Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Ötən həftə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfərin köçürülməsi reallaşıb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə İlham Əliyevə, birinci xanıma Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.
Əslən Laçından olan deputat Mahir Abbaszadə son 9 ayda Laçında çox ciddi işlərin görüldüyünü diqqətə çatdırdı: “Torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda duran əsas məsələlərdən biri də həmin azad edilən ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirmək, sərhədlərimizdə davamlı sülhü və təhlükəsizliyi təmin etmək, uzun illər ərzində məcburi köçkün düşmüş insanları öz torpaqlarına qaytarmaq, burada onlar üçün normal həyat şəraiti yaratmaq, onların sosial imkanlarını artırmaqdır. Bu məqsədlə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2022-26-cı illər üçün "Böyük Qayıdış"ı təmin etmək məqsədilə Dövlət Proqramı da qəbul olunub. Bu proqrama da uyğun olaraq, ərazilərin bərpa edilməsi, sosial obyektlərin tikilməsi, yeni iş yerlərinin açılması, vergi güzəştlərinin tətbiq olunması və digər mühüm məsələlər öz əksini tapıb. Laçın şəhərinin mərkəzində bərpa-quruculuq işləri sürətlə gedib. Cəmi 9 ay müddətində bu işlər sürətlə görülüb. Məcburi köçkünlər artıq sürətlə şəhər mərkəzinə köçürülməyə başlayıb. Köçürülən ailələrin evləri dövlət tərəfindən tam şəkildə hazırlanıb təhvil verilib. Bizdə olan məlumata görə, həftənin iki günü bu köç prosesi həyata keçirilir. İlin sonuna qədər Laçının şəhər mərkəzinə 720 ailənin köçürülməsi nəzərdə tutulub. Zabux və Sus kəndlərinə də ilin sonuna qədər köç nəzərdə tutulub və bütövlükdə Laçına bu il üçün min ailənin köçürülməsi nəzərdə tutulub. Təhlükəsizlik məsələlərinin tam həlli üçün də dövlət tərəfindən ciddi işlər görülür. Bu təhlükəsizliyi təmin edən əsas məsələlərdən biri Xankəndi-Gorus yolunun Laçın rayonundan keçən hissəsində sərhəd keçid məntəqəsinin qurulmasıdır. Bu, Qarabağda hərbi risklərin azalması nöqteyi-nəzərindən çox vacib bir məqamdır. Çünki biz yaxşı bilirdik ki, ermənilər bu yoldan hərbi məqsədlər üçün istifadə edirdilər. Bu keçid məntəqəsi suveren ərazimizdə ordumuz tərəfindən qoyulub. Ermənilərin bu yolla bağlı qaldırdıqları hay-küy heç bir nəticə verməyəcək. Bu yaxınlarda artıq müraciət edilmiş məhkəmə də ermənilərin iddiasını rədd etdi. Mənə elə gəlir ki, qarşıdakı illərdə də Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarına da Böyük Qayıdış prosesi sürətlə davam edəcək. Çünki cənab Prezident tərəfindən bu ərazilərin böyük əksəriyyətində təməlqoyma mərasimləri keçirilib. İndi bəzi ərazilərdə söküntü, tikinti işləri sürətlə davam edir. Bundan sonrakı illərdə də ölkə rəhbərinin siyasi iradəsi, Azərbaycan dövlətinin imkan verdiyi güc nəticəsində illərdir ki, xalqımızın gözlədiyi bu proses davamlı olaraq sürətlə gedəcək. Nəticədə insanlar öz dədə-baba yurdlarına köçüb daimi yaşayacaqlar".
HAZIRLADI: Cavanşir ABBASLI