Macarıstan şirkəti Rusiyadan neft idxalını davam etdirmək üçün müqavilələr imzaladı

Macarıstanın MOL Group şirkəti neft tədarükçüləri və boru kəməri operatorları ilə xam neftin Drujba kəməri ilə Belarus və Ukraynadan keçməklə Macarıstan və Slovakiyaya fasiləsiz nəqlini təmin etmək üçün müqavilələr bağlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, razılaşmalara əsasən, sentyabrın 9-dan Belarus və Ukrayna sərhədində göstərilən neft həcmləri MOL Group-un mülkiyyətinə keçir. Qeyd olunur ki, yenilənmiş sənədlər bütün sanksiyalara, o cümlədən Avropa İttifaqının və Ukraynanın sanksiyalarına tam uyğundur. Xəbər verdiyimiz kimi, Macarıstan və Slovakiya Ukraynanın tətbiq etdiyi tranzit qadağası səbəbindən iyulun ortalarında LUKOIL-dan boru kəməri neftinin qəbulunu dayandırıb. Kiyev Drujba neft kəmərinin Ukrayna hissəsindən Mərkəzi Avropaya daxil olan neftin tranzitini faktiki olaraq qadağan edərək, Rusiya şirkətinə qarşı sanksiyaları sərtləşdirib. Bundan əvvəl LUKOIL Macarıstanın idxalının təxminən üçdə birini və Slovakiyanın idxalının 40-45 faizini təmin edirdi.

Həmçinin məlum olub ki, “Tatneft” LUKOIL-un Slovakiya və Macarıstandakı neft emalı zavodlarına tədarükünü əvəz edib.

 

Musavat.com

09.09.2024 23:16
265