Mahir Emreli: “Hədəfim agent kimi fəaliyyət göstərməkdir” - MÜSAHİBƏ

“Məşqçinin fəlsəfəsini bəyənməyə və ya onunla razılaşmaya bilərsiniz. Amma verilən tapşırıqları yerinə yetirməyə çalışmalısınız və lazımi performansı göstərməlisiniz

Bu sözləri “Report”a müsahibəsi zamanı Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli deyib.

26 yaşlı hücumçu karyerasından söz açıb və gələcək planları barədə danışıb.

- 2022-ci ilin əvvəlindən “Dinamo”nun formasını geyinirsiniz. Bu müddət ərzində karyeranızı necə dəyərləndirirsiniz?

- Bura yeni gələndə ilk dönəmlərdə hər şey yaxşı idi. Üç ay mütəmadi olaraq oynayırdım. Daha sonra baş məşqçi dəyişikliyi bir az planları dəyişdi, çətinliklər yaratdı. Həmin mövsümü yaxşı dəyərləndirirəm. “Legiya”da və “Dinamo”da olan 6 ay birinci ilim üçün kifayət qədər yetərli idi. Nəzərə alaq ki, bu mənim Avropada ilk təcrübəm idi. Son mövsümdə baş məşqçi ilə bağlı bir az problemlər yaşamağa başladım. Bu, 6 ay ərzində maneə yaratdı. Ardınca “Konyaspor”a getdim. Ümumilikdə ötən mövsümü özüm üçün yaxşı qiymətləndirə bilmərəm. Son 6 aya ancaq oyun və meydanda olduğum vaxt baxımından yaxşı demək olar. “Dinamo” ilə müqayisədə daha çox forma şansı əldə edirdim. Düşünürəm ki, son 6 ay o qədər də pis deyildi. Amma, məncə, karyeram və statistika baxımından ən pis mövsümüm idi.

- Bu müddət ərzində bir neçə baş məşqçi dəyişikliyinin olması sizə çox təsir edib?

- Bu, tək mənə yox, komandaya təsir edən məqamdır. Hər mütəxəssisin öz fəlsəfəsi var. Amma hər şeydən önəmli onun kollektivə və oyunçulara yanaşmasıdır. Məşqçinin fəlsəfəsini bəyənməyə və ya onunla razılaşmaya bilərsiniz. Amma verilən tapşırıqları yerinə yetirməyə çalışmalısınız və lazımi performansı göstərməlisiniz. Hər şeyi kənara qoysaq, futbolçunun özünü rahat hiss etməsinə, bacarığını göstərə bilməsinə baş məşqçinin onunla olan münasibəti də təsir edir. Düşünürəm ki, bu cür hallar hər oyunçuya təsir edir.

- Yeni baş məşqçi Sergey Yakiroviçlə münasibətiniz necədir? Onun sizə yetərincə şans verəcəyini hiss edirsinizmi?

- Onun rəhbərliyi altında hələlik bir oyun keçirmişik və nəsə demək tezdir. Amma gələndə də bizə tam olaraq nə istədiyini, ağlında nələrin olduğunu, nələr tələb etdiyini bildirib. Söhbətimiz olub, mənə güvəndiyini deyib. Məsələ artıq əməldədir. Şans verildikcə bunu dəyərləndirməyə və onun etimadını doğrultmağa çalışacağam.

- Legioner həyatına Polşada başlamısınız. “Legiya” karyeranız uğurlu start götürsə də, müəyyən səbəblərdən ayrılmalı oldunuz. Ümumiyyətlə, futbolçu karyeranızda peşman olduğunuz anlar olubmu?

- Xeyr. Yalan danışmıram, həqiqətən olmayıb. Oynadığım komandalarda və meydana çıxdığım matçlarda hər zaman həzz almışam. Peşmanlıq duyulası nöqtədə olmadığımı düşünürəm. Çünki “Qarabağ”dan “Legiya”ya getmişdim. İndi isə daha böyük kluba gəlmişəm. Niyə peşman olmalıyam? Bəzən az oyun vaxtı qazandığım anlar oldu. Bunun da futbola bağlı olan və olmayan tərəfləri var. Sırf bununla bağlı heç bir peşmanlığım yoxdur.

- “Qarabağ”dan ayrılmağa necə qərar verdiniz? Həmin dönəmi xatırlaya bilərsinizmi?

- Bu, bir neçə il beynimdə var idi. Hər dəfə klubla müqaviləni yeniləyəndə fikirləşirdim ki, bəlkə də getməyin vaxtıdır. Son ilimdə artıq qərarımı qətiləşdirmişdim. Özümü yeni sınağa çəkmək niyyətində idim. Həm də ölkədən kənarda oynamaq, böyük klublarda çıxış edən ilk azərbaycanlı olmaq uşaqlı arzum idi. Həmişə bu düşüncə ilə yanaşmışam. Bu qərara da o anda gəlmişəm. Son ildə qəti şəkildə bu yolu tutdum. Uğurlu və ya uğursuz da ola bilərdim. Bu, artıq sonranın mövzusudur. Amma hər zaman beynimdə olub ki, çalışmalıyam. Bunu etmədən bilməyəcəksən. Türklər demişkən, mütləq “denemek lazım”. Bundan sonra karyeramın uğurlu alınıb-alınmayacağını bilmirəm. Amma vicdanım rahatdır ki, mən bunu etmək üçün çalışdım və gecə rahat yata bilirəm. İstəməzdim ki, bir gün arxaya dönüb baxanda “kaş bunu edərdim, yoxlayardım” deyim. Bunun olmaması üçün ölkə xaricinə çıxmaq həyatımda atılan vacib addımlardan idi.

- Məsələn, “Qarabağ”dan ayrılmağa qərar verəndən sonra “Legiya”dan başqa hansı ölkə təmsilçilərindən real təklif olub? Sirr deyilsə, açıqlaya bilərsiniz?

- Rəsmi olaraq Portuqaliyadan iki klub istəyirdi. “Famalikan”, “Riu Ave” məni transfer etmək niyyətində olub. Belçika komandalarından “Mexelen” və “Aud-Heverle” məni istəyib. Bunlar rəsmi təklif göndərən klublar idi, bəzi yalan məlumatlar da çıxmışdı. Danışdığım komandalar bunlar idi. Almaniya Bundesliqasından maraqlanan klub olub. Sonda “Legiya”da qərarımı tutdum. Düşündüm və sonda onları seçdim.

- “Legiya”nı seçməkdə səbəb nə idi? Almaniya Bundesliqasından hansı klub maraqlanırdı?

- Agentin dediyinə görə, “Bohum” idi. Amma yalan da deyə bilər. “Legiya”nı seçməyimdə “Qarabağ”da oynamağın da rolu oldu. Altı il çempion komandada çıxış etdim və o eqo hər zaman insanın içində olur, çempion ruhunu daşımaq istəyirsən. “Bakı”nın yetirməsiyəm, orada da hər zaman uşaq yaşlarında çempionluğa oynamışıq. “Qarabağ”da bunları Qurban Qurbanovla birlikdə peşəkar səviyyəyə gətirə bildim. Düşünürəm ki, o eqo məni “Legiya”ya tərəf apardı. Daha sonra da Xorvatiya çempionu “Dinamo”ya keçdim. Hələlik hər şey istədiyim kimidir.

- “Bakı”nın yetirməsi olduğunuzu qeyd etdiniz. Bu klub karyeranızda hansı rolu oynayıb?

- “Bakı” bizə çox şey verib. Biz ilk uşaq komandaları idik ki, 13-14 yaşlarımızda ölkə xaricinə təlim-məşq toplanışlarına gedirdik. Hansı ki, o vaxt Premyer Liqamızın bəzi böyük komandaları hazırlıq proseslərini ölkə daxilində keçirdilər. Uşaq yaşlarından toplanışlara getmək çox önəmli idi. Hər dəfə yeni məşqçinin gəlməsi, bizə yeni nələrsə öyrətməsini xüsusi vurğulamaq istəyirəm. Fransaya getməyimizi də yaxşı xatırlayıram. Bayaq peşmanlığı soruşdunuz. Bir az o düşüncə var ki, bəlkə də “Lans”da qalsaydım, hər şey daha yaxşı olacaqdı. O da mənim əlimdə olan məsələ deyildi. Sadəcə, fikirləşirəm ki, görəsən, qalmaq üçün nəsə edə bilərdim? Çünki “Lans” məni akademiyasında saxlamaq istədi. 15-16 yaşım var idi. Ya ailə üzvlərimdən biri orada qalmalı idi, ya da kiminsə himayəsində olmalı idim. Sadəcə, həmin vaxt o şəraiti qura bilmədik. Yoxsa “Lans”da qalmağı çox istəyirdim. İdman direktoru məni saxlamağı planlaşdırırdı. Çünki yoldaşlıq oyunlarında özümü yaxşı tərəfdən göstərməyi bacarmışdım. “Bakı” bu baxımdan Azərbaycan futboluna çox şey qatıb. Az müddətdə fəaliyyət göstərmələrinə baxmayaraq, bu gün Premyer Liqamızda “Bakı”nın çox yetirmələri var.

- Ötən mövsüm Türkiyədə “Konyaspor”da çıxış etdiniz. Əksər azərbaycanlı futbolçular məhz Superliqada oynamaq istəyirlər. Orada qalmaq planlarınızda var idi?

- Məncə, Türkiyədə futboldan həzz alanlar yalnız 4 böyük komandanın oyunçularıdır (gülür). Səhv anlaşılmasın, orada hakimliklə bağlı böyük problemlər var. Bunları da daha çox Anadolu komandaları yaşayır. Bu cür amillər də insana toxunur. Hər matçda ayrı-seçkiliyi görmək bir az təsir edir. Yalnız azərbaycanlılar yox, hər bir futbolçu orada oynamaq istəyər. Hər görüşdə və stadionda abu-hava fərqli olur. Nə qədər stadionlarda oynamışam. Səfərdə “Beşiktaş”a, evdə “Qalatasaray”a qarşı çıxış etməyin həzzi başqa idi. “Sarı-qırmızılar”ı məğlub etmək isə tam başqa hiss idi. Türkiyədə futbol sanki müharibə kimidir. İnsanlar bu dərəcədə fanatlıq edirlər.

- Müsahibələrinizin birində belə bir ifadə işlətmişdiniz ki, əsas hədəfim Avropanın top-5 liqalarının əsas klublarından birində oynamaqdır. İndi də o həvəs, istək varmı? Bunun üçün çalışırsınızmı?

- İstəyim və niyyətim hər zaman qalır. Bu, sirr deyil, neçə dəfə tənqid olunmağıma, fitə basılmağıma baxmayaraq, yıxılmamışam. Hər zaman dik durmağı bacarmışam. Ətrafımda olan insanların da bu yöndə dəstəyi çox olub. Həmişə çalışmışam ki, öz istəyimdən geri durmayım. Nə qədər imkanım varsa, məhz bunu əldə etmək üçün də savaşacağam. “Dinamo” həqiqətən dünyanın böyük klublarında biridir. Meydanda və meydandan kənarda doğru olanı etmək istəyirəm. Dediyiniz top-5 liqalar, yaxşı klublar alınsa, olacaq. Əsas özüm bilim ki, oyunlarda yaxşı çıxış etmişəm. Digər məsələləri zaman göstərəcək. Dünyada elə istedadlı futbolçular var ki, bir az aşağı səviyyəli çempionatlarda oynayırlar. Bəzən belə anlarda insanın bəxti də önəmlidir.

- Bəlkə də bu fikirləri çox işlətmişik. Sizcə, azərbaycanlı futbolçuların əksəriyyəti niyə legioner həyatı yaşaya bilmir. Sayımızın digər ölkələrdən az olmasını nə ilə əlaqələndirirsiniz?

- Futbolçularımızın ölkə xaricinə çıxa bilməməsinə bir söz demək istəmirəm. Bəzilərinin imkanı olur, amma getmirlər. Bu, prioritet məsələsidir. Belə məşhur ifadə var: niyyətin hara, mənzilin də ora. Heç kimi qınamaq da istəmirəm. Sadəcə, birinci addım hər zaman çətin olur. Bu, kimisə çəkindirə bilər. Açıq danışaq. Avropada bizim çempionatla bağlı fikirlər hamıya məlumdur. Tanınmış klubun idman direktoru ilə söhbət edirdim. Dedi ki, mənə maraqlı deyil, sənin futbolçun Azərbaycan Premyer Liqasında 50 dənə qol vursun. Yanaşma belədir. Ona görə təklif olanda risk edib ölkədən çıxmalısan ki, mən tək orada yox, burada da qollar vura bilirəm. Bəzi futbolçular komfort zonasından çıxmaq istəmirlər. Evindədirlər və yaxşı maaşları var. Onları da qınaya bilmərəm. Futbolçuları yalnız həmkarları başa düşür.

- Bəzi oyunçuların komfort zonadan çıxmaq istəmədiklərini qeyd etdiniz. Məsələn, Mahir Emreli Zaqrebdə, azərbaycanlıların demək olar ki, olmadığı şəhərdə boş vaxtlarını necə keçirir?

- Hər şey yaşam tərzindən asılıdır. Günlük planım var və bunu komandanın məşqinə əsasən qururam. Komandanın məşqi axşam olanda özüm səhər fərdi məşq edərəm. Qalan vaxtda isə evdə oluram, film izləyirəm, şəhərdə kofe içirəm və s. Öyrəşmək o qədər də çətin deyil. İnsan oğlu hər şeyə öyrəşir. Dünyada tək də qalsan, ona da öyrəşməli olarsan. Allah bizi elə yaradıb ki, insan beyni hər şeyə öyrəşə bilir. Tarixdə də olub, adaya üç nəfər düşüb, daha sonra elə yaşamağa alışıblar. Futbolçu beynində qərar verməlidir və hər şeyi nəzərə almalıdır. Burada darıxmaq da olacaq. Yalan danışmayım, mənim də sıxıldığım vaxtlar olub. Burada, ümumiyyətlə, azərbaycanlılar yoxdur. Bəzən söhbət etməyə adam axtarırsan. İndi isə darıxmaq yoxdur, istədiyin şəxsə görüntülü zəng edə bilirsən. Dost-tanış yanımıza gəlir, siz gəlirsiniz. Hər zaman görüşmək və yerlilərimi görmək xoşdur. Futbolçulara məsləhət də vermək çətindir. Çünki onların nələr istədiyini bilmirəm. Əlbəttə ki, Avropaya çıxmaq lazımdır. Mən də istəyərəm ki, burada daha çox olaq.

- Bəzi transfer şayiələri dolaşır. Bu mövsüm “Dinamo”da qalacaqsınız?

- 2026-cı ilə qədər sözləşməm var. Bu, müzakirə mövzusu deyil. Amma transferin son gününə qədər də bir söz deyə bilmərəm. Futbol elə şeydir ki, hər şey baş verə bilər. Hazırkı durum onu göstərir ki, buradayam.

- “Qarabağ”dan ayrıldıqdan sonra mətbuatda bir neçə dəfə sizin geri qayıdacağınızla bağlı xəbərlər dolaşıb...

- Xeyr. Belə imkan olmayıb.

- Ümumiyyətlə, yenidən “Qarabağ”da çıxış etmək və ya karyeranızı məhz orada bitirməyi düşünürsünüz?

- Bəlkə də ola bilər. Beynimdə bu fikir hər zaman dolaşır. Burada çox amillər var. Məsələn, orada bitirmək istəyərsən, klub razılaşmaz. Qarşıdakı dönəmdə bugünkü “Qarabağ” olmaya da bilər. Əslində, o anı düşünmək belə istəmirəm. Bu günlə yaşamaq yaxşıdır. Doğru nədirsə, onu da etmək niyyətindəyəm. Gecə yatanda vicdanım rahat olsun ki, günümü doğru şəkildə keçirdim. Həyat bizə nə göstərəcəksə, onu da yaşayacağıq.

- Karyeranızı bitirəndən sonra məşqçiliyə başlamaq kimi düşüncə var?

- Bəzən evdə bu barədə söhbət edirik. Ailəm baş məşqçi olmağımı istəyir. Mən isə özümü orada görmürəm. Daha çox skaut və ya idman direktoru kimi fəaliyyət göstərə bilərəm. Avropada istədiyim karyeranı yaşaya bilsəm, hədəfim agent kimi fəaliyyət göstərməkdir. Beləliklə, azərbaycanlı futbolçuları Avropaya daha çox çıxarmağı planlaşdıracağam.

- Əvvəlki suala qayıtmaq istərdim. Xorvatiyaya gələndən sonra dili öyrənməyə çalışmısınız?

- Xorvat dilini artıq öyrənmişəm. Bunda çətinlik çəkmədim. Rus dili ilə oxşarlığı var. Bəzi türk sözləri ilə isə demək olar ki, eynidir. Artıq fransız dili dərslərinə getməyə də başlamışam. Çünki mənim də marağım olub. Qjeqoj Krıxovyakın müsahibəsini görmüşdüm. Səhv etmirəmsə, 7 dildə ona suallar verdilər və hamısına da səlis cavab verdi. Dil öyrənmək uyğunlaşmaq üçün çox önəmlidir. Kiminsə Azərbaycana gəlməsi və bizim dili öyrənib danışması xoşdur. Videolarda görürük, Kevin Medina, Riçard Almeyda və “Qarabağ”dan ayrılan Kadi Borges nəsə deyəndə azarkeşlərə xoş gəlirdi. Dili bilmək məşqçilərlə ünsiyyət baxımından da önəmlidir. Ona fikrini öz dilində başa salmaq daha rahatdır.

- Zaqrebdə futbolçulara münasibət necədir?

- Bura çox sakit şəhərdir. Çox insan burada bir-birini tanıyır. Varşava ilə müqayisədə daha sakitdirlər. Biz ailəmiz də burada olanda birlikdə rahat şəkildə şəhərə çıxırıq. Görsələr də, ailəmlə olduğumu başa düşürlər və yaxınlaşmırlar. Yaxınlaşıb şəkil çəkdirənlər də var. Daha çox səni narahat etməməyə çalışırlar. Yanından keçəndə azarkeşlərin biri “Dinamo” qışqırar və ya “uğurlar” deyər.

- Milli komanda AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasını qəbul edəcək. Daha sonra isə yoldaşlıq görüşündə İordaniya ilə görüşəcək. Bu qarşılaşmalar haqqında fikirlərinizi bilmək istərdik.

- Belçika yığmasında çıxış edən futbolçular hər kəsə məlumdur. Amma yenə də qarşılaşma bitənə qədər hər zaman ümidliyəm. Evdə oynayacağıq. Bu görüşə daha çox azarkeşin gələcəyinə və bizə dəstək olacağına inanıram. Yaxşı nəticə qazanmaq üçün potensialımız var. Rəqibi doğru təhlil etməliyik. Hər iki dueldə yaxşı nəticəyə inanmalıyıq. İndiki dönəmdə kimsə digərindən çəkinməli deyil.

- “Qarabağ”ın ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində iştirakını təmin etməsi barədə nə deyə bilərsiniz?

- “Qarabağ” artıq neçə illərdir bizi sevindirir. Ümid edirəm ki, bu il Avropa Liqasının qrupuna düşəcəklər. “Qarabağ” ölkəmiz və Azərbaycan futbolu üçün çox şey deməkdir. İnsanlar bu klubun qədrini və dəyərini bilməlidirlər. Bu klubu qorumalıyıq. Azərbaycan və futbol deyəndə, hər kəs “Qarabağ”ı tanıyır və hörmətlə yanaşır. Uğursuzluqlar da olur. Neçə ildir görürəm ki, Çempionlar Liqasının qrupuna düşmək uğrunda mübarizə aparırlar. Bu o demək deyil ki, zəifləyiblər. Bu fikirlə razı deyiləm. Hər zaman “Qarabağ”a dəstək olmalıyıq. Tənqidlərimizi də edə bilərik. Amma hər zaman bu klubu ovcumuzun içində saxlamalı və qorumalıyıq.

- “Dinamo”nun avrokubok perspektivini necə görürsünüz? Hara qədər irəliləyə bilərsiniz?

- Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə Çexiyanın “Sparta” klubunu məğlub etdik. Onlar ciddi rəqibdirlər. Cavab matçında hər şeyi ortaya qoyacaqlar. Amma bir az üstünük. Bu oyuna da ciddi hazırlaşmalıyıq. İndiki qrafik bir az çətindir. 3 gündən bir oyunlara çıxırıq. Bir az ağır gəlir. Düşünürəm ki, bunu bacaracağıq və Avropa Liqasının qrupunda olacağıq. Hətta qrupdan çıxmağı da planlaşdırırıq.

- Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimovun vəfat etdiyini Xorvatiyada öyrəndik. Onunla bağlı xatirələrinizi bölüşə bilərsiniz?

- Şəhriyar Rəhimovla az müddət millidə oynamışıq. Amma gördüyüm ən təmizqəlbli insanlardan biri idi. Çox səmimi və meydanda maksimumunu verən oyunçulardan idi. Hər zaman tam gücü ilə mübarizə aparırdı. Belə cavan yaşda dünyasını dəyişməsi məni üzdü. Xəbəri oxuyanda inana bilmədim. Bunu demək istəyirəm ki, bizim ölkə çox futbolçu yetişdirmir. Hər birimizə sahib çıxmalıyıq. Bunu edənlər də var, etməyənlər də. Biz oyunçular olaraq bunu dərk edirik və düşünürəm ki, futbolçular özümüz-özümüzə sahib çıxmalıyıq. İnsanlar sahib çıxmaya bilər. Öz seçimləridir və deyəcək sözüm də yoxdur. Fikirlərinə də qarışmayacağam. Bu cür hallar olanda dərk etməliyik ki, biz futbolçuları ilə zəngin olan ölkə deyilik. Hamısının da qədrini bilməliyik. Şəhriyar cavan idi, onun kimi meydanda maksimum mübarizə aparan futbolçular daha üç il də oynayardı. Allah rəhmət eləsin.

28.08.2023 18:47
1878