İdman termini ilə desək, bu dəfə Fransa “final”a Azərbaycanla düşmüşdü. Amma qalibiyyət bizə nəsib oldu. Həm də Fransanı onun öz “meydanı”nda məğlub edə bildik. Çünki BMT TŞ-də dönəm sədri məhz bu ölkə idi. Üstəlik, BMT TŞ-nin 5 daimi üzvündən biri olmağın yaratdığı müəyyən üstünlüklər. Qısası, “gəzəyən” bacı Ermənistanın əxlaqda ondan geri qalmayan böyük bacısı Fransa özünü əməlli-başlı evindəki kimi hiss edirdi.
Fəqət, yanıldı, “doğma divarlar” da kömək eləmədi. Haqq nazilsə də, üzülmədi. Düz yenə əyrini kəsdi. Əlini-əlinə sürtüb neçə gündür böyük ümidlə gözləyən şərəfsiz millətin əli bu dəfə də üzündə qaldı. Erməni-fransız nömrəsi yenə keçmədi. Fransız diplomatların cürbəcür hoqqalarına rəğmən, fiasko qaçılmaza çevrildi...
Erməni lobbisi, onların çörəyini yeyənlər elə bilirdilər BMT TŞ haradasa elə Fransa Senatıdır və bir göstərişlə, yaxud xahiş-minnətlə məsələ bunların xeyirlərinə bitəcək. Azərbaycanı, Türkiyəni fakt qarşısında qoyacaqlar. Səyləri boşa getdi.
Ermənilərə və onların Fransa timsalında havadarlarına yeni təqvim ili ərəfəsi tərs şillə, yaxşı bir sürpriz və dərs oldu. Təbii ki, nəticə çıxarsalar. Çıxarmasalar, gələn dəfə bundan da betər günə düşüb rəzil və rüsvay vəziyyətə düşəcəklər.
Makron və komandasının BMT TŞ çərçivəsində Azərbaycana qarşı 10 gün sürən və misilsiz sırtıqlıqla reallaşdırmağa çalışdığı, elementar etik və beynəlxalq normaları gözardı edən təşəbbüsünün biabırçılıqla sonuclanması həm də dünyada qüvvələr nisbətinin artıq makronların və onların qul-beçələri paşinyanların xeyrinə olmadığını göstərdi. Eyni zamanda, Xankəndidə üçrəngli bayrağımızın dalğalanacağı günün uzaqda olmadığının sanballı bir anonsu, müjdəsi oldu.
Azərbaycan və onun Prezidenti beləcə, Qarabağ məsələsində öz prinsipial mövqeyini, qətiyyətini və iradəsini bir daha hamıya, özəlliklə bölgəmizə, Qarabağa “dal qapı”dan soxulmağa can atan erməni dostlarına nümayiş etdirdi. 2023-cü ilə dövlət və millət olaraq çox güclü bir stimulla giririk.
Davamı mütləq gələcək. Zira, heç kəsin evində, torpağında, haqqında gözümüz yox. Yola davam...