Laçınlılar doğma yurdlarına qayıdırlar…  

 

“Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi ilə başa çatan qırx dörd günlük Vətən müharibəsi ölkəmizin hərbi, siyasi və iqtisadi gücünü dünyaya göstərdi. Ermənistan kapitulyasiya aktına imza atmaqla  Azərbaycanın tarixi Qələbəsini rəsmən  təsdiqlədi. Bunun nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını bir güllə atmadan  çıxarmalı idi və buna əməl etdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident, Ali Baş Komandan  İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltmaqla dünya ictimaiyyətinə “Qarabağ Azərbaycandır!” reallığını bir daha nümayiş etdirdi. Bu, tarixi ədalətin təntənəsi idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş və həmin sərəncama əsasən, 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə: Heç bir ölkə terrordan sığortalanmayıb

Tanınmış hüquqşünas dövlət başçımızın laçınlılarla görüşü zamanı səsləndirdiyi fikri xatırladaraq deyib ki, bu gün artıq Laçın rayonunda yenidənqurma, tikinti-quruculuq işləri geniş vüsət alıb: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bir neçə il əvvəl səsləndirilmiş bu fikirlər artıq reallığa çevrilib. Hazırda həyata keçirilən  genişmiqyaslı quruculuq işləri dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Tikinti-quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Qeyd edilib ki, bütövlükdə, Laçında 700-dən artıq bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış, 9-u çoxmənzilli binadır. Rayonda 2 nömrəli 510 şagird yeri olan tam orta məktəb var. Həmçinin Prezidentin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası da aparılır.

Ç.Qənizadə Laçında aparılan digər tikinti-quruculuq işləri barədə də məlumat verərək  deyib ki, 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Rayonun yol-nəqliyyat infrastrukturunun yenidən qurulması da diqqət mərkəzindədir: “Laçın rayonunun çətin və mürəkkəb relyefə malik olmasına baxmayaraq, bölgənin beynəlxalq status və əhəmiyyətini artıran layihələrə böyük üstünlük verilir.  İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu daha da  artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasından xəbər verir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə  istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Bununla yanaşı, rayonda bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə, 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq.  Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.

Ç.Qənizadə hər birimiz, eləcə də, dünya azərbaycanlıları üçün mühüm əhəmiyyət kəsb edən keçmiş məcburi köçkünlərin, o cümlədən laçınlıların doğma yurdlarına qayıtmalarından da söhbət açaraq dedi ki, artıq laçınlılar 31 ildən sonra doğma ata-baba yurdlarına qayıdıblar və isti ocaqlarında yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Hazırda həm insanların burada rahat yaşamaları, həm də Laçın şəhərinin müasir simasının Azərbaycanın əldə etdiyi uğurlar ilə eyni səviyyədə olması üçün rayonda hər cür lazımi şərait yaradılır. Yerli sakinlərin və turistlərin istirahətinin səmərəli təşkili istiqamətində də  səmərəli tədbirlər həyata keçirilir.

26.08.2024 09:07
701