Laçını abadlaşdıran şirkətin rəhbər şəxsindən İLGİNC AÇIQLAMALAR - VİDEO

Elnur Abdullayev: “Əsrlərlə qurulan şəhəri bir ilə bərpa etmək olmaz”

“Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini: “Biz ofisdə metlaxın üstündə yatırdıq”

“Biz laçınlılar olaraq ən böyük qayıdış mədəniyyətini nümayiş etdirməliyik”

“Mən həmişə Laçına çox bağlı adam olmuşam. Bəzən yanımda Laçından olan birinin adını çəkiblər, mən onu tanımamışam. Buna görə də gecəni yata bilməmişəm ki, səhər mütləq onu tapmalıyam” - deyir həmsöhbətimiz.

ELNUR SON.jpeg (145 KB)

Bunu deməklə Laçın şəhərini abadlaşdıran şirkətin rəhbərliyinin guya Laçını tanımadığı barədə fikirlərə də cavabını ifadə etmiş olur. Beləliklə, müsahibimiz “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayevdir.

Laçına səfər edən Parlament Jurnalistlər Birliyinin üzvlərinin suallarını cavablandırmaq üçün müraciətimizə tərəddüd etmədən müsbət cavab verdi, ofisdə başlayan söhbətimiz sonradan abadlaşan Laçınımızın digər guşələrində də davam etdi. Müsahibədə Laçına qayıdışla bağlı bir çox məsələlərə, qaranlıq mətləblərə aydınlıq gətirilib.

PARLA.jpeg (196 KB)

- Elnur bəy, bu günədək Laçına neçə sakin köçürülüb?

- Laçında quruculuq-abadlıq işləri keçən ilin sentyabrından başlayıb. İlk ayda Bakı Abadlıq Xidməti tərəfindən mobilizasiya, yerdəyişmə aparıldı. Ümumi işlərə 2022-ci ilin oktyabr ayından başlanılıb. 8 aylıq qısa müddətdə şəhəri təhvil vermişik. Qışda sərt soyuğa baxmayaraq, işlər çox operativ gedib. 28 may tarixində Prezident Laçına səfər etdi və 20 ailəyə evlərinin açarını verdi. Növbəti aylarda da bu proses davam edəcək. Demək olar ki, hər həftə köçümüz var. Hazırda Laçın şəhərinə 346 ailə, 1326 nəfər köçüb. Zabux kəndinə növbəti köç baş verib və 121 ailə, 475 nəfər gəlib. Toplam 467 ailə - 1801 nəfər Laçına qayıdıb.

- İndiyə kimi şəhərdə hansı işlər görülüb?

- İşğaldan öncə Laçın şəhərində inzibati binalar istisna olmaqla, 2020 fərdi, 29 ümumi yaşayış evi olub. İşğal zamanı 2020 evdən 1500-ü dağıntılara məruz qalıb. Laçın şəhəri təhvil verildikdən sonra dövlətin müəyyən qurumları tərəfindən invertarlaşma işləri aparıldı. Bu zaman təxminən 500-ə yaxın fərdi yaşayış evi və inzibati bina sağlam idi. Biz işə ilkin olaraq bunlardan başladıq. Sözügedən evlərin kimə aid olması ilə bağlı araşdırma aparıb, siyahı hazırladıq. Minadan təmizləmə işləri tam başa çatmadığına görə qismən yararlı evlərlə bağlı da işlərə başladıq. Laçın şəhərində ümumilikdə 333 min metrə qədər kommunikasiya işləri aparılıb. Biz relyeflə əlaqədar olaraq ciddi çətinliklər yaşadıq. Əslində magistral yolları daha geniş nəzərdə tutmuşduq. Lakin qayalıq, sərt relyef, həm də bəzi yerlərdə evlərə toxunmamaq üçün yolların genişləndirilməsi prosesini apara bilmədik. Şəhərin ara küçələrindəki bütün yolları bərpa etməyə başladıq ki, gələcəkdə sıxlıq yaşanmasın. Laçın kiçik ərazi olmasına baxmayaraq, artıq burada 60 kilometrə yaxın şəhərdaxili yollar tikilib. Yeraltı magistral xətlərin hamısı çəkilib. Elektrik, qazla bağlı heç bir problem yoxdur. Həmçinin içməli su ilə tam təmin olunub. Şəhər ərazisində 9 su anbarı, 3 yağış sularının toplanma deposu, bir ədəd çirkab suların təmizlənmə qurğusu fəaliyyət göstərir. Laçın şəhərinə Xırmanlar ərazisindən, dəniz səviyyəsindən 1800 metr hündürlükdən alternativ su kəməri çəkmişik. Kəmər təbii mənbədən, bulaq sularından çəkilib. Uzunluğu 8900 metr olan kəmərin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb. Kəmərin çəkilişini qısa müddətdə başa çatdırdıq. Açılış mərasimi Ulu Öndərin 100 illiyinə - may ayının 10-na təsadüf etdi. Başqa bir məqsəd bu dağda olan ərazinin daim yaşıl saxlanmasıdır. Bütün kommunikasiyalar tamamən bitib. Noyabrın 7-də Laçın şəhəri və Zabux kəndinə mavi qazın verilməsi təmin edilib. Qazın layihə konseptində Füzuli tərəfdən Zəngilan istiqamətində qaz çəkilişi gözlənilirdi. İlkin olaraq 150 evdə qaz birləşmələri işləri aparılıb. Amma artıq birləşmə prosesi 300-ü keçib. Bu da mərhələli şəkildə köçlə bağlıdır. Laçında 712 obyekt üzərində tikinti-quruculuq işləri davam etdirilir. Onlardan 75-i qeyri-yaşayış, 628-i fərdi yaşayış, 9-u ümumi yaşayış yeridir. 9 ümumi yaşayış massivi 144 mənzildən ibarətdir.

- Bəs, qışı sərt keçən Laçında mənzillərin isidilməsi necə həyata keçirilir?

- Laçının soyuq iqlimini nəzərə alaraq, bütün evlərdə kombi istilik sistemi qurulub. Günəş şüalarının çox olduğu yerlərdə dam örtüklərində elektrik panelləri quraşdırılıb. Bu da alternativ enerji üçün istifadə olunur.

LACİN EN SON.jpeg (111 KB)

- Şəhərin arxitektura üslubu göz oxşayır… Buna necə nail oldunuz?

- Laçın şəhərinin klassik xalq memarlıq üslubu var. Tikinti işləri qaya daşları ilə aparılıb. Biz “Laçın olduğu kimi bərpa olunsun”, deyə göstəriş almışıq. Buna görə də, maksimal olaraq xalq memarlıq üslubunu qoruyub saxlamağa çalışdıq. Buna da nail olduq. Laçın amfiteatr kimi olduğundan biz klassik xalq memarlıq üslubu ilə yanaşı, Şərq-Qərb memarlıq üslubunu da tətbiq etdik. Bu təkrarçılığın olmaması fərqlilik üçün vacib idi. Tikinti işlərində standartlara uyğun materiallardan istifadə olundu. Müəyyən tarixi gözəllikləri olan obyektləri biz qoruyub-saxlamağa xüsusi diqqət göstərdik. Laçın şəhəri salınanda tikilən ilk obyektlərin hətta balaca bir hasarı qalmışdısa, onu dolğu ilə bərkitdik. Bayraq meydanına getdikdə bunun şahidi olacaqsınız.

- Laçındakı Bayraq meydanı nə ilə seçiləcək?

- Bayraq meydanı tamamilə fərqli düşünülüb. Bayraq meydanından baxdığımız ərazidə təxminən 22 evin olduğu ərazidə açıq hava işğal muzeyi tikilir. Burada məqsəd erməni vandalizmini təsvir etməkdir. Mərkəzi küçəni turistik ərazi kimi nəzərdə tutmuşuq. Burada nəqliyyat vasitələrinin hərəkəti qadağan olunur. Belə demək mümkündürsə, bura Bakının “Tarqovı”sı - Nizami küçəsi kimi olacaq. Bu küçənin sağ və sol hissəsində tarixi tikililər mövcuddur. Küçənin sonunda əvvəllər Laçın Mədəniyyət Mərkəzi yerləşirdi. İşğal dövründə ermənilər onu dağıdıb. Amma onun yerində yeni konsert mərkəzi tikilib. Eləcə də teatr və gənclər mərkəzləri də inşa olunub. Bayraq meydanının yerləşdiyi küçənin yeni adı Ümummilli Lider Heydər Əliyevin adını daşıyacaq.

- Bilirik ki, mədəni sahələrə, sakinlərin mədəni istirahətinin təşkilinə də önəm verilir. Konsert Mərkəzi, kinoteatr barədə ətraflı məlumat verərdiniz zəhmət olmasa…

- Konsert Mərkəzi 370 yerdən ibarətdir. Bu yerlərin 360-sı normal, 4-ü fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulub. Teatr Mərkəzi açıq, qapalı, eləcə də aktyorluq mərkəzi olmaqla fəaliyyət göstərəcək. 1974-cü ildə Laçın şəhərində kinoteatr mərkəzi vardı. Ermənilər işğal dövründə onu dağıtmış, bir hissəsində kiçik təsərrüfat yaratmışdılar. Həmin binaya baxış keçirəndə onun tam yararsız olduğunu gördük. Lakin Laçın sakinlərinin nostalji hisslərini nəzərə alaraq, oranı bərpa etməyi qərara aldıq. Mən deyərdim ki, kinoteatr Laçında olan tikililərin şah əsəridir. 230 yerdən ibarət olan kinoteatr ən son texnologiyalarla təchiz olunub. Bayraq Günü həmin teatrın açılışı oldu. Kinoteatr, Konsert Mərkəzi, Gənclər Mərkəzi olan küçə mədəniyyət küçəsi olacaq. Qədimliyi də qorumaqla yanaşı, Laçında yenilik olaraq 530 metrlik məsafədə tramvay xətti çəkmişik.

MUSAHİB YENİ.jpeg (142 KB)

- Maraqlıdır, Laçında internetlə bağlı problem varmı?

- Laçında artıq bir neçə internet provayderi fəaliyyət göstərir. İnternetlə, eləcə də rabitə ilə bağlı heç bir problem yoxdur.

- Bəs, hər kəsi maraqlandıran və ölkə miqyasında aktual olan məsələ - əhalinin məşğulluğu ilə bağlı hansı işlər görülür?

- Əhalinin məşğulluq məsələsi prioritetdir. Laçın əhalisinin sosial durumunun artırılması üzrə dövlət proqramına uyğun olaraq, quruculuq işi başlayarkən ilk buna diqqət göstərmişik. Yanvar ayından Laçın sakinləri ilə görüşlər keçirməyə başladıq. Laçın şəhərinin 8 metrlik yaxınlığında - Zeyirdi kəndi ərazisində olan 52 hektar ərazidə Aqro və Sənaye parkı inşa etdik. Aqro və Sənaye parkında 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur. 46 müəssisə üzrə 1169 vakansiya mövcuddur. Biz artıq 430 nəfər Laçın sakinini işə götürmüşük. 7 müəssisə öz fəaliyyətinə başlayıb. Digər müəssisələr də yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

İstehsal sahəsi 4800 kvadratmetr olan “Aydınoğlu” mebel fabriki isə artıq qurulub. Mebel fabrikinin bütün texnologiyaları Türkiyə istehsalıdır və yeni standartlara cavab verir. Burada 54 nəfər işləyir. Bununla yanaşı, ayaqqabı istehsalı, tekstil, efir yağlarının istehsalı, seleksiya sahələri, istixanalar var. İstixanalarda nadir bitkilər yetişdirilir. Fəaliyyət göstərən istixana komplekslərinin sayı 12-dir. Artıq bu istixanalarda məhsuldarlıq da var.

SOHBET YENİ.jpeg (56 KB)

- İstehsal olunan məhsulların daxili və xarici bazara çıxarılması ilə bağlı planlar necədir?

- Biz Laçın brendi yaradacağıq. Hələ ki, istixanalarda olan məhsullar Laçın sakinləri üçün nəzərdə tutulur. Lakin məhsullara daxili bazarda artıq tələbat yaranıb. Biz bu il bal və digər məhsulların istehsalına başlamışıq və qablaşdırmaya olduqca böyük əhəmiyyət vermişik. Belə deyim ki, məhsulun qiyməti qabından ucuzdur. (Gülür) Çünki biz gələcəkdə dünyaya çıxışı təmin etmək istəyirik. Bunun üçün marketinq işləri də aparılır. İnsanları işlə təmin edərkən onları müəyyən kurslara cəlb edirik. Elə sahələr var ki, onlar Laçında yoxdur. Neft-qaz sahəsini buna misal gətirmək olar. Amma həmin adam Laçına köçəcək və burada müəyyən sahədə çalışıb, pul qazanmalıdır. Vakansiyaları müəyyən etdikdən sonra insanlarla görüşürük və kim hansı sahəni istəyirsə, ona uyğun hazırlıq kursları keçirik. Darıkaha ərazisində peşəyönümlü kurslar açmışıq. Burada peşəyönümlü təhsil almaq mümkündür. Laçında investisiya üçün qapılar açıqdır. Belə bir addım atılıb. Qapalı və açıq tipli yarmarkalar hazırlanıb. Burada sakinlər öz məhsullarını sata bilir. Buraya ətraf ərazilərdən mallarını satmaq, yaxud alış-veriş üçün gələnlərdən ötrü gecələmə yeri də var.

LACİN NEV.jpeg (127 KB)

- “Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb”, “sadə çay verilmir” kimi iddialar var. Bu barədə nə deyə bilərsiniz?

- Bunlar hamısı cəfəngiyyatdır. İstənilən halda hər bir insan öz istəyinə uyğun hərəkət edə bilər. Məsələn, bəzi insanlar bir manatlıq çay içə bilərlər. Lakin insan da var ki, 20-30 manatlıq çay seti götürə bilər. Bunlar fərqli yanaşmalardır. Nəzərə almaq lazımdır ki, bura Bakının mərkəzi deyil. Məhsullar başqa yerlərdən gəldiyi üçün daşıma xərcləri də var. Odur ki, bunu nəzərə almaq lazımdır. Məhz ona görə də biz yerli istehsala önəm veririk.

Artıq Laçında modul tipli xəstəxana, 2 nömrəli məktəb, aptek, market fəaliyyət göstərir. Məktəblərin servis avtobusları var. Avtobus ödənişsiz şəkildə uşaqları evlərindən məktəbə, məktəbdən evlərinə aparır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə bir yerdə elektron xəritə üzərində ictimai nəqliyyatın marşrutları müəyyən edilib. Zabux kəndindən Laçın şəhərinə, Laçın şəhər mərkəzindən Aqro və Sənaye Parkına, Darıkaha kəndindən şəhərdaxili üç istiqamətdə marşrutlar artıq təyin olunub.

BİNALAR SON.jpeg (153 KB)

- Elnur bəy, bir ara şəhər qəbiristanlığının dağıdıldığı ilə bağlı iddialar gündəmə gəlmişdi. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Biri Darıkahada olmaqla, ümumilikdə Laçın şəhərində 4 qəbiristanlq var. Məsələn, ən qədim qəbiristanlıqlardan biri Abdallar deyilən ərazidədir. Ancaq bu gün orada 5-6 məzar ya var, ya yox. Orada vəziyyət elədir ki, hətta insan sümüklərini görmək mümkündür. Digər məzarlıqları yabanı bitkilər örtmüşdü. Burada abadlıq işlərinin aparılması konseptimizdə olmasa da, humanist addım atdıq. İnsanların qəbirləri rahat ziyarət etməsini nəzərə alaraq, yaşıllaşdırma ilə məşğul olan qrupumuz ərazidə təmizləmə işləri apardı. ANAMA da bu işdə bizə kömək etdi. Biz bu zaman dəhşətli faktlarla üzləşdik. Mərmər tipli qəbir daşları tamamilə istifadə üçün aparılmışdı, digər qəbirlər də dağıdılıb. İnsanların gəlib dağıdılmış qəbirləri görməsinin yaxşı hal olmadığını nəzərə alaraq, qəbir daşlarının yenilənməsi istiqamətində qərar verdik. Şəhər qəbiristanlığında 264 məzar müəyyənləşdirə bildik. 300 standart qəbir daşları sifariş etdik. Artıq onların böyük qismi quraşdırılıb. Düzdür, geniş quruculuq-abadlıq işləri getdiyi, vətəndaşlar portalla gəldikləri üçün sakinlərin iştirakı olmadı. Müəyyən qalıqları məzarların yanında saxladıq ki, insanlar gələndə yaxınlarının məzarlarını tanıya bilsinlər. Qəbir daşlarının şəkil və ad yerlərini də boş saxladıq.

- Bütün bu işləri qarşı tərəfdəki düşmən də izləyir, heç şübhəsiz. Necə bilirsiniz, Ermənistan bir daha Laçına hücum etməyə cəsarət edə bilərmi?

- Bizim güclü ordumuz var. Sərhədlərimiz möhkəmləndirilib. Bizim qarşı tərəfdən heç bir gözləntimiz və qorxumuz yoxdur. Siyasi baxımdan biz qarşı tərəfə düşmən kimi də baxmırıq. Çünki biz sülh tərəfdarıyıq.

- Laçını hansı istiqamətdə genişləndirmək nəzərdə tutulub? Yaşayış binaları neçə mərtəbəli olacaq?

- Şəhərin baş planı üzrə hərəkət olunur. Bölünmüş ərazilər var. Təbii ki, şəhərdə bir sıra hündürmərtəbəli binalar da olacaq. Laçın şəhəri 3838 ailədən - 13 122 nəfərdən ibarətdir. Biz qayıdacaq insanların sayını daha yüksək götürməyə çalışırıq. Şəhər 18 min nəfər əhaliyə hesablanıb. 2040-cı ilə qədər nəzərdə tutulan işlər həyata keçiriləcək. Qayıdış zamanı bu rəqəm 13-14 min ola bilər. Çünki işğaldan əvvəl Laçın qeydiyyatı olub, lakin daha sonra başqa rayonda qeydiyyata düşən şəxslər də var.

QEBİRLER.jpeg (122 KB)

- Siz şəhərin tarixi memarlıq üslubunu qoruyub saxladığınızı dediniz. Lakin sosial şəbəkələrdə gördüyünüz işlərlə bağlı tamam fərqli və yanlış fikirlər səsləndirilir. Bu, nədən qaynaqlanır?

- Görülən işlərdə əlbəttə ki, qüsurlar olur. Əsrlərlə qurulan şəhəri bir ilə bərpa etmək olmaz. Biz oktyabr ayında işə başlamışıq. İlk vaxtlarda burada işıq, qaz, su olmayıb. Biz bu ofisdə metlaxın üstündə yatırdıq. Bura işğaldan yeni azad olunduğu üçün normal ustaları tapıb gətirmək çox çətin idi. Laçınlıların öz evləri ilə bağlı xatirələri var. Odur ki, ən yüksək standartlı, müasir evləri tikib, həmin şəxslərə təqdim etsən, onlar yenə də köhnə pəncərələrini axtaracaqlar. Bu gün evlərlə bağlı tələblər bitməz. Ancaq edilən müraciətləri də nəzərə alırıq. “Haranı gördüm, ev tikim” söhbəti olmayıb. FHN əməkdaşları “tikintiyə, bərpaya yararlıdır” rəyi verdikdən sonra işə başlamışıq. Sosial şəbəkələrdə bəzi “klaviatura qəhrəmanları” var ki, gündəmdə qalmaq üçün belə narazılıqlar olduğunu irəli sürürlər.

- Bəs, sizin laçınlı kimi öz yurddaşlarınıza mesajınız nədir?

- Laçınlılar işğalla əlaqədar olaraq Azərbaycanın 59 digər rayonlarına köçüblər. Orada müxtəlif qohumluq əlaqələri qurublar. Laçınlı ailələrin övladları yeni bir mühitdə böyüyüblər. İstər-istəməz həmin ərazidə yaşayan toplumun mentalitetini götürüblər. Yəni Laçına 59 yeni mentalitet gələcək. Bu, inkişaf deməkdir. Biz laçınlılar olaraq ən böyük qayıdış mədəniyyəti nümayiş etdirməliyik. İnsanların istəyinin bitməməsi normaldır.

- Köç edənlərdən geriyə qayıdanlar oldumu?

- Tamamilə geri qayıdan olmayıb. İşi ilə əlaqədar geriyə qayıdan insanlar var. Lakin onların ailələri Laçında qalır. Bir neçə günlük işlə əlaqədar gedib, yenidən ailələrinin yanına qayıdırlar. Dənizdə, neft-qaz sənayesində, dövlət müəssisələrində işləyənlər var. Nəzərə almalıyıq ki, hələ dövlət qurumlarının hamısının Laçında filialları yoxdur. Məsələn, adam var ki, SOCAR-da işləyir və pensiyaya çıxmasına 7 ay var. Bu adam 7 aydan ötrü pensiyadan məhrum olmaq istəmir. Lakin tamamilə geri qayıdanlar olmur.

QEBİRLER YENİ.jpeg (143 KB)

- Zəruri ərzaq məhsullarının, dərmanların gətirilməsində problem yoxdur ki?

- Artıq Laçında marketlər var. Kənd təsərrüfatının satış məntəqələri mövcuddur. Buraya hər şey gəlir.

- Buraya köçən ailələrin övladları dərhal dərslərə başlaya bilirmi?

- Əlbəttə. Elm və Təhsil Nazirliyi bu məsələni diqqətdə saxlayır. Məsələ elektron səviyyədə həll edilir. İnsanların övladlarının təhsil almasında problem yoxdur.

- Uzun həsrətdən sonra Laçına qayıdan adamları qarşılayırsınız. May ayından başlayan bu prosesdə sizin yadınızdan çıxmayacaq hansısa əhvalat danışa bilərsinizmi?

- Mənim atam usta olub. Mən Laçına ilk gələndə, evlərin abadlıq işlərinə yanaşanda atamın əl işlərini görürdüm. Bu, çox böyük psixoloji sarsıntıdır. Bir sakinimiz var idi, ona açar təqdim ediləndən sonra oradan evinə qədər dayanmadan ağlaya-ağlaya getdi. O evə girəndə görünüş onu maraqlandırmadı. Həyətində, bağçasında hər hansı bir ağacı axtarıb tapmağa çalışdı. Çünki onunla bağlı xatirəsi var idi.

SOHBET SON.jpeg (70 KB)

- Sizin öz eviniz dururmu, yoxsa işğal zamanı dağıdılmışdı?

- Ata evim durur. İlk dəfə şəhərə gələndə məktəbimizə getdim. Onun sadəcə divarları qalmışdı. Evin yolunda gözlədim. Orada məni nə gözlədiyini bildiyim üçün getmək istədim. Yalnız səhər getdim ora…

Elşad Paşasoy,
Musavat.com
Bakı-Laçın-Bakı

25.11.2023 12:10
6170