Masallı rayonunda 1997-ci il təvəllüdlü Zakir 1971-ci il təvəllüdlü həmkəndlisi Pərvanəyə (adlar şərti verilib – red.) təcavüz edib.
20 dekabr 2022-ci ildə saat 21 radələrində Zakir Masallı rayonunun kəndindəki evlərində təkbaşına spirtli içki qəbul edib.
Sərxoş vəziyyətdə cinsi ehtirasını təmin etmək məqsədi ilə gecə saat 1 radələrində qonşusu Pərvanənin tək yaşadığı evinə gəlib. Pərvanəni çağırıb, onunla pul müqabilində cinsi əlaqəyə girməsini tələb edib.
Pərvanə Zakirin bu hərəkətlərinin təhqiramiz olduğunu bildirib, pul müqabilində cinsi əlaqədə olmaq təklifindən imtina edib, onun getməsini istəyib.
Zakir zorla evə girib, Pərvanənin üzərinə hücum edərək sol qolundan tutub, əynindəki gecəlik yataq paltarını soyundurmaq istəyib.
Qadının müqavimət göstərdiyini görüb və zorakılıq göstərib. Pərvanə onun əlindən çıxaraq həyətə qaçıb, qışqırmaqla qonşulardan kömək istəyib. Kənar şəxslərin gələcəyini ehtimal edən Zakir oradan qaçıb.
“Cinsi əlaqədə olmaq üçün gəldiyimi bildirdim, amma...”
İstintaq orqanı tərəfindən Zakirin barəsində Cinayət Məcəlləsinin 29, 149.1-ci (zorlamaya cəhd) və 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Əliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə Zakir ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə günü gecə saat 02.00-da yaşadığı evdən çıxıb və Pərvanənin evinə gedib: “Evini qapısını döydüm. Pərvanə qapını açdıqda onunla cinsi əlaqədə olmaq üçün gəldiyimi bildirdim. Pərvanə isə mənimlə razılaşmadı. Mənə söyüş söydü. Bundan əsəbləşdim və Pərvanəyə yumruq atdım. O da mənə qarşılıq verdi. Sonra isə əliminin tərsi ilə onu vurdum. Əsəbimdən pəncərədəki şüşəni vurub sındırdım. Bundan sonra oradan getdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Pərvanə ilə cinsi əlaqədə olmaq üçün əlavə hərəkətlər etməyib, onu zorlamağa cəhd göstərməyib, paltarlarını çıxarmayıb.
Daha sonra özünə siqaret almaq üçün marketə yaxınlaşıb, onu polis əməkdaşları saxlayıb.
Zakir ötərtdiyi əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
“Qızları gəlin köçüb, oğlu həbsdədir”
Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
Zakir ibtidai istintaqda göstərib ki, qonşusu Pərvanə evdə təkbaşına yaşayıb: “Pərvanənin əri uzun illər bundan öncə ölüb. Qızları gəlin köçüb, oğlu Mahir isə narkotik vasitələrin istifadəçisi olduğu üçün həbsdir. Həmkəndlimiz və qonşumuz olmalarına baxmayaraq məlum hadisədən əvvəl heç vaxt Pəvanənin yaşadığı evə gediş-gəliş etməmişəm. Bizim evimiz bir-birindən təxminən 200 metr aralıda yerləşir”.
“40 manat pulu göstərdim”
Təqsirləndirilən şəxs bildirib ki, dekabrın 20-də evdə axşam yeməyi yeyən zaman təxminən bir litrə yaxın araq içib: “Sonra məndə ehtiras yarandı. Cinsi ehtirasımı təmin etmək üçün qonşuluqda tək yaşayan Pərvanə ilə cinsi əlaqədə olmaq qərarına gəldim. Bu məqsədlə saat təxminən 00.30-da evdən çıxdım və həmin qadının yaşadığı evin həyətinə getdim. Evin qarşı hissəsinə çəkilmiş göy rəngli sellofanı cırdım və eyvana daxil oldum.
Eyvandan dəhlizə keçmək üçün taxta qapını döydüm və ev sahibini çağırdım. Pərvanə dəhlizdən səslənərək kim olduğumu soruşdu, “qonşun Zakirdir” cavabını verdim. O, nə istədiyimi, gecə vaxtı niyə evinə gəldiyimi soruşdu. Cibimdə olan 40 manat pulu Pərvanəyə göstərdim. Pul müqabilində mənimlə cinsi əlaqədə olmasını tələb etdim.
Pərvanə məni söyüb təhqir etdi, evdən getməyimi tələb elədi, yoxsa polis çağıracağını bildirdi”.
“Köynəyi çıxara bilmədim”
Zakir deyib ki, spirtli içkinin təsiri altında olduğu üçün Pərvanənin hərəkətlərindən bərk əsəbiləşib: “Dəhlizdən yataq otağının qabağına gəldim. Qapını döyərək onu təhqir etdim, qapını açmasını istədim. Pərvanə otağın qapısını açmadığı üçün daha da əsəbiləşdim. Yaxınlıqdakı pəncərəyə yumruqla zərbə vurdum, şüşəni sındırdım.
Pərvanə otağın qapısını açaraq çölə qaçmaq istəyərkən onun üzərinə hücum etdim. Sol qolundan tutaraq sıxdım, özümə tərəf çəkməklə əynində olan köynəyi soyundurmaq istədim. Pərvanə isə məni söyərək müqavimət göstərdi. Məni geri itələdiyindən onun köynəyini əynindən çıxara bilmədim.
Yerə yıxmaqdan ötrü Pərvanənin boyun nahiyəsini sol qolumun arasına saldım və sıxaraq yumruğumla onun sifətinə zərbə vurdum. Pərvanə bir daha müqavimət göstərdi, aralaşaraq məni geri itələdi, yerə yıxıldım”.
“Piyada rayon mərkəzinə getdim”
Zakir qeyd edib ki, bundan sonra Pərvanə qaçaraq evdən küçəyə çıxıb, onun haraya getdiyini bilməyib: “Mən isə evdən çıxaraq çöllük olan istiqamətə getdim. Aradan bir müddət keçdikdən sonra Pərvanənin evimizə gələrək valideynlərimə şikayət etdiyini bildim. Piyada Masallı şəhərinə getdim. Şəhərdə rayon polis şöbəsinin əməkdaşları məni şöbəyə apardılar, Pərvanənin şikayəti əsasında izahat verdim.
Daha sonra isə evə gedərək hadisə barədə ailə üzvlərimə danışdım. Törətdiyim əməldən səmimi peşmançılıq hissi keçirirəm”.
“Mənə “oğlun evdə yoxdur, sən pozğunluq edirsən” dedi”
İş üzrə zərərçəkmiş Pərvanənin sözlərinə görə, hadisə dekabrın 21-də gecə olub: “Kiminsə evin giriş qapısını döydüyünü eşitdim. Əynimdə olan yataq paltarı ilə dəhlizə çıxdım. Bir neçə dəfə kimin çağırdığını soruşdum. Nəhayət, həmin şəxs Zakir olduğunu dedi.
Zakir mənə “oğlun evdə yoxdur, pozğunluq edirsən, hamı ilə görüşürsən, mənimlə də görüşməlisən, sənə pul lazımdı, mən pul verirəm” söylədi.
Cavab verdim ki, pulu apar anava, bacıva ver, nə qədər ki, 102-yə yığıb zəng etməmişəm, burdan get. Zakir isə söyüşlə yığ dedi. Bu zaman qonşum Arifin arvadına zəng vurdum. Telefonu Arif götürdü. Onu köməyə çağırdım, Zakirin hərəkətləri barədə onun valideyininə deməyi xahiş etdim. Ardınca 102-yə zəng vurdum”.
“Soyundurmaq istədi”
Zərərçəkmiş qeyd edib ki, həmin vaxt Zakir onun yerə çəkdiyi sellofanı cıraraq evə girib: “Eyvanla dəhlizin arasındakı qapının bağlı olduğunu gördü. Qapının yaxınlığındakı otağın pəncərəsinin şüşəsini əli ilə sındırdı. Qonşuları köməyə çağırmaq məqsədi ilə otağın qapısını açaraq çölə çıxmaq istədim. Zakir üzərimə hücum edərək sol qolumdan tutdu, özünə tərəf çəkib əynimdə olan paltarları soyundurmaq istədi. Bu zaman əlbəyaxa olduq.
Müqavimət göstərdiyim üçün Zakir mənim boyunumu qolunun arasına alaraq sıxdı və dedi ki, səninlə cinsi əlaqədə olmaq istəyirəm. Sifətimə yumruqla zərbə vurdu. Əli ilə sinəmi sıxdı, cinsi əlaqədə olmaqdan ötrü məni yerə yıxmaq istədi.
Mən isə əlimlə Zakiri geriyə itələdim, onu yerə yıxdım. Əlindən çıxıb küçəyə qaçdım. Həmin vaxt qonşumuz Arifi gördüm. Ona Zakirin mənə təcavüz etmək istədiyini dedim. Ardınca Zakirgilin həyətinə getdim. Valideynlərini səslədim, hadisə barədə onlara məlumat verdim.
Zakirin anası Sevil mənimlə birlikdə evimə gəldi. Zakir artıq evindən çıxaraq çaya tərəf gedən istiqamətdə dayanmışdı. Yenə ünvanıma nalayiq ifadələr işlətdi, pozğun olmağım səbəbindən mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Valideynləri və evinə gələn polis əməkdaşları da nalayiq ifadələri eşitdilər. Daha sonra Zakirin haraya getdiyini bilmədim”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, Zakirin əvvəllər onun oğlu ilə əlaqəsi olub: “Evimə gəlib-gedib. Zakirdən şikayətçiyəm, onunla barışmıram”.
Məhkəmənin hökmü ilə Zakir 6 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com