"Allah eləməsin, Belarusda qadın prezident seçilsin. Belarusda prezident həm də Ali Baş Komandandır".
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Bu, ən çətin işdir. Qadını belə yükləməyə ehtiyac yoxdur, bu, mərasim vəzifəsi deyil. Ola bilsin, zaman keçdikcə biz də bu üsluba gələcəyik. Amma hələlik o, fərqlidir. Qadınların qarşısında baş əyirəm və onların rolunu heç də aşağılamıram. Amma yanımızda olmalıdırlar", - Lukaşenko bildirib.
Onun bu fikirləri xeyli müzakirə yaradıb.
Bəs Lukaşenko bu fikirlərində nə qədər haqlıdır?
"Əlbəttə ki, Belarus prezidenti Aleksandr Lukaşenko qadın liderlərə dair açıqlamalarında haqlı deyil".
Bu sözləri politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib.
Politoloq qeyd edib ki, yaxın və uzaq tarixə nəzər saldıqda, qadın liderlərin ölkələri uğurla idarə etdiyinin bir çox nümunəsini görmək mümkündür:
"Kleopatra, II Yelizaveta, Angela Merkel, Casinda Ardern, Sanna Marin kimi qadın liderlər öz dövrlərində güclü idarəçilikləri və müdrik qərarları ilə həm cəmiyyətlərinə, həm də beynəlxalq ictimaiyyətə böyük təsir göstəriblər. İndinin özündə də bir çox ölkədə qadın prezidentlər, baş nazirlər və digər yüksək vəzifəli məmurlar fəaliyyət göstərir və özlərini təsdiq edirlər.
Lukaşenkonun "Allah eləməsin, Belarusda qadın prezident seçilsin" kimi ifadələri aşağılayıcı məna da daşıyır. Bu, sanki qadınların yalnız ailə ilə məhdudlaşmalı olduğu düşüncəsini təsdiqləməyə çalışır. Halbuki müasir dünyada ailə məsuliyyətləri həm qadının, həm də kişinin üzərinə düşən bərabər bir yükdür. Bir kişinin qadının yerinin yalnız ev olduğunu düşünməsi artıq keçmişin qalığıdır. Qadınlar bu gün iqtisadiyyatda, elmdə, mədəniyyətdə və siyasətdə yüksək mövqelərdə yer alırlar və onların idarəçilik qabiliyyətini sorğulamaq ədalətsizlikdir.
Qadınların siyasətə qatılması yalnız gender bərabərliyinin deyil, həm də cəmiyyətin daha inklüziv və demokratik olmasının göstəricisidir. Əgər qadın liderlər cəmiyyətin etimadını qazana bilirsə və öz liderlik keyfiyyətləri ilə fərqlənirsə, onların dövlət rəhbəri olması tamamilə təbii və qanunidir. Əksinə, qadınların idarəçilikdən kənarlaşdırılması cəmiyyətin potensialını məhdudlaşdırır. Hətta bir çox Şərq ölkələrində belə, qadınların parlamentdə və digər idarəetmə strukturlarında təmsil olunması üçün kvotalar tətbiq edilir. Bu, qadınların hüquqlarını tanımaq və cəmiyyətin müxtəlifliyini təmin etmək baxımından mühüm bir addımdır".
Xalidə Gəray
Musavat.com