“Kütləni bir məsələ maraqlandırır: kim soyundu...” - Qalmaqallı açıqlama

Xəbər saytlarında iqtisadi, sosial, yaxud siyasi tutumu olan xəbərlər cəmiyyətdə artıq o qədər də maraq oyatmır. Lakin illərdir yerini qoruyan, hətta daha da populyarlaşan şou xəbərləri həmişə gündəmi əhatə edir. Belə xəbərlər istənilən zaman aktual olmağı ilə yanaşı, həm də çox sayda oxucu kütləsi toplayır.

Media orqanlarının bir-birilə İP üzərindən rəqabət apardığını nəzərə alanda sarı xəbərlərin saytlarında hansı yeri tutduğunu təsvvür etmək o qədər də çətin görünmür. Bəs şou xəbərləri, məhşurların şəxsi həyatı, erotik paylaşımları haqda olan məlumatlar gündəmi niyə bu qədər əhatə edir?

Psixoloq Samirə Bağırova “Yeni Sabah”a məsələ barədə danışarkən, sözügedən məsələnin səbəbini belə açıqlayıb:

“Sarı pressa qeybət pressası hesab olunur. Digər adı “Bulvar pressası“dır. Qeybət isə həmişə maraq doğurur. Bildiyimiz kimi qeybət mövzularını kim soyundu, kim boşandı, kim harada səyahət etdi və sairə kimi ucuz göstərişlər əhatə edir. Amma ucuzlaşma dəbə gəldiyindən adi hala çevrilsə də, hələ də sarı pressaya tuş gəlməyənlər var. Məşhur var ki, onun üçün fərq etmir ondan nə yazılır, nə danışılır əsas odur danışılsın, gündəmdə olsun. Yalnız sarı pressaya xidmət edir. Məşhur da var ki, statusu, cəmiyyətdə tutduğu mövqe onun üçün çox önəmlidir və sarı pressadan qaçır”.

Psixoloq bu cür xəbərlərə üstünlük verənlərin ucuz kütlə təbəqəsindən olduğunu da bildirib:

“İnsanlar arasında qeybət edən şəxs diqqət mərkəzinə gəlmək, mövzunu bir az daha abardaraq, əlavələr edərək özünü mərkəzə gətirmiş olur ki, sarı pressanın da məqsədi budur. Qeybətçiyə reaksiya lazımdır, emosiya yaratmaq ona stimul verir. Sarı pressa üçün, həmçinin insanlarda şərhlər və izlənmə sayının çoxluğu önəmlidir. Qeybətçini dinləyən qeybətçi olduğu kimi, ucuz informasiyanın ucuz kütləsi olur”.

28.08.2024 16:31
892