Rusiya Ukraynada işğalçı müharibəni davam etdirməklə yanaşı, Yaxın Şərqdəki proseslərə də təsir etməyə çalışır. Ancaq Rusiya Yaxın Şərqdə təkbaşına fəallaşa bilməyəcəyini anladığından bu məsələdə də strateji tərəfdaşı Çinə ümid edir.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə xatırladılır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl çinli həmkarı Van Yiyə zəng edib: “Nazirlər iki əsas mövzunu müzakirə ediblər. Birinci mövzu BRİKS təşkilatının beynəlxalq aləmdə gücləndirilməsi olub.
Moskva və Pekin bu təşkilatın qapılarını bir çox dövlət üçün açıb, yeni üzvlər qəbul olunub. Moskva və Pekin bu yolla həm tərəfdaşlarının sayını artırmağı, həm də ABŞ-ni müxtəlif bölgələrdə sıxışdırmağı hədəfləyib. BRİKS-ə sədrlik Rusiyaya keçib. Bu ilin oktyabrında Kazan şəhərində təşkilatın sammiti keçiriləcək.
Rusiya sammiti “Qlobal təhlükəsizlik və inkişaf” şüarı altında keçirmək istəyir. Pekin bunu bəyənib. Buna baxmayaraq, digər BRİKS üzvləri, o cümlədən Hindistan, Braziliya, CAR və qurumun yeni üzvü Səudiyyə Ərəbistanı Moskva və Pekinin anti-Qərb siyasətini dəstəkləmir.
Lavrov və Yinin müzakirə etdiyi ikinci mövzu İsrailin Qəzzadakı hərbi əməliyyatı olub. Moskva və Pekin İsrailin hücum əməliyyatının dayandırlmasının vacib olduğu qənaətindədir. Moskva və Pekin bu məsələdə öz aralarında koordinasiyanı gücləndirməyi qərara alıb.
Hər iki ölkə bölgədə Fələstin dövlətinin yaradılmasını vacib bilir. Bunu elə Moskva və Pekinin rəqibi Vaşinqton da istəyir. ABŞ dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı Fələstinin tanınmasının vacibliyini israilli rəsmilərə də izah edib. Blinken bu olmadan İsrailin problemlərinin həll olunmayacağı qənaətindədir. Buna baxmayaraq, Vaşinqton Moskva və Pekinin BMT-də İsrail əleyhinə qətnamə qəbuluna imkan vermir. Lavrov və Van Yi bir daha Qərbin Rusiya və Çinə qarşı siyasətini tənqid edib”.
Böyük Britaniyanın ardınca Fransa da Ukrayna ilə təhlükəsizlik zəmanətinə dair saziş imzalamaq fikrindədir.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş üzərində işi yaxın həftələrdə başa çatdıracaq: “Biz qarşıdakı həftələrdə imzalanacaq zəmanətlərdən ibarət ikitərəfli sazişi yekunlaşdırırıq".
O, həmçinin Kiyevə 40-a yaxın “Scalp” raketi və bir neçə yüz bombanın yeni tədarükünün həyata keçiriləcəyini açıqlayıb.
Makronun sözlərinə görə, Fransa hərbi istehsalı artırmaq üçün hərbi iqtisadiyyata keçib ki, bu da ukraynalıları “Sezar” haubitsaları ilə təmin etməyə imkan verəcək: “Mən özüm fevralda Ukraynaya gedəcəyəm, orada bu mətn üzərində işin başa çatdığını elan edəcəyəm və bu silahların tədarükü artıq başlayacaq”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Qədir Aslanla müzakirə edəcəyik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.