Stalinin vəfatından sonra SSRİ-nin siyasi elitası vəzifə bölgüsündə ümumi razılığa gəlsə də, çox keçmədən bu razılaşma Nikita Xruşov tərəfindən pozulub.
Xruşov iki il ərzində hakimiyyəti bütövlükdə ələ keçirərək mütləq hakimliyini təmin edib. Həm partiyanın rəhbəri, həm də SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini tutan Xruşov ölkənin ən vacib qurumlarından biri olan Müdafiə Nazirliyində də kadr islahatları aparmağı zəruri sayıb. Məhz bu zərurət ali rütbəli hərbçilərin siyasi mübarizəsi ilə nəticələnib, marşalların müdafiə naziri postu uğrunda siyasi müharibəsi başlanıb. Bu müharibənin qalibi isə marşal Rodion Malinovski olub.
Sovet-alman müharibəsi dövründə ən ağır cəbhələrdən keçən, peşəkar və bacarıqlı hərbçi kimi tanınan Malinovski vaxtilə marşal Georgi Jukovun tabeliyində xidmət edib. 1956-1957-ci illərdə isə o, müdafiə naziri olan Jukovun müavini olub.
Malinovski gələcək karyerası üçün bütün mümkün variantlardan istifadə edib. Müdafiə naziri postunu tutmaq üçün bütün mümkün əlaqələrə əl atıb. Xruşovun hakimiyyətə gəlməsi marşalın arzularını reallaşdırıb. Belə ki, hələ müharibə illərindən Malinovski ilə Nikita Xruşovun arasında yaxın münasibətlər hökm sürüb və bu münasibətlərin yaranmasının maraqlı bir tarixçəsi olub. Cənub cəbhəsində ordu komandiri vəzifəsində xidmət edərkən Malinovskinin adyutantı könüllü olaraq almanlar tərəfinə keçib. Bu hadisədən iki gün sonra Malinovskinin yaxın dostu və onunla bir yerdə xidmət edən general-mayor Larin isə səngərdə özünü güllələyib. Malinovski ətrafında baş verən bu iki hadisə onun haqqında şübhələrin yaranmasına səbəb olub. General Larinin cibindən kiçik bir kağız parçası çıxıb və həmin kağızda “Yaşasın Lenin” sözləri yazılıb. Bu ifadə məsələni bir az da ağır məcraya yönləndirib. Belə ki, müharibə illərində döyüşçülər düşmən üzərinə atılanda “Yaşasın Stalin”, yaxud da “Stalin uğrunda” dedikləri halda, Lenini birdən-birə yada salmaq çoxlarının marağına səbəb olub. Dolayısı yolla bu ifadə Stalinə qarşı çıxmaq kimi yozulub.
Stalin əvvəlcə Malinovskini “NKVD”nin cənginə vermək istəyib. Amma o, bu məsələdə tələskənliyə yol verməyib, məsələni araşdırmaq üçün Xruşovu cənub cəbhəsinə (Xruşov həm də cənub, Ukrayna, Stalinqrad cəbhələrinin hərbi şurasının üzvü olub) göndərib. Bir həftədən sonra Xruşov Stalinə məruzə edib ki, Malinovski haqqında şübhələr əsassızdır. Stalin daha iki ay Malinovskini nəzarətdə saxlamağı Xruşova həvalə edib. İki aydan snra Dövlət Müdafiə Komitəsində Xruşovun arayışı dinlənilib. Malinovskinin xidmətində heç bir şübhəli halın olmamasını söyləyən Xruşov generalı Stalinin qəzəbindən xilas edib. Məhz elə həmin iki ay ərzində Xruşovla Malinovskinin arasında isti münasibətlər yaranıb.
Müharibədən sonra Malinovski Uzaq Şərq Hərbi Dairəsində xidmətini davam etdirib. Xruşov hakimiyyətə gəldikdən bir il sonra, 1954-cü ildə onlar Moskvada görüşüblər. Görüşün sonunda Malinovski dostyana Xruşova xəbərdarlıq edib: “Siz özünüzü Jukovdan qoruyun, o, hər şeyə qadirdir...”
Jukov isə Xruşova hələ lazım olub. Lavrenti Beriyanın həbsində istifadə olunan Jukov 1957-ci ildə də Xruşovun köməyinə çatıb. “Antipartiya qrupu” (Molotov, Malenkov, Kaqanoviç) Xruşovu devirmək istəyəndə Jukov bir çıxışı ilə hamını susdurub. Həmin iclasda dediyi bir cümlə Xruşovun da yadından çıxmayıb: “Tanklar Mərkəzi Komitənin göstərişi ilə yox, müdafiə nazirinin əmri ilə küçələrə çıxa bilər!”
Bu ifadə Xruşovu qorxudub, ordu üzərində Jukovun mütləq hakimliyi onu ciddi şəkildə narahat edib və elə həmin ərəfədə Malinovskinin Jukov haqqında söylədiklərini də xatırlayıb.
Xruşov özlüyündə hökm verib: “Jukovu vəzifədən uzaqlaşdırmağın vaxtı yetişib...”
1957-ci ilin oktyabr ayında Jukov məqsədli şəkildə Yuqoslaviyaya ezamiyyətə göndərilib. Moskvada isə planlar cızılıb. Həmin dövrdə Malinovski müdafiə nazirinin müavini vəzifəsində işləyib. Jukov Moskvaya qayıdanda elə aeroportda ona bildiriblər ki, birbaşa Kremlə getməlidir. Oktyabrın 26-da Mərkəzi Komitədə keçirilən iclasda ilk çıxış edənlərdən biri də Malinovski olub. O, olduqca sərt və kəskin şəkildə Jukovun hərbi fəaliyyətini tənqid edib. Vəzifə hərisliyi hər şeyi unutdurub, hətta ağır müharibə illərini də.
Beləliklə, marşalların siyasi cəbhəsində xəyanət və satqınlıq qalib gəlib, vəzifəsindən uzaqlaşdırılan Jukovun yerinə Malinovski müdafiə naziri vəzifəsinə təyinat alıb.
Malinovski öz sədaqətsizliyini növbəti dəfə 1964-cü ildə nümayiş etdirib. Xruşovun devrilməsində Brejnev tərəfindən təlimatlandırılan marşal saray çevrilişinə böyük həvəslə qoşulub və vaxtilə onu Stalinin əlindən qurtaran Xruşova qarşı çıxıb. Həmin tarixi iclasda Jukovun tank məsələsi ilə bağlı söylədiyi fikirdən fərqli olaraq Malinovski bir cümləsi ilə yadda qalıb: “Tanklar Mərkəzi Komitə üzvlərinin səs çoxluğu ilə küçəyə çıxa bilər. Səs çoxluğu isə Brejnevin tərəfindədir...”
Brejnev bu ifadəni yüksək qiymətləndirib. Malinovski ömrünün sonuna, 1967-ci ilə qədər nazir kürsüsündə əyləşib.
SSRİ-nin hərb tarixinə Malinovskinin adı peşəkar hərbçi və bacarıqlı sərkərdə kimi düşüb. Amma ölkənin siyasi tarixində marşal öz hamilərinə xəyanət edən bir məmur kimi yadda qalıb.
İlham Cəmiloğlu,
Musavat.com