“Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Müdüroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının ölkədən çıxışına “stop” qoyulması xəbəri var.
Musavat.com qaynarinfo-ya istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Eran Müdüroğlu barəsində məhkəməyə xüsusi icraat qaydasında müraciət edib.
İdarə məhkəmədən Eran Müdüroğlunun Azərbaycandan çıxışının məhdudlaşdırılması tələbi ilə çıxış edir. İş hazırda apellyasiya mərhələsindədir. Ziya Şirinov iş üzrə hakim təyin edilib. Eran Müdüroğlu kiprli iş adamı, mərhum Sami Efruz Müdüroğlunun övladıdır. Sami Efruz Müdüroğlu Bakıda fəaliyyət göstərən “Landmark” Biznes Mərkəzinin sahibi olub. O, hələ sağ ikən “Landmark”ın idarəçiliyini oğlu Erana vermişdi.
Eran Müdüroğlunun xanımı Nərgiz Nəsrullayeva isə 2001-2007-ci illərdə Hesablama Palatasının sədri olmuş Namiq Nəsrullayevin qızıdır. Nərgiz Nəsrullayeva bu yaxınlarda Azərbaycanı tərk edib. Mediada gedən məlumatlarda onun ölkəni tərk etməsi Müdüroğlu ailəsinin Bakıdakı biznesinin vəziyyəti ilə izah edilir. Bəzi iddialara görə, Müdüroğlu ailəsinin biznesi çöküş dövrünü yaşayır. Onların külli miqdarda vergi borcunun yarandığı iddia edilir. Nərgiz Nəsrullayeva ölkədən getməsinin səbəbləri barədə danışmaq istəməyib.
O, Azərbaycandan gedənə qədər Dövlət Neft Fondunda çalışıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com