"Lavrov planı" fitili Kremlin əlində olacaq "bomba"dır: Rusiya Azərbaycanı "labirintə" salmaq niyyətindədir

Rusiya Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün "erməni kartı"nı öz əlində saxlamaq planları qurur... Ona görə də, Kreml "Lavrov planı" ilə bu regionda hər an partlamağa hazır olan yeni "erməni minaları" düzməyə çalışır...

Rusiyanın BMT Təhlükəsizlik Şurasında tutduğu mövqe pozitiv məzmun daşıyır. Hər halda, Kremlin həmin qurumdakı təmsilçisi əvvəlki dövrlərdən fərqli olaraq, qatı ermənipərəst mövqe ilə seçilmədi. Bu baxımdan, hazırda Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasındakı mesajları maraq doğurur və ciddi müzakirə mövzusudur. Və bu məsələyə münasibətdə ziddiyyətli iddialar mövcuddur.

Bəziləri hesab edirlər ki, Azərbaycan cəmiyyətinin Rusiyaya münasibəti yanlışdır. Kreml sülh prosesində ABŞ və Qərbdən daha çox faydalı fəaliyyət göstərməyə yaxındır. Və ona görə də, regional sülh problemlərini Qərbin riyakar oyunlarına müqavimət göstərməklə, məhz Rusiya ilə həll etməyə çalışmaq lazımdır.

Təbii ki, "bəziləri"nin bu qənaətində sadəlövhlük əlamətləri olmamış deyil. Halbuki, bu "sadəlövhlüyün" beşinci kalon zehniyyətinin gizlədilmiş ola biləcəyini də mütləq nəzərə almaq lazımdır. Çünki Rusiyanı nə Azərbaycanın, nə Ermənistanın, nə də regionda sülh prosesinin sonrakı taleyini gözləyən real təhlükələr qətiyyən narahat etmir.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Bəs, onda Rusiya BMT Təhlükəsizlik Şurasında özünün regional for-postu olan Ermənistanın maraqlarına dəstək vermədi? Bu sualın cavabını birmənalı şəkildə Rusiyanın geopolitik maraqlarında və hədəflərində axtarmaq lazımdır. Çünki Kreml yalnız Rusiyanın imperialist hədəfləri üzərindən hərəkət etməyə vərdişli dövlətdir. Və bu prinsipin yaxın gələcəkdə dəyişə biləcəyi qətiyyən inandırıcı görünmür.

Əsl reallıqdasa, Rusiya təmsilçisinin BMT Təhlükəsizlik Şurasında Ermənistanı narazı salan mesajlar verməsi, hətta rəsmi Bakı üçün önəmli olan Ağdam-Xankəndi yolunun fəaliyyətinin mümkünlüyünə eyham vurması bir neçə səbəbə bağlıdır. Üstəlik, həmin səbəblərin hamısı məhz Rusiyanın geopolitik mənafeyindən qaynaqlanır. Və BMT Təhlükəsizlik Şurasının toplantısından öncə Rusiya mətbuatında rus diplomatın mümkün mesajları barədə üstüörtülü eyhamlar vurulmuşdu.

Məsələ ondadır ki, Kreml rəsmi İrəvandan ciddi şəkildə narazıdır. Çünki Paşinyan hakimiyyəti Ermənistanı Rusiyanın vassallığından qoparıb, ABŞ və Qərbə doğru sürükləməyə cəhd göstərir. Ona görə də, Rusiya Ermənistanın iddiaların dəstəklənməsini ABŞ və Qərbin öhdəsinə buraxdı. Nəticə isə böyük uğursuzluqdan ibarətdir. Kreml bununla rəsmi İrəvana Ermənistanın Rusiya dəstəyi olmadan təklənəcəyəni göstərdi. Eyni zamanda, Paşinyan hakimiyyətini də Rusiyaya xəyanətə görə cəzalandırmış oldu.

Digər tərəfdən, Kreml rəsmi İrəvana Qarabağ mövzusunda Ermənistana kömək edə bilməyəcəyini də qabartdı. Rusiya siyasi dairələri Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə qınayır. Baş nazir Nikol Paşinyanın bu barədə Praqa Bəyannaməsini imzalamasından sonra Qarabağ ətrafında vəziyyətin ciddi şəkildə dəyişdiyi inkar edilməz reallıqdır. Yəni, indi rus sülhməramlıların gələcək taleyində Ermənistanın heç bir rolu ola bilməz.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Ona görə də, Kreml rəsmi Bakı ilə anlaşma zəmini axtarmaq məcburiyyətindədir. Çünki Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ regionunda rus sülhməramlıların qalma müddətini birmənalı şəkildə məhz rəsmi Bakının siyasi iradəsi müəyyən edəcək. Üçtərəfli anlaşmanın hüquqi qüvvəsinin bitəcəyi vaxt isə sürətlə yaxınlaşır. Bu səbəbdən də, Kreml rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı təklifini məhz beynəlxalq platformada dəstəkləməklə, Azərbaycana tərəfdaşlıq mesajı verir.

Böyük ehtimalla Kreml rus sülhməramlıların Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalması üçün rəsmi Bakının razılığını almağa çalışacaq. Rusiya bu məsələ ilə bağlı Ermənistanın mövqeyinin heç bir önəm daşımadığını artıq nəzərə almağa başlayıb. Ona görə də, Kreml rus sülhməramlıların missiyasını uzatmaq üçün rəsmi Bakıya yönəlik referanslar etməyə üstünlük verir.

Ancaq Kremlin bu niyyətin reallaşması həm Azərbaycan, həm də ümumiyyətlə, Cənubi Qafqaz üçün təhlükəli perspektivlər vəd edir. Çünki Azərbaycan ərazisində rus sülhməramlıların qalması suverenlik prinsiplərinə ziddir. Eyni zamanda, mövcud problemin birdəfəlik həlli üçün də rus sülhməramlıların Azərbaycandan tamamilə çıxarılması vacib şərtdir.

Məsələ ondadır ki, rus sülhməramlılar Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçı-terrorçuların əsas himayədarı rolunda çıxış edirlər. Üstəlik, Rusiya Qarabağ regionundan Ermənistan ordusunun tör-töküntülərinin çıxarılmasına və erməni terror dəstələrinin tərksilah edilməsinə də əngəl törədir. Bu problemlər həll edilmədən Qarabağın erməni azlığının Azərbaycan cəmiyyətinə reinteqrasiyası isə qəliz proses xarakteri daşıyır.

30ed3f36-8368-4d7c-9517-ac6085b0de46.jpg (136 KB)

Kremlin reinteqrasiya prosesinə əngəl törətməyə çalışdığı erməni mənbələrinin yaydığı "Lavrov planı"nın məzmunundan da məlum olur. Bu "sənəd"in həqiqətən Kreml tərəfindən hazırlandığı hələlik rəsmən təsdiqlənməyib. Ancaq Paşinyan hakimiyyəti tərəfindən mətbuata sızdırıldığı iddia olunan "Lavrov planı" məzmun etibarilə Rusiyanın maraqlarına hesablandığından narahat olmağa əsaslar olmamış deyil. Ehtimal etmək olar ki, Rusiya yaxın gələcəkdə də Azərbaycan və Ermənistana təzyiq mexanizmlərini öz əlində saxlamaq niyyətindədir.

"Lavrov planı"nın ümumi hədəfi ondan ibarətdir ki, Qarabağ ermənilərin kompakt yaşadığı monoetnik bölgə kimi mövcud olsun. Rusiya isə qeyri-müəyyən müddətə həmin monoetnik bölgənin təhlükəsizlik qarantoru rolunda çıxış etsin. Yəni, Kreml rus sülhməramlıların Azərbaycan ərazisindən heç vaxt çıxmamasını şərtləndirən planlar uydurmağa çalışır.

Kremlin planının olduqca təhlükəli digər detallarını bir kənara buraxıb, yalnız elə erməni dilindən dövlət orqanlarında istifadə maddəsini nəzərə aldıqda, Rusiyanın necə təhlükəli bir oyuna başladığını anlamaq çətin deyil. Üstəlik, "Lavrov planı"nda erməni dilində təhsil tələbi də yer alır. Və bütün bunlar Azərbaycan Konstitusiyası ilə kəskin ziddiyyət təşkil edir.

Belə anlaşılır ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu qorumaq üçün "erməni kartı"nı öz əlində saxlamaq planları qurur. Ona görə də, hesab etmək olar ki, Kreml "Lavrov planı" ilə Cənubi Qafqaza hər an partlamağa hazır olan yeni "erməni minaları" düzməyə çalışır. Yəni, bu "plan" Azərbaycana qarşı gec partlayan, üstəlik, fitili Rusiyanın əlində olacaq "bomba" xarakteri daşıyır. Və rəsmi Bakının Kremlə bu məkrli planı reallaşdırmaq imkanı verəcəyi də qətiyyən inandırıcı görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

19.08.2023 20:45
4136