Musavat.com xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar Departamentinin direktoru Zamirə Adilova avtomobil qəzasında həyatını itirən Sevil Abdullazadə haqqında təsirli yazı paylaşıb.
Məlumata görə, Sevil Abdullazadə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təxliyə qrupuna daxil olduğu dövrdə faciəli şəkildə avtomobil qəzasına düşüb. Hadisə Günəşlidə baş verib. Qəza nəticəsində üç nəfər xəsarət alıb, lakin onlardan yalnız biri – Sevil Abdullazadə həkimə qədər həyatını itirib.
Zamirə Adilova Sevilin ölümünü dərin üzüntü ilə qarşılayaraq bunları qeyd edib:
Zamirə Adilova
"Dünən axşam saatlarında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təxliyə qrupuna çağırışlardan daha birinin detalları göndərildi. Günəşlidə yol-nəqliyyat hadisəsi baş vermiş, 3 nəfər xəsarət almış, o 3 nəfərdən 1 xanımın həkimə qədər ölümü qeydə alınmışdı.
Düşündüm ki; “İlahi niyə bu gənc qız həlak olub, digərlərinə axı yüngül xəsarətlə yerində tibbi yardım olunub. Bu, nə qismətdir, belə?!”
Düzü, onun həmkarım ola biləcəyi ağlıma gəlmədi.
Çünki Sevilin əmri martın 11-də verilmişdi, hələ onu o qədər də yaxından tanımırdıq.
Səhər Emin Xasiyev əməkdaşımız Sevil Abdullazadə qəzada vəfat edib, xəbərin olsun deyəndə, ilk ağlıma gələn axşamki təəssüf hissi olmuşdu.
Əlimizdə Sevilə dair işə qəbul zamanı çəkilmiş foto və aprelin 1-də qeyd edəcəyi ad günü təbrik posteri var idi.
Daxili kommunikasiya çərçivəsində ad gününü qeyd etməyə hazırlaşarkən, başsağlığı paylaşmalı olduq.
Sıralarımıza çox yeni qoşulan gənc, istedadlı həmkarımızın nakam taleyi hər birimizi dərindən sarsıltdı.
Həmkarım Murad R. Mirzayevə əməkdaşının itkisindən dolayı başsağlığı diləyir, ailəsinə və doğmalarına ALLAH səbir versin!
Yerin rahat olsun, gözəl qız!"
Musavat.com