Nazirlər Kabinetinin rəhbəri Mişel Barnye və prezident Emmanuel Makron nə həddindən artıq sola, nə də ifrat sağa icazə verməyərək sağ mərkəzçi hökumət qurublar.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Fransanın yeni baş naziri Mişel Barnye Nazirlər Kabinetinin yaradılmasını elan edib. Kabinetə ölkə prezidenti Emmanuel Makron və mühafizəkar Respublikaçılar partiyasının tərəfdarları daxil olub. Hakimiyyət iyun-iyul aylarında keçirilən növbədənkənar parlament seçkilərində uduzduğu hesab edilən siyasi düşərgəni təmsil edir. Ultra sağçılar bundan qismən razıdırlar, ultra solçular isə tamamilə narazıdırlar. Sonuncular hökumətə etimadsızlıq vəd ediblər.
Hökumətin tərkibinin razılaşdırılması xeyli vaxt aparıb və nəhayət, yalnız şənbə günü axşam ictimaiyyətə təqdim olunub. 39 nazirdən heç biri seçkilərdə qalib gələn ultra solçu Yeni Xalq Cəbhəsi blokunu təmsil etmir. Amma uğursuz çıxış edən prezidentyönlü “Dirçəliş” partiyasının və onun “Respublika naminə birlikdə!” mərkəzçi blokdakı müttəfiqləri çox olub. Məsələn, onun nümayəndəsi Sebastien Lecornu müdafiə naziri postunu saxlayıb. Prezidentin müttəfiqi olan Demokratik Hərəkat Partiyasının nümayəndəsi Jan-Noel Barrot Xarici İşlər Nazirliyinin rəhbəri olub. Nə solçular, nə də Marin Le Pen tərəfdarları heç nə əldə etməyiblər. Birincilər üçün sadəcə simvolik bir “hədiyyə” var: 72 yaşlı Didye Miqo ədliyyə naziri təyin edilib. O, uzun illər Sosialist Partiyasının üzvü olub, 2010-cu ildə siyasətdən gedənə qədər yüksək vəzifələrdə çalışıb. Miqo indi siyasətə qayıdıb, amma artıq sosialist deyil.
İşlərin gedişatından narazı qalan və baş nazir olmaq ümidlər puç olan Melenşon yeni nazirlər kabinetini belə adlandırıb: “Ümumi seçkilərdə uduzanların hakimiyyəti”. İndi o, hökumətə etimadsızlıq səsverməsi vəd edir, amma bunun baş verməsi ehtimalı azdır.
Musavat.com