Kütləvi məzarlıqlarla bağlı alternativ hesabat hazırlanacaq

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Münaqişənin torpaq altında qalan izləri” layihəsinin icrasını davam etdirir.

Birlik sədri Asəf Quliyevin Musavat.com-a verdiyi məlumata görə, layihə çərçivəsində azad olunmuş ərazilərdə tapılmış kütləvi məzarlıqlarla bağlı hesabatın hazırlanması nəzərdə tutulur.

“Artıq kütləvi məzarlıqlar olan ərazilərə səfərləri yekunlaşdırmışıq. Məzarlıqlar tapılan yerlərin koordinatları götürülüb. Bundan başqa, müxtəlif kanallarla araşdırmalar da aparmışıq. Araşdırmalar nəticəsinə Xocalı rayonunun Həsənabad kəndi yaxınlığında da kütləvi məzarlığın olma ehtimalı ortaya çıxır. Müxtəlif mənbələrdən aldığımız məlumata görə, ilk təyyarəçimiz, şəhid Vaqif Qurbanovun da orada dəfn olunduğu ehtimal edilir”.

Asəf Quliyev bildirir ki, SSRİ vaxtında Həsənabad kəndi yaxınlığında məntəqə tipli cəzaçəkmə müəssisəsi, burada mühafizəni təşkil edən hərbi bölmə və cəzalı dustaqları saxlamaq üçün müəyyən infrastruktur olub. Qarabağ münaqişəsi başlayanda da bura erməni qanunsuz silahlı birləşmələrinin dayaq məntəqələrindən biri olub.

“Ehtimal etmək olar ki, burada əsirlər saxlanılıb, onlara işgəncə verilib və qətlə yetirilib. Elə burada da dəfn olunublar. Təəssüf ki, Ermənistan tərəfi kütləvi məzarlıqlarla bağlı məlumatları gizlədir. Doğrudur, Azərbaycanın müvafiq strukturu bu sahədə xeyli işlər görüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı araşdırmalar nəticəsində bu günə qədər 20-yə qədər kütləvi məzarlıq aşkar edilib. Amma bəzi hallarda belə məzarlıqlar təsadüflər nəticəsində aşkar olunur. Səfərlərimiz zamanı azad olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərlə söhbətdə bildirdilər ki, Xocalı və Əsgəran arasında qazma işləri aparılan zaman insan cəsədinin qalıqları aşkar olunub. Aidiyyəti orqanlara xəbər verilib və araşdırmalar aparılıb”.

Birlik sədri səfərlər zamanı qarşılaşdığı bir faktı da xüsusi qeyd etdi: “Xocalıda yeni salınmış qəsəbənin ərazisində aşkarlanmış kütləvi məzarlığın koordinatlarını götürən zaman gördüyüm mənzərə çox ağır idi. Kütləvi məzarlıq tapılan yerə güllər düzülmüşdü. Yaxşı olardı ki, tapılmış kütləvi məzarlıqların hər birinin yerində xüsusi bir lövhə vurulsun. Bu gün azad olunmuş ərazilərdə tikinti, quruculuq işləri gedir. Bu, çox sevindiricidir. Amma hər bir münaqişədən sonra tək tikililərin bərpası yox, həm də kollektiv yaddaşın bərpası və gələcək nəsillərə ötürülməsi də vacibdir. Buna görə də kütləvi məzarlıqlar tapılan ərazilərə mütləq xüsusi lövhələr vurulmalıdır. Təkcə Xocalıda yox, o cümlədən Şuşa həbsxanasının həyətində, Daşaltıda, Edillidə, Başlıbeldə”.

Musavat.com

 

30.10.2024 15:00
274