Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış nəzarət-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar məqsədlər üçün istifadəsinə şərait yaradılıb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, BQXK-ya məxsus avtomobillərin keçidi zamanı sənədlər prosedura uyğun olaraq yoxlanılır.
Bundan sonra isə onların sərbəst şəkildə keçidinə şərait yaradılır.
Qeyd edək ki, BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşı Zara Amatuni aprelin 29-dan etibarən təşkilat tərəfindən humanitar daşımaların dayandırıldığını deyib. Buna səbəb olaraq isə bəzi prosedur qaydaların icra edilməsi barədə müzakirələrə ehtiyac olduğunu göstərib.
Ermənilər isə iddia edir ki, nəzarət-buraxılış məntəqəsindən humanitar məqsədlər üçün istifadə edilməsinə guya Azərbaycan tərəfi əngəl yaradır.
Lakin videodan da göründüyü kimi, Azərbaycan sərhədçiləri BQXK-nın humanitar daşımalarına hər hansı əngəl törətmir, sənədləri yoxlayaraq nəzarət-buraxılış məntəqəsindən sərbəst keçid üçün şərait yaradır.