Laçın yolunda viza rejimi tətbiq olunacaq: Araik Ağdam yolunun açılacağını, Azərbaycandan enerji veriləcəyini bildirib

Kremlin "Rusiya vətəndaşı" layihəsi də batdı, Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiyası qarşısıalınmaz prosesə çevrilir... Rəsmi Bakı bölgənin Ermənistanla qeyri-qanuni nəqliyyat-kommunikasiya əlaqəsini tamamilə kəsmək niyyətindədir, bu məsələ sülh sazişindən sonra birmənalı şəkildə beynəlxalq hüquq normaları ilə tənzimlənəcək...

Cənubi Qafqazda sülh prosesinin həlledici mərhələsi artıq başlayıb. Bu prosesin ləngidilməsi və ya geriyə dönüş variantları demək olar ki, reallıqdan uzaqdır. Hər halda, regionda sülhün və sabitliyin təmin edilməsinin qaçılmaz olduğunu indi bütün iştirakçı tərəflərin əsas gündəminə çevrilmiş kimi görünür. Və Cənubi Qafqazın ötən əsrin sonlarına qaytarılmasının mümkün olmayacağı qəbul edilib.

Cənubi Qafqazda SÜLH: Biz nə istəyirik, ermənilər nə?.. » "Dünya"  informasiya agentliyi

Məsələ ondadır ki, rəsmi Bakı son dövrlərdə üzləşdiyi bütün xarici ermənipərəst təzyiqlərə tab gətirməyi bacardı. Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunu beynəlxalq siyasi dairələrə qəbul etdirdi. Və BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan diplomatiyasının böyük qələbəsi rəsmi Bakının hədəflərinin beynəlxalq hüquq çərçivəsində legitimliyini növbəti dəfə təsdiqlədi.

Təbii ki, bundan sonra Cənubi Qafqazın gələcək taleyi birmənalı şəkildə Azərbaycanın geopolitik iradəsi ilə həll ediləcək. Ermənistan isə tədricən oyundankənar vəziyyətə salınmaqdadır. Beynəlxalq himayədarlarınin ənənəvi dəstəyinin öz əhəmiyyətini itirmək üzrə olması indi rəsmi İrəvanı yalnız Ermənistanın mövcudluğunu qorumaq üzərində indeksləşmək məcburiyyətində buraxır. Və bu baxımdan, Azərbaycanın Qarabağ bölgəsində olan erməni separatçı-terrorçuların gələcək taleyi də yalnız rəsmi Bakının qərarlarından asılı vəziyyətə düşüb.

Rəsmi Bakı: “Azərbaycanın ərazilərində yaşayan ermənilərin reinteqrasiyası  tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulmalıdır” | Report.az

Təbii ki, rəsmi Bakının bütün "ipləri" öz əlində cəmləşdirməyə nail olması Xankəndi və ətraf bölgədəki situasiyaya birbaşa təsir göstərir. Belə ki, erməni separatçı-terrorçuların indi nə beynəlxalq siyasi dairələrdən, nə də Ermənistandan dəstək almaq şansı qalmayıb. İndi erməni separatçı-terrorçular rəsmi Bakının verəcəyi qərarların yalnız ümumi deyil, həm də fərdi olaraq, onların hər birinin şəxsi taleyini belə, müəyyən edəcəyi ilə barışmaq üzrədirlər.

Belə vəziyyətdə hərbi-siyasi proseslərin əsas ağırlıq mərkəzi də məhz Azərbaycanın Xankəndi və ətraf bölgəsinin daxilinə sıçramağa başlayıb. İndi Xankəndi və ətraf bölgədə olduqca ciddi proseslərin cərəyan etdiyi müşahidə olunmaqdadır. Üstəlik, bu proseslər böyük ölçüdə Azərbaycanın maraqlarına cavab verir. Xüsusilə də, erməni separatçı-terrorçular arasında gərginliyin artması, kəskin qarşıdurmanın mövcudluğu ciddi ziddiyyətlərdən xəbər verir.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda strateji maraqları olan Rusiya da mövcud reallığı artıq qəbul etmiş kimi görünür. Hər halda, Kreml Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan Rusiya vətəndaşlarını oradan çıxartmağa başlayıb. Bəzi məlumatlara görə, son bir həftə ərzində bölgədən təxminən 150 nəfərə yaxın Rusiya vətəndaşı çıxarılıb. Və bu, Kremlin rəsmi Bakıya birbaşa təzyiq üçün işə salmağa çalışdığı "Rusiya vətəndaşı" projesinin artıq iflasa uğraması deməkdir.

Inside the Kremlin walls - BBC Travel

Məsələ ondadır ki, Kreml 44 günlük savaşdan sonra Azərbaycanın Xankəndi və ətraf bölgəsində kütləvi şəkildə ermənilərə Rusiya vətəndaşlığı paylayırdı. Rəsmi Bakıya Qarabağda Rusiyanın himayəsində olan kütlənin mövcudluğu ilə bağlı təhdid mesajı verirdi. Son nəticədə Qarabağda da Abxaziya və Cənubi Osetiya variantının reallaşdırıla biləcəyinə eyham vururdu.

Ancaq rəsmi Bakının çevik alternativ manevrləri və prinsipial davranışları Kremlin bu məkrli planını pozmuş oldu. Kremlə anladıldı ki, Qarabağda eyni Rusiya oyunları keçərli olmayacaq, Azərbaycan buna qarşı ən radikal addımları atmaqdan çəkinməyəcək. Üstəlik, Azərbaycanın Rusiya üçün geopolitik əhəmiyyəti də Kremli həmin variantlar üzrə hərəkət etməkdən çəkindirdi.

Nəticədə indi Kreml vaxtilə Rusiya vətəndaşlığı payladığı erməniləri Qarabağ bölgəsindən çıxartmaq məcburiyyətində qalıb. Çünki rəsmi Bakı xarici ölkə vətəndaşlarının Qarabağ bölgəsində hər hansı bəhanə altında qalmasına imkan verməyəcəyini Kremlə anlatmağı bacarıb. Və Kreml də rəsmi Bakının bu prinsipial mövqeyi ilə barışmaq məcburiyyətində qalıb.

Qarabağ erməniləri hansı ölkələrə köçəcəklər?

Digər önəmli məqam ondan ibarətdir ki, erməni separatçılar arasında indi Qarabağın Azərbaycana reinteqrasiyası ilə bağlı məsələ ciddi müzakirə mövzusudur. Bu müzakirələr onların arasında kəskin ziddiyyətlər və qarşıdurma mühiti yaradır. Hazırda Azərbaycana reinteqrasiya prosesinə ən ciddi müqaviməti Kremlin "təxribat emissarı" Ruben Vardanyan göstərməyə çalışır. Bu fırıldaqçı milyarder Azərbaycana qarşı silahlı təxribatlara çağırır və reinteqrasiya tərəfdarı olanları birbaşa xəyanətdə suçlayaraq, şantaj edir.

Maraqlıdır ki, hazırda erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan və Ruben Vardanyan arasında münasibətlər məhz düşmənçilik həddinə çatıb. Ruben Vardanyanın Xankəndi və ətraf bölgəyə tam nəzarəti ələ keçirtmək cəhdləri kəskin qarşıdurmaya yol açıb. Bəzi məlumatlara görə, Ruben Vardanyan Araik Arutyunyanın "istefa"sına nail olmağa və qeyri-qanuni erməni terror dəstələrinə ümumi rəhbərliyi ələ keçirməyə can atır.

Ancaq Araik Arutyunyan Ruben Vardanyana məğlub olmağın onun üçün böyük fəlakətlərə yol aça biləcəyini anlayır. Çünki bu halda, Araik Arutyunyan Ruben Vardanyanın əlində girova çevriləcəyini anlayır. Ən əsası isə Araik Arutyunyan hazırda Paşinyan hakimiyyətinin təlimatları ilə hərəkət etsə də, ilk növbədə öz gələcək taleyi barədə də düşünmək məcburiyyətindədir.

Azərbaycan tərəfində Xankəndi barədə dəqiq məlumatlar var | Kaspi.az

Məsələ ondadır ki, Azərbaycan Araik Arutyunyan barəsində cinayət işi açıb və onu beynəlxalq axtarışa verib. İndiki situasiyada onun Qarabağdan qaçması da demək olar ki, mümkün görünmür. Bölgədən çıxmağa cəhd göstərsə, Azərbaycan sərhədçiləri onu hər an həbs edə bilərlər. Üstəlik, Araik Arutyunyan "istefa" verərək, rəsmi Bakının Xankəndi və ətraf bölgədə Azərbaycanın suveren hüquqlarını bərpa etməsini də gözləyə bilməz.

Belə anlaşılır ki, publika qarşısında nə qədər radikal mövqe tərəfdarı kimi görünməyə çalışsa da, əslində, Araik Arutyunyana Azərbaycanın mərkəzi hakimiyyəti ilə "şəxsi bazarlıq" faktorları və mexanizmləri də olduqca vacibdir. Əks halda, həbsxana perspektivindən yayınmaq onun üçün qeyri-mümkün variant kimi görünür. Və erməni separatçı-terrorçuların rəhbəri artıq bir neçə dəfə "şəxsi bazarlığa" cəhd göstərib.

Maraqlıdır ki, Araik Arutyunyan və onun yaxın ətrafı Yevlaxda birbaşa təmaslara razılaşmışdı. Üstəlik, həmin razılaşmaya Ağdam-Xankəndi yolunun açılması da daxil idi. Ancaq sonradan bu proses pozuldu və məlum oldu ki, rəsmi İrəvan BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yeni təzyiq avantürası planlaşdırıb. Və Azərbaycan diplomatiyasının qələbəsi indi erməni separatçıları yenidən rəsmi Bakı ilə birbaşa təmas məcburiyyətində buraxıb.

Araik Arutyunyan geri addım atdı - Bayram tədbiri olmayacaq | Eurasia Diary

Məsələ ondadır ki, Ermənistanda nəşr olunan "Joxovurd" qəzeti Araik Arutyunyanın xüsusi toplantı keçirərək, Ağdam-Xankəndi yolunun açılacağını bildirdiyini iddia edir. Həmin iddiaya görə, Azərbaycanla reinteqrasiya tərəfdarı hesab olunan hərbi cinayətkar Samvel Babayanın da qatıldığı toplantıda bu məsələ müzakirəyə çıxarılmayıb və sadəcə, artıq reallaşması qaçılmaz fakt kimi təqdim edilib. Araik Arutyunyan məlumat verib ki, Ağdam-Xankəndi yolu ilə ticarət əlaqələri qurulacaq, tikinti materialları, yanacaq, tibbi ləvazimatlar əldə etmək mümkün olacaq. Ancaq ərzaq məhsulları bir müddət Laçın yolu üzərindən və rus sülhməramlıların müşayiəti ilə bölgəyə çatdırılacaq.

Ancaq bu, müvəqqəti xarakter daşıyacaq. Çünki rəsmi Bakı Laçın yolunun istifadəsinin tədricən məhdudlaşdırılacağı barədə artıq xəbərdarlıq edib. Yəni, Azərbaycanın Qarabağ bölgəsi və Ermənistan arasında birbaşa əlaqələr indiki vəziyyətdə beynəlxalq hüquq normalarına ziddir. Tezliklə Laçın yolunun istifadəsi yalnız viza rejiminə uyöunlaşdırılacaq. Yəni, hər iki tərəfə hərəkət yalnız əvvəlcədən viza almaqla, mümkün olacaq.

Azərbaycandan təklif - Ağdam-Xankəndi yolu ilə bağlı

Araik Arutyunyan onu da bildirib ki, Ağdam-Xankəndi yolunun açılmasından sonra reinteqrasiya prosesi növbəti mərhələyə keçəcək. Onun dediyinə görə, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsinə təbii qaz və elektrik enerjisi xətlərinin çəkilişini planlaşdırır. Yəni, tezliklə Xankəndi və ətraf bölgənin bütün enerji təminatı məhz Qarabağın sahibi Azərbaycan tərəfindən reallaşdırılacaq.

Bütün bunlar onu göstərir ki, Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiyası qarşısıalınmaz prosesə çevrilir. Azərbaycan bölgənin Ermənistanla qeyri-qanuni əlaqəsini tamamilə kəsmək niyyətindədir. Və bu məsələ Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasından sonra birmənalı şəkildə beynəlxalq hüquq normalarına uyğun həll ediləcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

23.08.2023 14:55
7955