Liviyada neft hasilatının əvvəlki səviyyəsi bərpa olunur – Qiymətlər düşəcək

Liviyada neft hasilatının həcmi sutkada 1,3 milyon barrelə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası (MOC) Facebook-da məlumat yayıb

Açıqlamaya görə, “son 24 saat ərzində 1,305,059 barrel səviyyə qeydə alınıb” və “hasilat səviyyəsinin artırılması istiqamətində işlər davam edir”. Oktyabrın 10-da Liviyada neft hasilatı sutkada 1,2 milyon barrelə qayıdıb.

Xatırladaq ki, sentyabrın 23-də Liviyanın şərqindəki hökumət başçısı Usamə Hammad Liviya mərkəzi bankının rəhbərliyinə və işçilərinə hücumlara, habelə bəzi “qanunsuz qrupların cəhdlərinə” etiraz olaraq neft ixracını və hasilatını dayandırdığını elan edib. Hammad hansı birləşmələri nəzərdə tutduğunu göstərməyib. Liviya Əl Əhrar telekanalı qeyd edib ki, gərginlik Liviya Prezident Şurasının rəhbəri Məhəmməd əl-Menfinin ölkənin Mərkəzi Bankının və onun direktorlar şurasının dəyişdirmək qərarına gəlməsindən və parlamentin onu rədd etməsindən sonra yaranıb.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik nisbətən azaldıqdan sonra neft bazarında qiymətlər düşməkdədir. ABŞ-da neft ehtiyatlarının artması xəbəri, ardınca Liviyada hasilatın yüksəlməsi sabahdan neftin daha çox ucuzlaşmasına səbəb ola bilər.

Musavat.com

13.10.2024 23:03
402