Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Müttəhim kriminal dairələrdə “Kürd Elnur” ləqəbi ilə tanınır.
Musavat.com xəbər verir ki, məhkəməyə hazırlıq iclasında Elnur Abbasovun anket məlumatları dəqiqləşdirilib. Onun vəkili Rəşad Mirmehdizadə vəsatət qaldırıb. O, müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Prokuror Babaxan Həsənəliyev işin baxışa verilməsini təklif edib. Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin vəkilinin təqdim etdiyi vəsatəti təmin etməyib və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib. Məhkəmənin ilk baxış iclası iyulun 17-nə təyin edilib.
Qeyd edək ki, Elnur Abbasov bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
2020-ci ildə “Kürd Elnur” sosial şəbəkələrdə yayılan videoları ilə gündəmə gəlib. Cinayətkarlığı təbliğ edən Elnur Abbasov paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini dərəyə aşırıb.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elnur Abbasov üzərində odlu silah və narkotik vasitələrlə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci ildə çıxardığı hökmə əsasən, Elnur Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib. O zaman Cinayət Məcəlləsinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə ittiham elan olunsa da, məhkəmə istintaqı dövründə bu epizod sübuta yetirilməyib. Elnur Abbasov özünü mərhum kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir.
E.Məmmədəliyev,
Musavat.com