“Göbəyin ağ dələmə,
Görmüşəm, düymələmə!”
(Əbdürrəhim bəy Haqverdiyev, “Marallarım” əsərindən)
Öncədən qeyd edim: mən Lorentso Kuinn-i bizə təqdim elədikləri kimi “dünya şöhrətli heykəltəraş” saymıram. Heç sənət aləmində də belə bir şey yoxdur, Lorentso müəllimi orada daha çox ünlü aktyor Entoni Kuinn-in oğlu kimi tanıyırlar. Lorentso-nun yaradıcılığı mənə görə kitçin, şablonun, “şirpotreb”in tipik örnəklərindən biridir. Əgər kitç nədir soruşan olsa, azərbaycandilli Vikipediyanın cavabıyla canımı qurtarıram: “Kitç (almanca Kitsch) — məşhur və mədəni simvolları istifadə edərək kütləvi istehsal edilən incəsənət və ya dizaynın aşağı mədəniyyət stili”. Orada buna örnək olaraq bağlara qoyulan cırtdan-mırtdan heykəlcikləri göstərilib və məncə çox yaxşı misaldır.
Elə Kuinnin Bakıya gətirilən nakam heykəlləri də əslində o bağ cırtdanlarının bir az modern formaları idi. Yoxsa indiki dünyada əl-ayaq, planeti ovcunda tutan adam, nə bilim, metal torun içində heykəl tipli ucuz pafoslu şeylər kimi təəccübləndirir? (Bayaq “əl-ayaq” yazanda ağlıma gəldi, niyə bizdə xaşa, kəlləpaça və dırnağa heykəl yoxdur? Sevə-sevə önünə gedərdim). Sanarsan Azdrama-da tamaşaya baxırsan, aktrisa da səhnədən dünyaya hayqırır: “Eyyy, insanlar, gəlinnnn, planetimizi qoruyaaaaaq!” Burada “aaa” səsi nə qədər uzun olsa rejissorun əməkdar incəsənət xadimi adı almaq ehtimalı o qədər artırmış.
Burada haqlı olaraq sual ortaya çıxır ki, özümüzdə heykəltəraş yoxdurmu, Kuinni küçə və meydanlara düzməyə məcburuq? Sizə bəd xəbər verməliyəm: yoxdur. Hər halda, varsa da biz görmürük, çünki son illərdə incənətin bu sahəsi ilə məşğulat etməyi bizdə sanki Ömər müəllim inhisara alıb, qalanları da əli təsbehli həci, poni minmiş Koroğlu, sazı boynunda çalan aşıq və sairə “yaratmaqdan” uzağa getmir. Ya da uzağı səkkiz rəqəminə heykəl qoyuruq.
Mən sizə bir bəd xəbər də verim ki, əslində bizim sovet dövrü heykəltəraşlığımız da böyük xarüqələri ilə seçilmir. O çağın heykəlləri eyni tipli, forması və məzmunu nəsə maraqlı bir şey ifadə etməyən, obrazın mahiyyətini açmayan şablon “kukla”lardan ibarətdir. Məsələn, Nizami ilə Füzulini, Nəsimi ilə Cabbarlını nə fərqləndirir? Demək olar heç nə. Hətta postamentdəki adları dəyişsən camaat fərqi başa düşməz. Bir az guya “Azad qadın” heykəli nəsə ifadə edir, ancaq onu da heykəltəraş elə düzəldib ki, anlamaq olmur bu qadın çadrasını örtməyə hazırlaşır, yoxsa açmağa.
Çadra yazaraq gəldik əsas məsələyə. Yəqin xəbəriniz var, Kuinn müəllimin Bakıdakı heykəllərindən biri, bəzi jurnalistlərimizin yazdığı kimi, “lüt qadın” heykəli idi və onu qısa müddət sonra ərazidən götürdülər. Deyilənə görə xalq etiraz edirmiş. “Ana-bacımız var, əyibdür” və sairə teması. Hərçənd, bu etirazlar harda, necə ifadə olundu, mənə məlum deyil. Bəlkə heykəlin önündə piket olub?
O cümlədən, hökumətdən gələn “heykəl bir həftəliyə qoyulmuşdu, vaxtı bitdi, götürdük” açıqlaması da inandırıcı deyil, çünki sərgi açılan gün bunun gələn ilin yazınacan davam edəcəyi söylənmişdi. Bəlkə hökumət xalqın ev-eşikdəki, sosial şəbəkə-filandakı deyinmələrini nəzərə alıb, addım atıb? Ola bilər. Açığı, çox da maraqlı tema saymıram. Yuxarıda yazdığım kimi, götürülən heykəlin sənət dəyəri olsa, bəlkə təsirlənərdim.
Hadisənin bir ironik detalı da var. Sökülən heykəl “Təbiətin gücü” adlanırdı və Yer kürəsini iplə tutub saxlamağa çalışan zənən xeylağı fiquru idi. Belə çıxır bizdə təbiətin gücü keçmir. Nə olsun anadan, təbiətən lüt doğulmusan, zəhmət çək, abırlı geyin. Vaxtilə Bakıda Kukla Teatrının fasadında iki qadın heykəlciyi də var idi və Hacıbala müəllim şəhərin müdiri olanda onların məmələrini daş paltarla örtmüşdü ki, tamaşaya gələn cocuqlar şoka düşməsin. Halbuki, bəlkə o uşaqlar üçün heykəlin həmin elementi daha əziz idi. Nə etmək olar, hökumət deyir geyin, geyinməlisən.
İşin daha bir kuryoz cəhəti isə yuxarıda yazdığım kimi, heykəltəraşın atasının aktyor Entoni Kuinn olmasıdır. Axı bizim camaat bu aktyoru daha çox rejissor Mustafa Akkad-ın 1976-cı ildə çəkdiyi, islam peyğəmbərinin həyatından bəhs edən “Çağırış” filmindəki peyğəmbərin dayısı Həmzə rolunun mükəmməl ifaçısı kimi tanıyır. Atan o cür mənəviyyatlı, sən də ayıb heykəllər düzəlt... Necə deyərlər, oddan kül törəyib. Buna dözmək olmazdı.
Hə, bir də internetdə müzakirələr zamanı “biz dünyəvi dövlətik, dindarlar niyə heykəllərə də qarışır”-filan yazanlara xalq belə cavab verirdi: “Kimin lüt arvad heykəli xoşuna gəlirsə, aparsın öz bağına qoysun, doyunca baxsın”.
İndi gözləyək, görək “Təbiətin gücü” axırda kimin bağından çıxacaq.
P.S. “Azad qadın”ın atdığı çadranı “Təbiətin gücü”nə bürüməklə balans tapmaq olardı.