“Ermənistan Konstitusiya Məhkəməsinin Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamənin konstitusiyaya uyğunluğu barədə qərarı siyasi sifarişin nəticəsidir”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan Milli Konqresi Partiyasının (Levon Ter-Petrosyan) sədr müavini Aram Manukyan deyib.
“Reqlamentlərin konstitusiyaya uyğunluğu ilə bağlı qərar 2-3 səhifədən ibarət ola bilər. Amma Konstitusiya Məhkəməsi qərarı 30 səhifəyə qədər uzadıb və mümkün qədər manevr edərək ictimaiyyəti çaşdırmağa və hüquqi komponenti bulandırmağa çalışıb. Tam məsuliyyətimlə bildirirəm ki, bu (Konstitusiya Məhkəməsinin qərarı) hüquqi yox, siyasi sənəddir” - deyə revanşist siyasətçi qeyd edib.
Manukyanın sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarının mətnini oxuyanda onun Bakı üçün yazıldığı təəssüratı yaranır.
“Bu qərar birmənalı olaraq siyasi sifarişin nəticəsidir. Məndə heç bir sübut yoxdur, lakin ümumi təəssürat ondan ibarətdir ki, bu mətn daxili auditoriya üçün, Ermənistanın hüquq sistemi üçün deyil, Azərbaycanın tələblərini yumşaltmaq üçün yazılıb”, - deyə o bildirib.
“Bundan başqa, Konstitusiya öz tələsinə düşdü. Məsələ burasındadır ki, 2021-ci ildə Paşinyanın partiyası öz maraqlarından çıxış edərək Konstitusiya Məhkəməsində bir qərar çıxarıb. Həmin qərara görə, konstitusiyanın preambulası dəyişdirilməsi mümkün olmayan müddəa kimi tanınıb. Bəyannaməyə istinad da (Azərbaycan ərazilərinə iddia da məhz bu hissədə yer alıb - red.) preambulada öz əksini tapıb”, - deyə Manukyan qeyd edib.
Musavat.com