Əlimizdə nə varsa ona qane olmağı öyrənməliyik. Məsələn, sən ola bilsin Güney Azərbaycanda Səttarxan yetişməsini umursan, ancaq oradan Quzeyə Məmişxan gəlir. Buna görə Bütöv Azərbaycan ideyasından - Əbülfəz bəyin bizə miras qoyub getdiyi sərvətdən imtina edəsi deyilik. Rəhmətlik sağ olanda da Mahmudəli Çöhrəqani gəlirdi. Məmişxanın heç olmasa yaxşı səsi var.
Oxucular yanlış anlamasın, mənim Məmişxan müəllimə və onun ifa sənətinə heç bir iradım yoxdur, ola da bilməz. Sadəcə, repertuar bir qədər dövlətçiliyə uyğun deyil. Mən anlayıram, ağayi Məmişxan repressiv molla rejimində yaşamışdır. Ancaq bunun bizə nə dəxli? Bizdə söz azadlığıdır, heç kəsin ağzını yummaq olmaz, konstitusiyamızda da qızıl hərflərlə həkk edilibdir. Bu isə gəlib özündən hoqqa çıxardır: “Mamana demə”. Niyə deməsin? Mamadan gizli olan işlərdə mütləq bir çirkinlik, pislik vardır. Mamaya demirsən, heç olmasa uçaskovıya məlumat ver. Ya da icra nümayəndəsinə. Nə bilim, bələdiyyəyə. Deputatını tanıyırsansa, ona da olar.
Hərçənd hazırda çoxlu xalqın sözünü deyən deputatlar peyda olubdur, hamısı tanınmış şəxsiyyətlərdir. Səyyad Aran bəzən elə çıxış edir, adam çaşır, fikirləşirsən bəlkə 90-cı illər qayıdıbdır, bir azdan Tahir Kərimlinin üzünə bir vedrə su çırpıb ayıldacaqlar.
Ümumən götürsək, bizdə çox şeylər İrandakından fərqlənir. Məsəl üçün, qadın hüquqları. Biz kişi-qadın bərabərliyinə böyük önəm veririk. Dünən oxucularımızdan Ruslan bəy də bu faktora diqqət yetirmişdir. Yazır ki, 19 yaşadək qadınlardan ibarət futbol yığma komandamız Avropa çempionatının seçmə mərhələsində İsveçrəyə 8:0 uduzmuşdur. Bu isə bizdə gender bərabərliyini göstərirmiş: “Kişilərimiz uduzursa, qadınlarımız da uduzmalıdır”. Halbuki araşdırsan İranın qadın futbolçulardan ibarət 19 yaşlılar komandası bəlkə heç yoxdur.
Bir məsələ də var ki, bu dünyada hamı uğurun yanında olmaq istəyir. Ona görə Güneydən, Quzeydən hər kəs ölkəmizə axışır. (Sərhədi bağlı saxlamaq haqda Zahid Orucun arqumentlərini başa düşün nəhayət. Sərhəd açıq olsa, Məmişxanların qabağını almaq olmaz). Təzəlikcə bir attaşemizin xaricdən 70 kilo qızılı Türkiyəyə aparıb əritmək, yəni satmaq istədiyi bilinmişdi. Deyirlər tutub Bakıya gətiriblər, hazırda türmədə saxlanır. Yəqin qızıl alverinin sirlərini öyrənmək fikrindəyik, çünki rəhmətlik (hamıya rəhmət düşür) Eldar Mahmudovun vaxtında idarədə xeyli əli qızılla oynayan general oğlanlar yetişmişdi. Bu ənənə itməsin gərək.
Ancaq mövzuya qayıtmağım bu səbəbdən deyil. Həmin qızılbarmaq diplomatımızın əski komitə sədrinin qardaşı olması açıqlanmışdı, lakin indi təzə şayiə çıxıb, deyirlər onun yox, başqa birisinin - istefada olan generalın qərdeşidir.
İnşallah, müstəntiqlər qızıl oğlanın həqiqətdə kimin qahımı olmasını araşdırıb ortaya qoyacaqdır. Hamısı dəqiqləşəcək, narahat olmayın. Bir unsiya qızıl da itə bilməz. Sadəcə, sözü ona gətirmək istədim ki, hələ biz uzun müddət onun saxta və gerçək “qohum-qardaşları”, əqrəbası ilə üzləşəcəyik. Hansımızdan 70 kilo qızıl çıxsa, eyni taleyi yaşayardıq. Kasıb-kusuba baxmayın, onlar adətən yetim-yesir olur, həbsə düşəndə heç kim yiyə durmur. Birdən məlum olur ki, bunun dünyada yarım dənə də qahımı yoxdur.
Söhbət xandan düşmüşkən, bir narahatlığımı da yazaraq söhbəti bağlayıram: Naxçıvan Şahmat Federasiyasını ləğv ediblər. Oranı Vasif müəllimin övladı, Maqnus Karlseni diri udmağa qadir Seymur Talıbov yaratmışdı. Yaxşı, Vasifi qovduq, Seymuru qovduq, bunları anlayıram, federasiyanı niyə saxlamırıq?
Üstəlik, hazırda Din Lijenlə Dommaraju Qukeş dünya çempionu olmaq üstündə qırğına çıxan vaxtda Seymur Talıbov bölgədə şahmatı inkişaf etdirə bilməzdimi? Yoxsa şahmat da Məmişxanın ümidinə qaldı?