Livan türkmənindən SENSASİON AÇIQLAMALAR: “Ermənilər Zəfər abidəsinə etiraz etdilər, amma...”  

Bir qədər əvvəl yerli mediada Livanın türkmən kəndlərindən birində Azərbaycanın Zəfər bayramına həsr olunmuş abidə qoyulduğu haqda məlumat dərc olundu. Məlumatda qeyd olunurdu ki, Azərbaycanın Beyrutdakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə türkmən kəndində qoyulan bu abidə yerli türkmən əhali ilə Azərbaycan səfirliyi arasında genişlənən əlaqələrin bir nəticəsidir və türkmən gənclər arasında abidəyə böyük maraq, diqqət var.

Qeyd edək ki, mediada həmçinin Azərbaycan səfirliyinin Livandakı türkmənlərlə əlaqələrinin inkişaf etdiyi, türkmən icmasının Beyrutdakı Azərbaycan səfirliyinə erməni Daşnak Partiyasının hücumundan sonra dəstək aksiyası keçirdiyi haqda məlumatlar da var.

Livanda tarixən türkmən tayfalarının yaşaması haqda məlumatlar olsa da, hazırda livanlı türkmənlərlə Azərbaycan arasında əlaqələrin yaranması maraq doğurdu. Bu səbəbdən də kiçik bir araşdırma edərək Livan Kavaşar kəndindən olan, Ankara Universitetinin Politologiya fakültəsinin məzunu, həmçinin Beyrut Jinan Universitetində magistr təhsili almış ictimai fəal, Livan parlamenti üzvlüyünə namizəd Gülay əl-Əsədlə əlaqə yaradıb ona bir neçə sual ünvanladıq.

 

MUSA.jpeg (89 KB)

Qeyd edək ki, Gülayın atası Livan türkmənləri ilə Türkiyə arasında əlaqələri quran ilk türkmən hesab oluna bilər. Belə ki, Xalid əl-Əsəd 1989-cu ildə hərbi xidmətdə olarkən türkcə danışması səbəbi ilə Türkiyə səfirliyinin diqqətini cəlb edib və səfirliklə türkmənlər arasında əlaqənin yaranmasına səbəb olub. Sonradan bu əlaqələr daha da genişlənib və hazırda Türkiyə ilə Livan türkmənləri arasında geniş əlaqələr mövcuddur.

Azərbaycanda Livan türkmənləri haqqında məlumatın məhdud olduğunu nəzərə alaraq Gülay xanımla söhbətimizi türkmənlərin Livanda məskunlaşma tarixindən başladıq.

- Livan türkmənləri ilə bağlı ən geniş yayılmış fikir budur ki, türkmənlər 1516-cı ildə Osmanlı sultanı Səlimin Misirə yürüşü zamanı bu torpaqlara gəliblər. Amma eyni zamanda türkmənlərlə bağlı daha iki fərqli görüş də var. Digər bir iddia budur ki, Sultan Səlimin yürüşündən əvvəl Livan və Suriya ərazisinə türkmənlər yerləşdirilib ki, səfər zamanı sultanın ordusu türkmənlərin məskunlaşdığı ərazilərdə təchizat və dincəlməsini təmin edə bilsin. Bir başqa görüşə görə isə türkmənlər 12-ci əsrdə Məmlüklər dönəmində bu bölgəyə yerləşiblər.

Tədiqatçı Charles Winslow Livanla bağlı araşdırmasında bu ölkədə türkmənlərin 12-ci əsrdə Məmlüklər tərəfindən yerləşdirildiyini qeyd edir.

GULAY.jpeg (497 KB)

Hazırda Livanda 5 fərqli bölgədə türkmənlər yaşayırlar. Şimalda Akar vilayətində iki türkmən kəndi var. Bəəlbək türkmənləri isə Livanın şərqində məskunlaşıb. İnci bölgə Livanın şərqində Beka vilayətindədir. Burada 5 türkmən kəndi var.

Krit adasından köçmüş türkmənlər əsasən Trablus ətrafında və şəhərdə yaşayır. Əsasən Beyrutda yaşayan türkmənlər isə 1940-cı illərdə cənub-şərqi Anadoludan, Mardindən köçənlərdir.

Livanda yaşayan türkmənlərin dəqiq sayı bilinmir. Belə bir siyahıyaalma olmadı, həm də digər kəndlərdə də türkmənlər yaşayır. Buna görə də dəqiq say demək çox çətindir. Amma mənim təxminlərimə görə 30 minə yaxın türkmən yaşayır Livanda.

Hazırda müxtəlif sahələrdə çalışan soydaşlarımız var. Amma əsas etibarı ilə Livan türkmənləri kənd təsərrüfatı - əkinçilik və heyvandarlıqla məşğul olurlar.

- Livan türkmənləri ilə Türkiyə arasında əlaqələr daha keçmişə dayanır bildiyim qədər. 

- Bizi “unudulan türklər” adlandırırlar. Çünki bildiyiniz kimi, biz bir dövr unudulduq. Əvvəllər çox insan Livanda türkmən olduğunu bilmirdi, amma indi hamı bilir və Türkiyədən Livana kim gələrsə, bizim kəndlərə də baş çəkər.

Bu tanışlığın tarixi çox qədim deyil, ilk dəfə 1989-cu ildə Kavaşara kəndindən olan türkmən Xalid Əsəd, yəni mənim atam Livan ordusunda xidmət edərkən türkcə danışması səbəbi ilə Türkiyə səfirliyinin diqqətini cəlb edir, daha sonra tanışlıq başlayır və əlaqələrimiz belə yaranır. Daha sonra səfir İbrahim Dicleli Kavaşra kəndini ziyarət edib və bununla da əlaqələrimiz daha da inkişaf edib.

Ondan sonra bizim Türkiyə səfirliyi ilə əlaqələrimiz yarandı. Bütün səfirlər bizim kəndə gəlir, xalqla görüşür, nəyə ehtiyac olduğunu soruşur. Eyni zamanda türkmənlər səfirliyə gedib-gəlirlər.

GULAY SON.jpeg (71 KB)

- Hazırda bildiyimiz kimi, İsrail və Həmas arasında müharibə gedir. Eyni zamanda Livanla sərhəddə də toqquşmalar baş verir. İsrail ordusu Livan ərazilərini bombalayır. Livanın müharibəyə cəlb olunması riski varmı? Bu haqda nə düşünür oradakı insanlar?

- Bildiyiniz kimi, bizim cənub sərhədimiz Fələstindir. Fələstində baş verən müharibə təəssüf ki, bəzən bizə də təsir edir. Ancaq indi müharibə olacağını düşünmürük. Biz türkmənlər müharibə istəmirik, ümumiyyətlə, heç kim savaş istəmir, inşallah sülh olar.

- Livanda son bir neçə ildir iqtisadi vəziyyətin yaxşı olmadığını bilirik, hətta bir qədər əvvəl ölkənin defolt olması təhlükəsi vardı. Hazırda sosial-iqtisadi vəziyyət necədir, xüsusən də Beyrut partlayışından sonra dağılan infrastrukturu bərpa etmək mümkün oldu?

- Livan çox qarışıq bir yerdir. Çoxlu sayda etnik və məzhəbi qruplar var. Və hər zaman məzhəbi kimlik etnik kimliyin önünə keçib. Son illərdə Livanda sosial-iqtisadi vəziyyət daha da pisləşdi. Xüsusən də 2020-ci il avqust ayında baş verən partlayış Beyruta çox böyük zərər vurdu. Biz ölkəmizi sevirik, ona zərər toxunmasını istəmirik. Amma təəssüf ki, iqtisadi vəziyyət son illərdə daha da gerilədi. Milli valyuta kəskin şəkildə dəyərdən düşdü, banklar vətəndaşların pullarını qaytarmadı. Bu səbəbdən də iqtisadi geriləmədən ikiqat daha çox ziyan gördük. Ancaq biz livanlı olaraq güclüyük. Hər nə olsa belə təslim olmaq fikrində deyilik. əminəm ki, ölkəmiz yenidən dirçələcək, ayaqları üzərində dayanacaq.

-Azərbaycan və Livan arasında əlaqələr hansı səviyyədədir? Son illərdə müəyyən qədər əlaqələrdə inkişaf olduğu qeydə alınıb. Həm də sizin Kavaşar kəndində Azərbaycanın Zəfər günü abidəsi qoyuldu. Yeri gəlmişkən, bu abidəyə maraq olduğunu oxuduq.

- Azərbaycanla əlaqələrimizin tarixi əlbəttə çox qədimlərə gedir. Sovet dövründə belə Livandan çoxlu sayda gənc Azərbaycana gedərək burada təhsil almışdı. Bu gün Livanda Azərbaycanda təhsil almış həkim, mühəndis və sair sənət sahibləri var.

Azərbaycan müstəqilliyini təkrar əldə etdikdən sonra 1992-ci il 18 noyabrda Livan və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması ilə bağlı protokol imzalanıb. Bundan sonra 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev Tehranda keçirilən İslam ölkələri sammitində Livan prezidenti və baş nazir Rəfiq Həriri ilə görüşdü. 1998-ci ildə baş nazir Rəfiq Həriri Azərbaycana səfər etdi və burada əldə olunmuş razılığa əsasən, Azərbaycan vətəndaşı Livana vizasız daxil ola bilir. 2007-ci ildə Livan prezidenti Emil Lahud Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat vermişdi. Ancaq iqtisadi əlaqələrimiz çox zəifdir. İqtisadi əlaqələrin daha da inkişaf etməsini istəyirik.

Livandakı Azərbaycan səfirliyi ilə əlaqələr qurmaq istəmişik. Atamla mən Beyrutda Azərbaycan səfirliyində görüş keçirib, Azərbaycanın zəfərini təbrik etdik və Azərbaycan xalqına dəstəyimizi bildirdik. Səfirlik əməkdaşlarını kəndimizə dəvət etdik. Daha sonra səfirlik əməkdaşları bizə- evimizə gəldi, türkmənlərlə maraqlandı. Və bundan sonra Livan türkmənləri ilə Azərbaycan səfirliyi arasında əlaqələr yarandı. Ondan sonra Azərbaycan diplomatları kəndimizi ziyarət etdi, Ramazan ayında səfirlik iftar verdi, yetim uşaqlara hədiyyələr verdi. Daha sonra səfirliyin təklif etdi ki, bizim kənddə Zəfər abidəsi inşa edək, əlbəttə, biz etiraz etmədik. Tezliklə abidəni inşa etdik və eyni zamanda liseyimizdə Azərbaycan otağı yaratdıq, həmçinin bir dil kursu açmağı da düşünürük.

- Livan ermənilərinin bu abidəyə etirazı haqqında oxudum. Bu mövzuda hər hansı narahatlıq oldumu burada?

- Bizim kəndimizdə Zəfər abidəsinin qoyulması təbii ki, buradakı erməniləri çox narahat etdi. Onlar deyirlər ki, biz Livan türkmənlərinə hörmət edirik, amma onlar necə razı olurlar ki, Livan torpaqlarında belə bir abidə qoyulsun? Bununla bağlı bir neçə məqalə yazıldı, çıxış oldu, amma başqa bir şey olmadı.

- Livan türkmənlərindən Azərbaycana səfərə gələn olub?

- Azərbaycan səfirinin dəstəyi ilə biz Azərbaycan Diaspor Komitəsi ilə əlaqələr qurduq, onların İstanbuldakı toplantısına qatıldım, daha sonra isə onlarla bərabər Bakını ziyarət etdim, Şuşaya getdim. Bu il mənim bacım Gürcan daha bir Livan türkməni ilə birlikdə Diaspor Komitəsinin xətti ilə Bakıya və Naxçıvana səfər etdi. Bu fəaliyyətlərin nəticəsində Azərbaycanı görə bildik.

Bir qədər əvvəl Azərbaycan səfiri Şuşa zəfəri günü kəndimizə gəldi, Zəfər abidəsini ziyarət etdi, əhali ilə görüşdü. 

- Hazırda Azərbaycan və Livan türkmənləri arasında əlaqələr hansı səviyyədədir və əlaqələri inkişaf etdirmək üçün nə etmək olar?

- Hazırda əlaqələrimiz yüksək səviyyədədir. Livanla Azərbaycan əlaqələrinin daha da inkişaf etməsini istəyirik. Hazırda Livanda prezident postu boşdur, biz arzulayırıq ki, prezident seçildikdən sonra Azərbaycanla prezidentlər səviyyəsində qarşılıqlı səfərlər olsun, əlaqələrimiz daha da inkişaf etsin.

Buradan həm də türkmən tələbələr Azərbaycanda təhsil almaq üçün getmək istəyirlər. Azərbaycanda Livan türkmən tələbələri üçün təqaüd ayrılmasını çox istəyirik, həmçinin livanlı türkmən gənclərin Azərbaycanda dil kurslarına qatılmasını çox istərdik. Bu, bizim üçün çox faydalı olardı. Və ən əsası Livan türkmənləri olaraq Azərbaycana səfərlərin rahat olması üçün viza prosedurunun sadələşdirilməsini çox istəyirik, bu olarsa gediş-gəliş artar, əlaqələr daha da inkişaf edər.

Kənan Rövşənoğlu, Musavat.com üçün

08.12.2023 17:21
3741