Xəbər verdiyimiz kimi, Bakıda Pre-COP tədbiri keçirilir.
Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un təyin olunmuş prezidenti Muxtar Babayev açıb.
M. Babayev çıxışında bildirib ki, Azərbaycan 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edib:
"Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru yaşıl zona elan edib. Mədən yanacağı ilə zənginlik yaşıl gündəliyin irəli aparılmasına mane olmamalıdır. Biz COP29-a hazırlığa bir ildən az müddət ərzində başlamağımıza baxmayaraq, ciddi nailiyyətlər əldə etmişik. İnanıram ki, COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olacağıq. Bizim yeni məqsədlərimiz var və Azərbaycan növbəti töhfələr sənədi üzərində işləyir."
M. Babayev əlavə edib ki, COP29 prezidentliyinə nazirlər səviyyəsində əlaqələndirici şəxslərin təyin edilməsi ölkələr arasında dialoqu sürətləndirməyə və mövcud boşluqları aradan qaldırmağa kömək edəcək. Paris Sazişinin 6-cı maddəsinə toxunan nazir bildirib ki, bu işləri başa çatdırmaq niyyətindədirlər: "Bu, karbon bazarlarının yaradılması ilə bağlı ciddi nailiyyətlər ortaya qoyacaq və iddiaları gücləndirəcək. Biz iqlim dəyişikliyi ilə bağlı fəaliyyətimizi daha da gücləndirməliyik və müxtəlif çağırışları nəzərə almalıyıq."
Nigar HƏSƏNLİ,
Musavat.com