Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ÖMÜRLÜK CƏZA

Rusiya Baş Prokurorluğu qətllər, digər ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyət daşıyan kriminal qruplaşma rəhbəri Oleq Medvedyevin (Şişkan, Oleq Ramenski) kriminal birliyinin 18 üzvünə ağır cəza tələb edib.

Bundan əvvəl isə münsiflər heyəti onları əksər maddələr üzrə təqsirli bilib və yalnız dördünün güzəştə layiq olduğuna qərar verib. Prokurorun tələbinə görə, təqsirləndirilənlərdən üçü şərti, qalanları isə 12 ildən 24 ilədək həbs cəzası almalıdır. Dövlət ittihamçısı əsas müttəhim Oleq Medvedyevə, eləcə də onun ən yaxın üç əlaltısına ən ağır cəza kimi ömürlük həbs cəzasının verilməsini istəyib.

Qeyd edək ki, kriminal aləmdə Şişkan kimi tanınan Oleq Medvedyev Rusiyanın 1 nömrəli avtoriteti Şakro Molodoyun ən yaxın adamıdır. Şakro həbsdə olarkən Şişkan Rusiyanın cinayət aləminin lideri hesab olunurdu.

O, illər əvvəl Yerevanda keçirilən “sxodka”da azərbaycanlı avtoritet Rövşən Lənkəranskidən “qanuni oğru” adını almaq istəyib. Kriminal avtoritetlərin həmin görüşündən sonra Lənkəranski öldürülüb, oğru dünyasında daha bir neçə hadisə baş verib.//Lent.az

29.05.2024 20:28
1804