Leonid Anfimov: Azərbaycanda seçkilər yüksək səviyyədə keçdi

Azərbaycanda növbədənkənar parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait təmin edilib.

"Report" xəbər verir ki, MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov mətbuat konfransında deyib.

O qeyd edib ki, MDB-dən olan müşahidəçilər öz hesabatlarında seçki komissiyalarının əlaqələndirilmiş işini və demək olar ki, pozuntu hallarının olmamasını qeyd ediblər: “Seçki komissiyalarının sakit, yaxşı əlaqələndirilmiş işi var idi və praktiki olaraq heç bir pozuntu halı qeydə alınmayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait təmin edilib”.

L.Anfimovun sözlərinə görə, seçki günü MDB-dən olan müşahidəçilər Azərbaycanın 16 şəhər və rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Xankəndi, Şuşa, Ağdam şəhərlərində xeyli sayda seçki məntəqələrində olublar: “Səsvermə sakit, mütəşəkkil və şəffaf şəraitdə keçib. Bəzi seçki məntəqələrində müxalifət partiyalarının nümayəndələrinin səsvermənin gedişi ilə razılaşmaması ilə bağlı ayrı-ayrılıqda insidentlər qeydə alınıb”.

02.09.2024 10:46
363