Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Macarıstan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Musavat.com MN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Xüsusi Təyinatlı Qüvvələrin “N” hərbi hissəsində olublar.
Hərbi hissənin qərargahında qonaqlara xüsusi təyinatlıların döyüş təcrübəsini əks etdirən brifinq təqdim olunub.
Sonra macarıstanlı qonaqlar hərbi hissədə görülən işlərlə tanış olub.
Macarıstan nümayəndə heyətinə xüsusi əməliyyat qrupunun taktiki fəaliyyəti, həmçinin bölmələrin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası nümayiş olunub.
Keçirilən görüşün məqsədi mümkün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsinin aparılması, eləcə də qarşılıqlı əlaqələrin inkişafı istiqamətində təkliflərin müzakirə edilməsidir.