: “Bu məsələ 1 il, 5 il deyil, 30 ildir ki, öz həllini tapmır. 1992-ci ildən bu yana bu barədə televiziyada, mətbuatda söhbətlər, müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur”.
Qulu Məhərrəmli: “Bu işləri ”kiçik" adamların öhdəsinə buraxmaq olmaz"
“Rəsulzadə Ev Muzeyi Qrupu”nun üzvü, professor Qulu Məhərrəmli isə dedi ki, iki il əvvəl yaratdıqları qurum daha sonra böyük ictimai birliyə çevrildi: “Birliyin yaradılmasının da əsas məqsədi Rəsulzadə irsinin araşdırılması, tədqiq olunması, müəyyən konfransların, elmi tədbirlərin, simpoziumların keçirilməsi və Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı işlərin görülməsidir. Müxtəlif yerlərə müraciətlər olunub, təkliflər verilib, lakin təəssüf ki, indiyə qədər bunun heç bir faydası olmayıb. Azərbaycanda çox sayda siyasi xadimlərə, ədiblərə, şairlərə muzey açılıb və bu, çox təqdirəlayiqdir, xalqın yaddaşıdır, lazımlıdır. Rəsulzadə də Azərbaycan Cümhuriyyətinin əsasını qoyanlardan biri və birincisidir. Azərbaycanın milli ideologiyasını hazırlayan, Azərbaycan Milli Hərəkatının rəhbəridir, müstəqil Azərbaycanın ilk dövlət başçısıdır, Milli Şuranın sədridir. Yəni bu xalqın formalaşmasında, onun səsi, iradəsinin ifadə olunmasında Rəsulzadənin misilsiz xidmətləri var. Rəsulzadənin ev muzeyinin yaradılması məsələsinə gəldikdə, 1992-ci ildən Rəsulzadənin yaşadığı Vorontsovskaya 15 - indi İslam Səfərli-15 ünvanındakı küçəyə vaxtilə lövhə vurulmuşdu. Lakin sonra həmin lövhəni qopartdılar. İndi ora lövhə vurmaq üçün Nazirlər Kabinetinin göstərişi, sərəncamı olmalıdır, lakin təəssüf ki, bunu edən yoxdur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik, qəbullarda olmuşuq, söhbətlər aparmışıq, ən yüksək instansiyalara da müraciət etmişik, amma sonda bu qənaətə gəlmişik ki, belə bir muzeyin yaradılması indiki halda real deyil, bunun üçün o imkanlar, istəklər yoxdur. Ona görə də biz başqa bir yol seçdik, belə ki, Rəsulzadənin virtual ev muzeyini yaratdıq. Dünya praktikasında bu var. Məsələn, Vinston Çörçil və digər məşhur xadimlərin virtual ev muzeyləri var. Beləliklə, "II Beynəlxalq Rəsulzadə qiraətləri" adlı konfransın gedişatında bu muzeyi təqdim etdik. Həmçinin bildirim ki, bir neçə gün öncə Ankara Universitetində də bu muzeyin təqdimatı oldu.
Bəs niyə bu günə qədər Rəsulzadənin ev muzeyi yaradılmır, bunu hansısa məntiqlə izah etmək olmur. İnsanlarda Cümhuriyyətə böyük sevgi var. Çünki Cümhuriyyət Azərbaycan xalqının demokratik idealı, özünün ifadəsidir ki, tarix səhnəsinə bu cür Cümhuriyyət çıxıb. Ona görə də bu işləri “kiçik” adamların öhdəsinə buraxmaq olmaz. Zaman gələcək ki, Rəsulzadənin ev muzeyi yaradılacaq, məzarı Azərbaycana gətiriləcək, eləcə də Əlimərdan bəy Topçubaşovun məzarı gətiriləcək, Cümhuriyyət üçün, bu millət üçün həyatını qurban vermiş digər xadimlər, o cümlədən Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski öz layiqli dəyərini alacaq. Bu baxımdan qısqanc münasibəti aradan qaldırmaq lazımdır. Yəni tarix hər şeyi öz yerinə qoyur və bu cür davranışlara istehza edir, gülür. Ona görə də bu dövlət xadimlərimizə vaxtında hörmət və ehtiram göstərilsə, bir o qədər yaxşı olar. Bəzən bu işləri o qədər “xırda” adamlar görür, insan onların davranışına heyrət edir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”