Eldəniz Əmirov: “Uzaq perspektivdə də olsa, elektron pullar fiziki pulları sıradan çıxaracaq”
Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatlarının lisenziyalaşdırılmasını davam etdirir. Bankın İdarə Heyəti bir neçə gün əvvəl “Modenis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib. Bir müddət əvvəl “United Payment” MMC də ölkədə Elektron Pul Təşkiları üzrə lisenizya alan ilk şirkətlərdən olmuşdu.
Elektron Pul Təşkilatı lisenziyasını aldıqdan sonra “United Payment” MMC ilk olaraq Türkiyədə məşhur olan “TURAN” mobil tətbiqini ödəniş xidməti istifadəçilərinin xidmətinə təqdim etməyi planlaşdırıb. Növbəti etaplarda, qardaş Türkiyənin uğurlu təcrübəsinə və Azərbaycan Respublikasnın Mərkəzi Bankının yönləndirməsinə uyğun olaraq, FaaS (fintech as a service) modeli ilə dayanıqlı və təhlükəsiz elektron pul (elektron cüzdan) xidmətlərinin digər təsərrüfat subyektlərinə də təqdim edilməsini planlaşdırır.
AMB-dən verilən məlumata görə, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib.
Qeyd edək ki, Azərbaycanda elektron pul təşkilatlarının fəaliyyətini tənzimlətən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun ötən ilin iyulunda təsdiqlənib. Qanuna əsasən elektron pul - qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş aləti hesab olunur. Elektron pulun emissiyası - elektron pulun emitenti tərəfindən elektron pulun ödəniş xidməti istifadəçisinin sərəncamına verilməsi deməkdir. Elektron pulun emitenti bu qanuna uyğun olaraq elektron pulun emissiyasını həyata keçirən şəxsdir. Qanuna əsasən elektron pul təşkilatı - bu qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.
Azərbaycan Respublikasının ərazisində elektron pulun emissiyası banklar və xarici bankların yerli filialları; poçt rabitəsinin milli operatoru; elektron pul təşkilatları tərəfindən həyata keçirilə bilər.
Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
Xarici elektron pul təşkilatları da qanunda nəzərdə tutulan qaydada qeydiyyatdan keçdikdən sonra Azərbaycan ərazisində elektron pul emissiyasını həyata keçirə bilər.
Bu ilin yanvarında isə Mərkəzi Bank qanunun icrasını təmin etmək məqsədilə “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib. AMB sədri Taleh Kazımovun bununla bağlı imzaladığı qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi xidmətlərini birlikdə və yaxud onlardan hər hansı birini ayrılıqda göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 500 min manat, pul köçürməsi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 100 min manat, elektron pul təşkilatının nizamnamə kapitalına tələb isə 750 min manat müəyyən olunub.
Hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatı üçün isə kapital tələbi qoyulmayıb. Bu təşkilat hər 100 minə qədər ödəniş xidməti istifadəçisinə görə özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50 min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və yaxud özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və yaxud sığortaçıdan 50 min manatdan az olmayan məbləğdə zəmanət almalıdır. Mülki məsuliyyət sığortasının və yaxud zəmanətin məbləği hər 6 ayın orta istifadəçi sayına əsasən ildə iki dəfə, iyun və dekabr aylarının son iş gününə yenidən hesablanır və tələb olunduqda 10 iş günü ərzində yenilənir. Təşkilat mülki məsuliyyət sığortasının və yaxud aldığı zəmanətin minimal məbləğinin hesablanması haqqında hesabatı bu qaydaya uyğun olaraq hər il iyul və yanvar aylarının ilk 5 iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edir.
Bundan əlavə, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətinin və hesab üzrə məlumat xidmətinin göstərilməsi halları istisna olmaqla, təşkilat minimum məcmu kapitala malik olmalıdır. Təşkilatın məcmu kapitalının əsas məqsədi təşkilatın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı təşkilatın maliyyə dayanıqlığının təmin edilməsidir.
Qaydaya əsasən, kredit köçürməsi (ödəniş tapşırığı), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılmasıüçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən ödəniş xidməti istifadəçisinə kredit verilə bilər. Kredit Mülki Məcəlləyə uyğun olaraq bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verilir. Alınan kredit tam geri qaytarılmayanadək həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilmir. Təşkilatın məcmu kapitalı qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verilə bilməz. Həmçinin verilmiş kreditlərin ümumi məbləği təşkilatın məcmu kapitalının 10 faizdən çox ola bilməz.
Qeyd edilib ki, kredit verildiyi tarixdən 2 ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və belə kreditlərin həcmi verilmiş kreditlərin ümumi məbləğinin 10 faizini aşdıqda təşkilat tərəfindən kredit verilmir. Ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.
Onu da bildirək ki, qlobal səviyyədə elektron puldan istifadəyə keçid prosesinin sürətlə irəliləməsi bütün ölkələrdə müvafiq hazırlıq işlərinin həyata keçirilməsini stimullaşdırır. Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin 2021-ci ildə pilot qaydada rəqəmsal yuanın tətbiqinə başlayıb. Bir neçə şəhərdə məhdud istifadəçilərin iştirakı ilə aparılan təcrübənin uğurlu nəticələr verdiyi bildirilsə də, Çin hökuməti ümumi ölkə səviyyəsində virtual yuanın tətbiqinə nə vaxt başlayacağını açıqlamayıb.
Hindistanda 2022-ci ilin dekabrında Nyu-Dehli, Mumbay, Banqalor və Bhubaneşvar şəhərlərində rəqəmsal rupinin pilot tətbiqinə başlanıb. Hindistan Mərkəzi Bankı bu layihəyə dörd bank cəlb edib: State Bank of India, ICICI Bank, Yes Bank və IDFC First Bank. Rəqəmsal rupi nağd rupinin electron versiyası kimi tədavülə buraxılıb, onunla mobil telefonlardakı tətbiqlər vasitəsilə əməliyyatlar həyata keçirmək mümkündür.
ABŞ 2021-ci ildə rəqəmsal dolların tətbiqinə hazırlığa başladığını elan edib. Bildirilib ki, rəqəmsal dollar ilk mərhələdə yalnız ABŞ daxilində işlək olacaq.
Rusiyada ötən il aprelin 1-dən rəqəmsal rublun tətbiqinə başlanıb. Rusiya Mərkəzi Bankının hazırladığı proqramla tənzimlənən yeni rublla əməliyyatların getdikcə genişləndirilməsi nəzərdə tutulur. Rusiya hökuməti rəqəmsal rublun tətbiqində əsas məqsədin nağd hesablaşmaların həcminin azaldılması, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin qurulması olduğunu bildirir. Rəqəmsal rublun emissiya hüququ yalnız Mərkəzi Bankdadır, ona nəzarəti də tənzimləyici həyata keçirəcək. Dövriyyədə olan üçüncü pul forması kimi dövlətin qoruması altında olan rəqəmsal rubl da inflyasiyaya, devalvasiyaya və denominasiyaya məruz qala bilər.
Rəqəmsal valyutanın klassik kriptovalyutalardan əsas fərqi onun mərkəzi banklar tərəfindən tam nəzarətdə saxlanması imkanının olmasıdır. Bu o deməkdir ki, rəqəmsal valyutanın məzənnəsi, məsələn, bitkoin kimi volatil olmayıb, mərkəz banklar tərəfindən tənzimlənəcək. Bu isə rəqəmsal valyutanın nağd və qeyri-nağd puldan sonra üçüncü valyuta rolunu oynayacağı deməkdir. Dövlət üçün rəqəmsal valyuta bütün maliyyə əməliyyatlarına tam nəzarət, eyni zamanda klassik pul kəsiminə xərclənən vəsaitlərə qənaət imkanı yaradır.
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirovun “Yeni Müsavata”a dediyinə görə, elektron pul fiziki olaraq mövcud olmayan puldur: “Bu pul növü kompüter fayllarında, o cümlədən qabaqcıl texnologiyalar hesabına təhlükəsizlik sistemləri ilə təchiz olunur, şifrələnərək qorunur və rəqəmsal mühitdə istifadə olunur. Düşünürəm ki, uzaq perspektivdə də olsa, elektron pullar fiziki pulları sıradan çıxaracaq. Sadəcə, bu proses ölkələr üzrə vaxtına görə fərqlənəcək, son nəticədə bütün fiziki pullar elektron pullarla əvəzlənəcək. Elektron pulların emitentləri mərkəzi banklar olarsa, bir başqa anlam daşıyır. Eyni zamanda elektron pul emitentləri ayrı-ayrı özəl subyektlər ola bilər. Hazırda dünyada özəl subyektlərin elektron pul emissiyası halları daha geniş yayılıb. Ukrayna və Sinqapurda elektron pul emissiyasını yalnız banklar həyata keçirə bilər. Azərbaycanda isə bu hüquq bank olmayan elektron pul təşkilatlarına, poçtlara da verilib”.
Ekspert hesab edir ki, Azərbaycanda elektron pulun fiziki pulu əvəzləməsi prosesinin nə vaxt yekunlaşacağını söyləmək mümkün deyil: “Həmçinin bunun sadə vətəndaşlara hansı müsbət və mənfi təsirinin olacağını təcrübə olmadan söyləmək çox çətindir. Hələlik onu demək olar ki, elektron pullar onu emissiya edərək, dəyərini daha çox artıra bilən subyektlərə daha çox qazandıracaq. Azərbaycanda elektron pul deyiriksə, bunun yalnız manat olmayacağını da nəzərə almalıyıq”.
Dünya SAKİT,
“Yeni Müsavat”