Maskalar yırtılır: Azərbaycana qarşı daha bir təxribat - 25 gün sonra...

“Ermənistan geosiyasi yol ayrıcındadır. İrəvan yaxın gələcəyə dair aydın ambisiyaları və istəkləri əks etdirməyən ikiqütblü xarici siyasət yeritməklə geosiyasətə meydan oxumağa çalışır”.

Musavat.com xəbər verir ki, bu sözləri Minval.az-a açıqlamasında amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib.

“ABŞ-la son hərbi manevrlər göstərdi ki, Ermənistan Qafqazda növbəti müharibəyə başlamaq istəyindən əl çəkməyib və Avropa məkanında işğalçı dövlət olaraq qalmaqdadır”, - politoloq vurğulayıb.

Piter Teys: "Azərbaycan bayrağını Şuşa, Xankəndi üzərində dalğalandırmaq  vaxtıdır"

Dəqiq müşahidə və qiymətləndirmədir.

Azərbaycana qarşı yeni müharibə üçün katalizator axtarmağa isə lüzum yox. Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası kifayət edir. Məgər bunu Qərbdə - Vaşinqtonda, Parisdə, Brüsseldə bilmirlər? Bilirlər...

Məsələ də ondadır ki, rəsmi Bakı neçə vaxtdır regiona növbəti və daha böyük hərbi toqquşma vəd edən həmin “hüquqi” əsasın aradan qaldırılmasına çalışır. İrəvandan haqlı olaraq, ən əvvəl bunu tələb edir; sülh müqaviləsinin əsas şərtini yorulmadan, dönə-dönə dünyaya bəyan edir. Yəni Azərbaycan faktiki surətdə regionu müharibə alovundan qorumaq üçün səmimi şəkildə, təmənnasız-filansız, hamıdan çox iş görür, cəhdlər göstərir.

Maraqlıdır, görəsən Fransa başda olmaqla Avropa Birliyi, ABŞ beynəlxalq hüquqdan qaynaqlanan eyni tələbi niyə Nikol Paşinyan hökuməti qarşısında qoymur? Axı sülh sənədinin imzalanması ilə bağlı Azərbaycanın edəcəyi heç nə qalmayıb. “Top” çoxdan Ermənistanın meydanında.

Azərbaycana qarşı zaman-zaman insan haqları ilə bağlı şablon, çeynənmiş siyasi iddialar səsləndirməkdənsə, yaxşı olmazdımı ki, kollektiv Qərb Güney Qafqazı növbəti fəlakətə sürükləyəcək, hərb meydanına çevirəcək Ermənistan konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırılması üçün Paşinyan iqtidarına təzyiq edəydi? Hər necə olmasa, erməni baş nazir onlara “bir köynək” yaxın olmalıdır. Axı “insan haqları”ndan qat-qat vacib olan regionu müharibə alovundan uzaqlaşdırmaqdır...

Əfsus ki, əksini görürük. İrəvanı revanşist müharibəyə şirnikləndirən isə yalnızca xroniki “maitsum” mərəzi deyil, eyni zamanda və daha çox Qərbdəki bəzi havadarların Azərbaycana qarşı tutduğu qızışdırıcı mövqedir. Söhbət özəlliklə Fransa və ABŞ-dan gedir.

Qafqaz masası ABŞ və Avropa Birliyini də "düşmənə" çevirir: Zəngəzur  dəhlizi Qərb üçün yeni "nifaq alması"dır

Artıq məlumdur ki, bu iki dövlət həm kapitulyant ölkəyə hücum ordusu qurmaq üçün vaxtaşırı təlimlər keçir, həm də onu silahlandlırır. Az öncə isə Ermənistan Müdafiə Nazirliyində Pentaqon təlimatçısının işə başlaması haqda rəsmi xəbər verilib. Baltikyanı 3 ölkə xaric, bu, postsovet məkanında ilk belə ilginc faktdır...

Bəs Ermənistan kimə qarşı silahlandırılır, ordusu hansı səbəbdən gücləndirilir?

Sual ritorikdir. Təbii ki, hədəf müdafiə ordusu qurmaq deyil. Əks halda, təkrar edirik, “sülhpərvər” İrəvan öz “Əsas Qanun”undan qonşu Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarını çoxdan çıxarardı.

Bütün bunların fonunda Ermənistan və onun xaricdəki havadarlarının sülhdən, sülh müqaviləsinin vacibliyindən dəm vurması siyasi ikiüzlülükdür. Azərbaycan bunu görür, diqqətdə saxlayır və şübhəsiz, gərəkən preventiv addımlarını atır...

Ermənistan xarici borc tələsinə düşüb

Yaxud Qərbi azərbaycanlıların öz dədə-baba yurduna qayıtmaq haqqından kəlmə kəsməyən Qərb siyasiləri və diplomatlarının ölkəmizin suverenliyinə hörmətsiz şəkildə tez-tez bir ovuc erməni separatçısının (Azərbaycan Konstitusiyasını saymayanların Azərbaycanda yaşamaq istəyinin ayrı adı yox!) Qarabağa geri dönüşünün “vacibliyi”dən danışmasının anlamı nədir? Qafqazda ədalətli sülh istəyənlərin ritorikası beləmi olur?

Yeri gəlmişkən, gələn ay ABŞ Konqresində Azərbaycan dövləti əleyhinə, “artsax”la bağlı növbəti təxribat plnalaşdırılır. Məlumata görə, erməni lobbisinin təsiri altında olan konqresmenlər, icma fəalları və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsində toplanacaqlar. Məqsəd 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın antiterror əməliyyatının birinci ildönümünü “qeyd etmək”dir. Necə? Təxminən bəlli.

Burda deyiblər, “it əl çəkdi, motal əl çəkmədi”. Ümid edək ki, bu üzdəniraq tədbirə heç olmasa, “sapı özümüzdən olan baltalar” qatılmayacaq...

Siyasət şöbəsi,
Musavat.com

26.08.2024 15:42
7865