Lukaşenkonun Azərbaycana və onun liderinə verdiyi dəyər – Səmərəli səfər

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri təkcə ölkəmizdə yox, Qriqoryeviçin vətənində də, Rusiyada da, bəzi Avropa ölkələrində də diqqət mərkəzinə düşüb.

Rusiyada bəzi media orqanlarında “Lukaşenko Əliyevi “Qafqazın lideri” təyin etdi” kimi başlıqlar verilib, Azərbaycanla Belarus arasında aparılan danışıqlardan bəhs olunub.

Belarus lideri ilə Azərbaycan Prezidenti arasında aparılan təkbətək danışıqlarda və geniş tərkibdə keçirilən görüşlərdə ölkələrimizin mehriban dostlar olduğu, əksər məsələlərdə rahat anlaşdığı ətrafında gedib, münasibətlərin dinamik inkişafı qeyd olunub.

Əslində Rusiya mətbuatı yanılmır, hələ II Qarabağ savaşından əvvəl A.Lukaşenko Ermənistan liderləri ilə telefon danışıqlarında, MDB sammitləri çərçivəsində keçirilən görüşlərdə onlara Azərbaycanla anlaşmalı, İlham Əliyevlə dil tapmalı olduqları barədə dəfələrlə söhbət edib, onlara başa salmağa çalışıb ki, “sonra pis olacaq”.

Bu şəxsin - Lukaşenkonun Prezident İlham Əliyevə xüsusi simpatiyası var və bunun səbəbləri çox da dərində deyil. Məsələ ondadır ki, Lukaşenko Azərbaycan rəhbərinin sözdə deyil, əməldə necə müttəfiq olduğunu, necə deyərlər, yaman gündə sınayıb.

4 il öncə Rusiya və onun sadiq, 1 nömrəli dostu-müttəfiqi Belarus arasında nəsə bir anlaşılmazlıq olmuşdu. Ya Belarus prezidenti Avropa ilə yaxınlaşmağa meyllənmişdi, ya da ortada nəsə baş vermişdi, axır ki, RF prezidenti Vladimir Putin Belarus qarşısında qəti şəkildə tələb qoymuşdu ki, 24 saat ərzində, hətta gecəylə Belarusun təbii qaza görə Rusiyaya olan borcu tam ödənilməlidir. Bu, təxminən 200 milyon dollar civarında pul idi. Belarus bir neçə gün vaxt istəsə də, Moskva güzəştə getməmişdi. O zaman Lukaşenko təcili şəkildə Azərbaycan rəhbərinə zəng etmiş, borc istəmiş və onun xahişi dərhal yerinə yetirilmişdi.

O zamandan bəri Lukaşenko yeri gəldikcə bu hadisəni xatırlayır və Azərbaycanın “dar günün dostu” olduğunu vurğulayır.

Azərbaycan və Belarus arasındakı əlaqələr isə təkcə dövlət rəhbərlərinin anlaşması, dostluq münasibətləri ilə yekunlaşmır. Hər iki dövlətin qarşılıqlı iqtisadi-ticari əməkdaşlığı müsbət plandadır və bu potensialı daha da artırmaq üçün lazımi tədbirlər görülməsi planlaşdırılır.

Bu məsələ ilə məşğul olmaq üçün yaradılmış hökumətlərarası komissiyanın gündəliyində kifayət qədər konkret layihələr var. Belarusda və Azərbaycanda birgə istehsalın təşkili, illər öncə yaradılmış birgə istehsal potensialının artırılması nəzərdə tutulur. Bu, ilk növbədə, maşınqayırma sənayesini əhatə edəcək. Bundan başqa, Belarusla Azərbaycanın hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda səmərəli əməkdaşlıq etməsi üçün münbit şərait və təşəbbüslər var.

Bir çox başqa ölkələr kimi, Belarus şirkətləri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Bu, olduqca böyük layihədir. Söhbət Avropadakı bir neçə cırtdan dövlətin ərazisindən böyük əraziyə malik mahalların yenidən qurulmasından, tikilməsindən, müasir standartlara cavab verən, hər cür infrastruktura malik yaşayış məskənlərinə çevrilməsindən gedir. Azərbaycan bütün bu işləri təkbaşına etsə, bu, uzun vaxt aparar, ona görə də başda Türkiyə olmaqla, digər dost ölkələr bu işə cəlb edilməkdədir. Belarus da o sıradadır.

e9eb45e6-9031-31a7-b66d-83e2aa16.jpg (102 KB)

Azərbaycan Prezidenti İlham Əliyevilə Belarus lideri Aleksandr Lukaşenkonun görüşündə qeyd olunub ki, Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Azərbaycan rəhbəri deyib ki, birinci dərəcəli vəzifə keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. “Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”, - Prezident deyib.

Bu iki ölkənin beynəlxalq müstəvidə də bir-birinə dəstək verməsi önəmlidir. Məlum olduğu kimi, Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar onun ən yaxın müttəfiqi Belarus da ABŞ və Avropa tərəfindən tənqidlərə, sanksiyalara, hədələrə məruz qalır. Eyni zamanda Azərbaycan öz torpaqlarını silahlı erməni separatçılarından azad etdiyinə görə Avropa miqysında haqsız tənqidlərin hədəfindədir. Bu iki durum Belarus və Azərbaycanı təbii müttəfiqlərə çevirir. Yəni Azərbaycan və Belarusun münasibətləri əvvəlcədən normal olmasaydı, bu saatdan sonra onlar yaxınlaşmağa məcbur idilər. Əks təqdirdə təklənə bilərdilər.

Dünənki görüşlərdə Azərbaycan və Belarus arasında bir sıra sənədlər imzalanıb. Onların arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq barədə, baytarlıq sahəsində əməkdaşlığa dair, turizm sahəsində əməkdaşlığın inkişafı xüsusunda protokollar var. Bundan başqa, bu iki dövlət arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum da imzalanıb.

yrıca imzalanan anlaşma memorandumuna görə, Azərbaycanın Gəncə və Belarusun Qomel, eləcə də bizim Qəbələ şəhəri ilə onların Qrodno şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulacaq.

444333luk.JPG (65 KB)

Rusiya mediasının diqqət yetirdiyi məqam isə Aleksandr Lukaşenkonun mətbuata verdiyi bəyanatda səslənib. O, Azərbaycanın son illər böyük nailiyyətlər əldə etdiyini, uzun müddət səhraya çevrilmiş torpaqlarını geri qaytardığını vurğulayaraq, deyib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.

Musavat.com

17.05.2024 11:28
2586