“KVN” telekanalının baş redaktoru Svetlana Maslyakova komediya ustası Semyon Slepakov və musiqiçi Andrey Makareviçin iştikarı ilə çəkilmiş verilişlərin köhnə epizodlarını yayımladığına görə cərimələnib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, mərhum şoumenin həyat yoldaşı adı çəkilən sənətçilərin Rusiyada xarici agent kimi tanındığını nəzərə almayıb və onların göründüyü kadrların nümayiş etdirilməsi zamanı hazırkı statuslarını, xarici agent olduqlarını qeyd etməli imiş.
Müvafiq qərar Moskvanın Taqanski rayon məhkəməsi tərəfindən qəbul edilib. Aleksandr Maslyakovun dul xanımı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.15-ci maddəsinin 2.1-ci hissəsi (“Kütləvi məlumat azadlığından sui-istifadə”) ilə təqsirli bilinib və ona qarşı 4 min rubl məbləğində cərimə kəsilib.
İş materialları göstərir ki, 2024-cü ilin iyununda telekanal Semyon Slepakovun iştirakı ilə yumoristik eskizdən ibarət “Oyundan kənar” verilişini yayımlayıb, lakin onun xarici agent statusu göstərilməyib. Bir gün sonra Andrey Makareviçin münsiflər heyətinin üzvləri arasında olduğu kadrlar nümayiş etdirilib və onun da hazırkı xarici agent statusu göstərilməyib.
Məhkəmədə Maslyakovanın vəkili bildirib ki, pozuntular artıq aradan qaldırılıb.
Musavat.com