Milli Məclisdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com-un xəbərinə görə, Mərkəzi Bankın sədri Taleh Kazımov layihələrin müzakirəsi zamanı çıxışında bildirib ki, hazırda banklarda 5 milyard manata yaxın sərbəst vəsaitlər var: “Yalnız kredit faizlərinin azaldılması ilə məsələ həll olunmayacaq”.
T.Kazımov qeyd edib ki, maliyyə sektoru olaraq amnistiyaya müsbət baxırlar: “Hazırda hökumət tərəfindən araşdırmalar aparılır və buna uyğun olaraq hökumət maliyyə amnistiyası ilə bağlı addımlar atacaq”.
AMB sədrinin sözlərinə görə, Azərbaycanda kredit faizi hüquqi şəxslər üzrə 10,1%, fiziki şəxslər üçün isə 16,1 %-dir. O bildirib ki, bu, Gürcüstanda hüquqi şəxslər üçün 14%, fiziki şəxslər üçün 18,6 %-dir: “Bizdə kredit faizləri qonşu ölkələrdən çox aşağıdır. Kredit faizləri bir neçə amildən formalaşır. Yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir. Bu, inflyasiyanı kəskin artıra bilər. Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil. AMB-nin proqnozlarına görə, bu ilin sonuna kimi inflyasiya 8,3% olacaq”.
ABM rəhbərinin sözlərinə görə, sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir: “Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyi, makroiqtisadi sabitliklə bağlıdır. Ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa, biz onu edəcəyik. Bu gün tələb sabit məzənnə rejimidir”.
Taleh Kazımov onu da bildirib ki, Mərkəzi Bank hazırda daha çox beynəlxalq ekspertlərlə ölkəmizin maliyyə sektorunun inkişafı üzərində çalışır: “Bu sənəd sentyabr ayında açıqlanacaq. Orada xüsusilə bank sektorunun inkişafı ilə bağlı məsələlər qeyd olunacaq”.
AMB sədri deputatların ölkədə inflyasiyanın yüksək olması ilə bağlı narahatlığına da ehtiyac olmadığını bildirib və proseslərin nəzarətdə olduğunu deyib.
E.Paşasoy,
Musavat.com