Litva MSK parlament seçkilərinin nəticələrini təsdiqləyib

Litvanın Mərkəzi Seçki Komissiyası 13 və 27 oktyabr tarixlərində iki turda keçirilmiş parlament (Seym) seçkilərinin nəticələrini təsdiqləyib.

“Report” xəbər verir ki, komissiyanın sədri Lina Petronene səsvermənin rəsmi nəticələrini jurnalistlərə təqdim edib.

“Seçkilərin nəticələri komissiya üzvlərinin ümumi razılığı ilə rəsmi olaraq təsdiqlənib”, – o bildirib.

Seçkilərdə dörd il müxalifətdə olan Litva Sosial Demokrat Partiyası qalib gəlib və o, hakim koalisiyanı formalaşdıracaq. Partiya 141 mandatdan 52-si əldə edib.

Bu vaxtadək iqtidarda olan mühafizəkar “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyası 28 mandatla ikinci olub. Partiyanın sədri Qabrielyus Landsberqis uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürdüyünü və vəzifəsindən getdiyini açıqlayıb.

Seym sədri Viktoriya Çmilite-Nilsenin başçılıq etdiyi və öncəki parlament çoxluğuna daxil olan Litva Liberal İttifaqı toplam 12 yer qazanıb.

04.11.2024 01:54
370