“Nikol Paşinyanın hakimiyyəti Ermənistanın müstəqilliyinin və ləyaqətinin itirilməsinə gətirib çıxardı”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan Milli Konqresi Partiyasının (Levon Ter-Petrosyan) sədr müavini Aram Manukyan deyib.
“Paşinyanın addımları ölkənin suverenliyinə və müstəqilliyinə birbaşa təsir edib. Qarabağ itirildi, onun öz müqəddəratını təyin etmək imkanına olan ümidlər bitib, bayram təqvimi qısaldılıb, milli ləyaqəti simvolizə edən bütün bayramlar silinib. Bu gün 19 sentyabrı (Azərbaycanın bütün torpaqlarda suverenliyini bərpa etdiyi gün) Ermənistanın suverenliyi günü hesab edənlər var”, - deyə Manukyan bildirib.
“Bu gün Ermənistan beynəlxalq arenada oyunçu olmaqdan çıxıb. Ölkə bilavasitə ərazisinə aid məsələlərlə bağlı qərar qəbul etmək imkanını itirib. Biz beynəlxalq məhkəmələrdəki iddialarımızı geri götürməyə məcbur olacağıq, anklav adlanan yerləri təslim etməyə məcbur olacağıq, İstiqlal Bəyannaməsindən və gerbdəki Ararat təsvirindən imtina etməyə məcbur olacağıq. Biz öz suverenliyimizi o qədər itirmişik ki, bizə öz ərazimizdə zavod tikmək qadağan olunub. Bu gün Ermənistan müstəqil qurum kimi mövcudluğunu dayandırıb. Bütün bunlar indiki hakimiyyətin xidmətləridir. Amma ən pisi odur ki, bütün bunları uğur, qələbə kimi təqdim etməyə çalışırlar. Bu, bir növ təkəbbür çeşməsidir, həyasızlığın rekordudur. Necə olur ki, hər şeyi itirirsən, təslim olursan, uduzursan və eyni zamanda bütün bunları qələbə kimi təqdim etməyə çalışırsan?”, - deyə erməni revanşist qeyd edib.
Musavat.com