Laçında yaralanan hərbçimizin vəziyyəti necədir?- VİDEO

Laçın-Xankəndi yolunun başlanğıcında qurulan “Laçın” Sərhəd Nəzarəti Məntəqəsində xidmətdə olarkən erməni təxribatı nəticəsində güllə yarası alan hərbi qulluqçu Elşən Rüstəmov əməliyyat olunub.

“Qafqazinfo”nun əməkdaşı Elşən Rüstəmovun müalicə olunduğu Klinik Tibbi Mərkəzə (KTM) baş çəkərək onunla görüşüb, vəziyyəti ilə maraqlanıb.

Söhbət zamanı gizir Rüstəmov düşmən təxribatı ilə üzləşməsindən danışıb:

“Xidməti ərazimizdə üçrəngli zəfər bayrağımızı ucaldarkən düşmən növbəti dəfə təxribata əl atdı, bizi atəşə tutmağa başladı. Bu zaman mən sol ayağımdan güllə yarası aldım. Bundan sonra dərhal heyətimiz tərəfindən Füzuli rayonu ərazisindəki hərbi hospitala yerləşdirildim. Orada mənə ilkin tibbi yardım göstərildi, həkim tövsiyyəsi ilə Bakıya göndərildim”.

Hadisədən sonra KTM-də əməliyyat olunan hərbçimiz hazırda özünü yaxşı hiss edir: “Mənə göstərilən diqqət və qayğıya görə klinikanın həkimlərinə və Dövlət Sərhəd Xidməti rəhbərliyinə təşəkkür edirəm. Tez bir zamanda ayağa qalxıb sərhədçi peşəmi davam etdirəcəyəm. Sərhədçi olmağımla qürur duyuram!”



19.06.2023 16:11
417