Dünyanın ən varlı adamı İlon Mask Hindistanın telekommunikasiya maqnatları Mukeş Ambani və Sunil Mittal ilə ölkədə Starlink rabitə sisteminin işə salınması planları ilə bağlı peyk internet spektrinin ayrılması ilə bağlı mübahisədə qalib gəlib.
Muavat.com xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Asiyanın ən varlı adamı və Reliance Industries konqlomeratının rəhbəri Ambani, Mittalın Bharti Airtel şirkəti ilə birlikdə Hindistan hökumətini amerikalı sahibkarın tələb etdiyi kimi sadəcə olaraq tezlik ayırmaq əvəzinə, peyk spektrini mobil bazarda adi rəqabət üsulu ilə auksiona çıxarmağa inandırmağa çalışsa da, buna nail ola bilməyib.
SpaceX-in və Starlink-in sahibi Mask əvvəllər qeyd etmişdi ki, Hindistanın bu cür hər hansı bir hərəkəti “görünməmiş olacaq, çünki bu spektr uzun müddətdir Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən peyklər üçün bölüşdürülüb və Hindistan bu birliyin üzvüdür.
Hindistanın rabitə naziri Jyotiraditya Sindia bununla bağlı bildirib ki, o, kosmik spektrin satışı üçün hərrac keçirməyi planlaşdırmır.
İlon Mask bu qərara "Çox minnətdaram!" deyərək reaksiya verib: "Starlink ilə Hindistan xalqına xidmət etmək üçün əlimizdən gələni edəcəyik".
Hindistanın Rabitə, Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi sistem sahibləri Hindistandakı müştəri bazası haqqında məlumatların məxfi saxlanacağına zəmanət verdikdən sonra Starlink-in ölkədə istifadəyə verilməsinin kommersiya hissəsini artıq rəsmən təsdiqləyib. Ölkənin hakimiyyət orqanları üç ildən artıqdır ki, Maskın ölkədə Starlink-i işə salmaq təklifini nəzərdən keçirir. 2021-ci ilin dekabrında SpaceX yüksəksürətli genişzolaqlı İnternetə çıxış üçün mobil peyk sistemi xidmətləri göstərmək üçün Hindistanda törəmə şirkətini qurub, lakin onun həyata keçirilməsinə səlahiyyətli orqanlar tərəfindən lisenziyanın olmaması imkan vermirdi.
Musavat.com