Masazırda evdə partlayış oldu- VİDEO

Bu gün 08 radələrində FHN-in “112” qaynar xəttinə Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Musavat.com nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 67m² olan ikiotaqlı mənzilin eyvanında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 1 nəfər xəsarətlərlə xəstəxanaya aparılıb. Partlayış dalğasının təsirindən mənzilin 1 otağının pəncərə çərçivəsi yerindən çıxıb, giriş qapısına ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



07.12.2022 11:12
653