Makron “artsax”ı Parisə yerləşdirsin - vətəndaş cəmiyyətindən çağırış

Hüquq müdafiəçiləri Fransanın nalayiq siyasətinə qarşı etiraza qalxdı və QHT-ləri birləşməyə dəvət etdi

“Fransanın bizə münasibətindən belə aydın olur ki, Azərbaycanda hüquqi dövlət olmasın, ölkənin bir ərazisində etnik separatizm yaşasın, həbsdə olan quldurları azad edək və gedib yenidən Xankəndidə "öz müqəddəratını təyin etsinlər". Parisin düşmən siyasətinə başqa ad vermək mümkün deyil. Onlara görə Qarabağ erməniləri bizə tabe olmadan ayrıca yaşamalı, biz də muxtar statusu verməliyik. Amma Makron administrasiyasının bu arzusu gözündə qaldı və bundan sonra nə qədər bəyanat verilməsinin heç bir əhəmiyyəti yoxdur". 

Sözcü - Xəzər Teyyublu: Şikayətləri araşdırandan sonra müvafiq dövlət  təşkilatlara sorğular göndəririk

Xəzər Teyyublu

Bu sözləri “Yeni Müsavat”a Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib. Hüquq müdafiəçisi Parisin həftəsonu verdiyi bəyanatı absurdun dibi adlandırıb. QHT rəhbəri hesab edir ki, Fransa bir hüquqi və unikal dövlətə qarşı aşkar şəkildə siyasi həmlələr edir. Hüquq müdafiəçisi Parisin beynəlxalq hüquqa zidd bir mövqedə dayandığını düşünür. “Hətta Beynəlxalq Ədalət Məhkəməsinin qərarı da Fransanı qane etmir. Bunu həyasızlıq və qərəz adlandırmaq lazımdır. Hesab edirəm ki, ölkənin vətəndaş cəmiyyəti, QHT nümayəndələri Fransanın bu düşmənçiliyinə etiraz olaraq Bakıdakı səfirliyinə etiraz məktubu göndərməlidir. Eyni zamanda vətəndaş cəmiyyəti toplanıb rəsmi Parisə, Makrona və Fransa Senatına birgə bəyanatla cavab verməlidir”, - deyə X.Teyyublu təklif edib. Onun fikrincə, Fransa Qarabağ məsələsi qapansa da, yenə daxili işimizə müdaxilə edir. Hüquq müdafiəçisi BMT rəyi olduğu halda hələ də Parisin Qarabağ erməniləri ilə bağlı tutduğu qərəzli mövqe dəyişmək bilmir: “Biz işimizə baxmalıyıq. Makron simasızlığını davam etdirirsə, biz də beynəxalq hüquqa uyğun olaraq addımlarımızı atmalıyıq. Əsas budur ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir və istəməsə də, bunu qəbul edir. Məncə, biz Makronu Xankəndinə dəvət edək, gəlib yerindəcə reallığı görsün. Hərçənd gəlsə belə, yenə yalan danışacaq. Fransa tarixində bu dərəcədə ermənipəsət prezident olmamışdı”.

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev 

“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev Fransanın son davranışlarına etiraz edilməsinin tərəfdarıdır: “Vətəndaş cəmiyyəti bu məsələdə fəal olmalıdır. Qeyri-hökumət təşkilatları ayağa qalxmalıdır və Fransaya etirazını bildirməlidir. Onlar Azərbaycanda ermənilərin yüksək status almasını tələb edir. Əvvəlcə, Korsika üçün bunu özləri etsinlər. Fransa öz ərazisində azsaylı bir topluma muxtar status verməz. Özünə rəva bilmədiyini bizdən gözləmək həyasızlıqdır. Əgər yaxşıdırsa, Fransa Qarabağ ermənilərinə öz şəhərlərindən birində bu hüququ versin, "artsax" separatçılarına da Marseldə yerləşməyə şərait yaratsın. Onsuz da Hadrutun keçmiş oyuncaq meri bugünlərdə müsahibə verib ki, “artsax” Fransada yaşaya bilər. Biz də bu ideyanı dəstəkləyirik. Hara gedirlər getsinlər, Qarabağa gəlməsinlər".

QHT rəhbəri Azərbaycan cəmiyyətinin də aktiv olmasını və Fransa hakimiyyətinə sərt etiraz səsini çatdırmasını zəruri sayır. F.Əliyev Qərb təşkilatlarının da Fransadan geri qalmadığını düşünür: “Avropa özünə etimadı itirir. Qərb dəyərlərinə dəyərsizlik qatır. Bu işdə Avropa Birliyi və Fransa başda gedir. Avropa Parlamenti, Avropa Şurası, ABŞ Konqresi, Kanada, USAİD, Blinkenin kabineti bir klub və kampaniya şəklində iştirak edirlər. Sanki eyni mərkəzdən gələn təlimata uyğun olaraq anti-Azərbaycan kursu götürülüb. Faktiki olaraq, Azərbaycan Qərbin hücumlarına məruz qalıb. Fransa, Kanada kimi ölkələr sanksiyaları belə istisna etmirlər. Amma biz düz yoldayıq, heç bir konvensiyanı pozmamışıq. Ona görə də beynəlxalq təzyiqlər siyasi xarakterlidir və hiyləgər qüvvələrin Cənubi Qafqaz planlarının tərkib hissəsidir. Bu mənada vətəndaş cəmiyyətini bir olmağa və qərəzli çağırışlara, qətnamələrə etiraz bildirməyə dəvət edirəm”.

Xatırladaq ki, rəsmi Bakı ötən həftənin sonu Parisə bəyanatla cavab verib. “Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir”. Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhində belə bildirilib. “Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir. Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib məhkəmənin işlərinə qarışması təəssüf doğurur. Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir. Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”, - bəyanatda qeyd olunub.

Yazını hazırladı: Emil SALAMOĞLU

21.11.2023 14:01
1102