Yay aylarında Qarabağa səfər edənlərin sayı kəskin artıb. Yerli turistlər Azərbaycanın bu cənnət guşəsini görmək üçün bölgəyə ailəvi, qrup səfərləri təşkil edirlər. Təəssüf ki, səfərlərin sayının artması ilə problemlər yaranıb. Bəzi ərazilər tullantılarla çirkləndirilib. Xüsusilə, zibil qutularının qoyulmadığı yerlərdə vəziyyət acınacaqlıdır.
Qarabağa səfər edən tanınmış şəxslər mövcud durumla əlaqədar sosial media hesablarından vətəndaşlara müraciət ediblər. “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu yazıb:
“Şanlı ordumuz şəhidlər verərək torpaqlarımızı ona görə azad etmədi ki, bir qrup vətəndaş azad olunmuş ərazilərimizi zibilləməyə başlasın. Ailəmlə Qarabağda qaldığım müddətdə yol boyu şübə qabların yerlərə səpələndiyini, selofanların havada uçuşduğunu müşahidə etdim. Birisinin maşınının şüşəsini açacaq Xocalı istiqamətində muğam oxuya-oxuya kənara su şüşəsini atdığının şahidi oldum. İndi guya bu muğam oxumaqla torpaqların azad olunmasına sevinir, o biri tərəfdən də azad olunan torpaqlarımızı zibliiləməklə ərazini yararsız hala gətirir. Bəziləri evindən kənarı ona görə zibillləməkdə qüsur görmür ki, kənarı özününkü saymır. Laçın yolunda uşaqlıq xatirələrimi yeniləmək üçün maşınla Turşsuya döndük. Xeyli maşın və insan var idi, tıxac yaranmışdı, sevindim, ancaq nə olsun ətrafda nə qədər şüşə butulkası, içi dolu selofan gördüm. İndi buna nə ad verək? Sizin tökdüyünüz zibilləri kim təmizləməlidir, yoxsa elə bilirsiz həmin zibillər özü-özünə yox olacaq? Bakıda noyabrda iqlim dəyişikliyi ilə bağlı böyük tədbir keçiriləcək. Bu tədbirə qədər özümüz məmləkətimizdə torpaqlarımızın təmizlənməsi barədə düşünməli, bununla bağlı mövcud qanunları sərtləşdirməliyik. Ətrafı zibilliyən yerində 100 və ya 200 manat cəzalandırılmasa ağlı başına gəlməyəcək, ətrafı ziblilləməkdə davam edəcək”.
Bəstəkar və müğənni Murad Arif də İnstagram hesabının hekayə bölməsində video paylaşaraq vəziyyətdən gileylənib: “Laçın yolunda yarğanda bulaq var. Maşını saxlayıb, piknik edirlər,su götürürlər. Buranı zibilxanaya çeviriblər”. O həmçinin, yazıb: “Laçın...Bu torpaqlar üçün oğullar can qoydu. Bu torpaqlar üçün dövlətimiz olmazın risklərə, müşküllərə qatlandı. Niyə axı belə edirsiniz?”
Nigar HƏSƏNLİ,
Musavat.com