Manat 2026-dək “üzəcək”, yoxsa... - iki ziddiyyətli  rəy

Neft gəlirləri azalır, inflyasiya artır, manatın alıcılıq qabiliyyəti isə...

Azərbaycanın ən böyük ticarət tərəfdaşları, həmçinin yaxın qonşuları olan ölkələrdə - Rusiya və Türkiyədə milli valyutalar dəyərsizləşir. Son iki ayda Rusiya rublu dollar qarşısında 20 faizdən çox dəyər itirib. Türkiyə lirəsi ilə bağlı da eyni proses gedir.

Qeyd edək ki, Rusiya Azərbaycanın idxalında ən böyük çəkisi olan ölkədir. Bu ilin 7 ayında Azərbaycana Rusiya məhsullarının idxalı 1 milyard 733 milyon 794,82 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz artım deməkdir. Azərbaycana mal idxalının ümumi həcmində Rusiyadan idxalın payı 18,14 faiz təşkil edib. Beləliklə, Azərbaycanın idxalında Rusiya Federasiyası birinci yerdə qərarlaşıb.

Rusiya Azərbaycanın ixracında elə yüksək paya malik deyil. Belə ki, 2023-cü ilin yeddi ayında bu ölkəyə ixracımız 711 milyon 534.24 min dollar təşkil edib. Bu, illik ifadədə 50,6 faiz artım deməkdir. Ötən ilin eyni dövründə şimal qonşuya ixracımız 472 milyon 340.84 min dollar olmuşdu. Ümumi ixracımızda Rusiya 5-ci pillədə qərarlaşsa da, aqrar məhsulların ixracında mütləq üstünlüyə malikdir. Azərbaycanın aqrar ixracının 90 faizdən yuxarısı məhz Rusiyaya reallaşdırılır.

Türkiyəyə gəlincə, bu ilin yeddi ayında qardaş ölkəyə

3 milyard 423,59 milyon dollarlıq məhsul ixrac edilib. Onun mühüm hissəsi neft-qazdan ibarətdir. İxracımızda Türkiyə ikinci böyük çəkiyə malik ölkədir. Qeyd olunan dövrdə Türkiyədən idxalımız isə 1 milyard 323,60 milyon dollar təşkil edib ki, bu da illik ifadədə 8,7 faiz artım deməkdir. Ötən ilin eyni dövründə Türkiyədən 1 milyard 216,849 milyon dollarlıq idxalımız olmuşdu.

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | marja.az

Göründüyü kimi, iki böyük ticarət tərəfdaşımızda milli valyutalar dəyərsizləşsə də, Azərbaycanda bunu müşahidə etmirik. Ən azı manatın rəsmi məzənnəsi 1 dollar/1,7 manat səviyyəsindən aşağı düşmür. Əksər beynəlxalq və xarici qurumlar Azərbaycan manatının məzənnəsi ilə bağlı nikbindir. Məsələn, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING-nin (Internationale Nederlanden Groep) qlobal iqtisadi proqnozunda qeyd olunur ki, Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq. Korporasiya Azərbaycan manatının 2023, 2024 və 2025-ci illər üzrə ABŞ dolları qarşısında məzənnəsini 1.70 AZN müəyyən edib (APA).

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirir ki, 2015-ci ildə başlayan devalvasiya dalğasına qədər banklara 0,7844 manata satılmış ABŞ dollarının bahalaşma yolu 2018-ci il martın 7-dən qapanıb. Həmin gündən Mərkəzi Bank dolları 1,7 manata təklif edir: “Rubl-lirə dəyərdən düşən kimi bizdə də manatın taleyi aktuallaşır. Məsələ burasındadır ki, bizdə məzənnə inzibatidir, "iqtisadi zopa" ilə tənzimlənir, qadağalar və məhdudiyyətlərlə 1,7 səviyyəsində saxlanılır. Hökumət bizdə eyni şeyi 2005-2015-ci illərdə düz 10 il etdi. Hökumətimiz yenə eyni səhvi edərək 10 il məzənnəni sabit saxlayacaq".

Ekspertə görə, manatla bağlı proseslər 2025-ci ildən başlayacaq: “Yenə 2-3 pilləli devalvasiyaya gedib 10 il sabit məzənnə rejiminə keçəcək. Hökumət devalvasiyaya getmir, amma sürətlə manatın alıcılıq qabiliyyəti ölür - əslində bu, devalvasiyadan heç də az təhlükəli deyil, insanların real gəlirlərini "yeyib-bitirən" yanaşmadır"...

Əksər ekspertlərə görə, manata ən böyük təhdid neft gəlirlərinin azalmasından yarana bilər. Ölkənin neft ixracı sürətlə azalır. Belə ki, ötən ilin yeddi ayında 16,4 milyon ton neft ixrac olunubsa, bu ilin eyni dövründə bu göstərici 15,5 milyon tona düşüb. Bu ixracdan əldə oluna gəlir ötənilki 12,4 milyard dollardan bu ilin yeddi ayında 9,4 milyard dollara düşüb. Neft ixracından azalan gəlirin bir qismi qaz ixracı hesabına kompensasiya olunsa da, neft hasilatının sürətlə azalması fonunda yaxın illərdə gəlirlərin daha da azalması gözlənilir.

Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 16%-dək artıb

Neft ixracındakı azalma ölkənin xarici ticarət balansının müsbət saldosunun kəskin azalmasını şərtləndirib. Belə ki, ötən ilin yeddi ayında 2 milyard 949 milyon dollar təşkil edən müsbət saldo bu ilin eyni dövründə iki dəfədən çox yaxın azalmaqla 1 milyard 450 milyon dollara bərabər olub. Bunun bir səbəbi də idxalın sürətli artımıdır. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, ötən ilin yeddi ayında ixrac 22 milyard 565 milyon dollar olduğu halda bu ilin eyni dövründə 8 faiz azalaraq 20 milyard 776,9 milyon dollar təşkil edib. İdxalımız isə 27,5 faiz artmaqla 7 milyard 493,8 milyon dollardan 9 milyard 556,5 milyon dollara çatıb.

Neft ixracının azalmasına rəğmən ticarət balansının müsbət saldolu olması hələlik Azərbaycanda dollar bolluğunun yaranmasına səbəb olub. Belə ki, bu ilin yanvar-iyul aylarında Mərkəzi Bankın Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 843,9 milyon ABŞ dolları məbləğində satış olub. Mərkəzi Bankın məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5  faiz azdır. Bu il elə valyuta hərracları olub ki, orada hərrac 0 tələblə tamamlanıb. İyundakı hərraclarda banklara cəmi 58.4 milyon dollar satılıb. Yalnız iyul ayında valyuta satışının məbləği 272,7 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 28,5 faiz çoxdur.

Eyni zamanda bu ilin birinci yarısında Azərbaycanda uzun illərdən bəri yaşanmayan fakt qeydə alınıb: əhalinin banklardan dollar alışı banklara bu valyutanın satışından az olub. Mərkəzi Bankın açıqladığı məlumata əsasən, 2023-cü ilin ilk 6 ayı ərzində banklar əhalidən nağd qaydada 797.39 milyon dolları alıblar. Əhali isə banklardan 749.6 milyon dollar alıb. Nəticədə banklar əhaliyə satdıqlarından 47.79 milyon dollar çox vəsait alıb. Müqayisə üçün bildirək ki, 2022-ci ilin ilk ayında bankların əhaliyə satdığı dolların həcmi aldığından 356.9 milyon dollar yüksək olmuşdu. 

İyun ayında banklar əhaliyə 88.44 milyon nağd dollar satdığı halda, onlardan 158.48 milyon dollar alıblar. Bunun nəticəsində dollar/manatın orta məzənnəsi 1.6974 səviyyəsinə düşüb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin birinci yarısında manatın nominal effektiv məzənnəsinin 10,3  faiz  bahalaşdığını bildirir.

Lakin nominal məzənnənin bahalaşması manatın real effektiv məzənnəsinin də möhkəmlənməsi anlamına gəlmir. Ölkədə davam edən yüksək inflyasiya manatın alıcılıq qabiliyyətini sürətlə aşağı salır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 14,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb. 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz azalıb, əvvəlki ilin iyul ayına nisbətən 9,4 faiz  artıb.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2023-cü ilin iyul ayında iyun ayı ilə müqayisədə 0,2 faiz azalıb, əvvəlki ilin iyul ayı ilə müqayisədə isə 10 faiz, 2023-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 12,1 faiz yüksək olub.

Azərbaycan Mərkəzi Bankının son faiz qərarına dair açıqlamasında qeyd olunur ki, inflyasiya tempində müşahidə olunan azalmaya baxmayaraq xarici mühitin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya artırıcı təsir edən amillər kimi qiymətləndirilə bilər. Davam edən geosiyasi münaqişə zəminində beynəlxalq logistika zəncirinin pozulması, bir sıra ölkələrdə inflyasiyanın uzun müddət hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır.

Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.

Artıq qlobal ərzaq bazarında qiymətlərin bahalaşması müşahidə olunmaqdadır. Belə ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən, qlobal ərzaq qiymətləri indeksi iyulda 123,9 bənd təşkil edib. Bu isə iyunla müqayisədə 1,3 faiz artım deməkdir. İllik ifadədə isə qiymətlər 11,8 faiz aşağıdır.

Bununla yanaşı, Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətlərində də artım qeydə alınmaqdadır. 2023-cü ilin iyul ayında bu artım 4,1 faiz(iyunda 0,4 faiz azalma) təşkil edib. İstehsalçı qiymət indeksindəki bu artım növbəti aylarda pərakəndə bazara yansıyacaq.

Nəhayət, Azərbaycanda idxalçı qiymət indeksində də artım var.  2023-cü ilin iyun ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,3 faiz (iyunda 2,1 faiz), əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 14,7 faiz (17,2 faiz), 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,9 faiz (19,8 faiz) artıb. Bütün bunlar cari ilin qalan dövründə inflyasiyanın azalması imkanları kəskin şəkildə məhdudlaşdırır ki, bu da manatın real məzənnəsinin daha da dəyərsizləşməsi deməkdir...

Dünya SAKİT,
“Yeni Müsavat”

17.08.2023 13:52
1776